Azərbaycan müstəqil dövlət kimi milli maraqlarının, suverenliyinin və ideoloji təhlükəsizliyinin qorunmasını əsas prioritetlərindən biri hesab edir. Müasir dövrdə informasiya texnologiyalarının sürətlə inkişaf etməsi dövlətlərin qarşılaşdığı təhlükələrin xarakterini də dəyişib. Artıq təhdidlər yalnız fiziki sərhədlərlə məhdudlaşmır, sosial şəbəkələr və müxtəlif informasiya platformaları vasitəsilə yayılan ideoloji təsirlər də milli təhlükəsizlik üçün ciddi çağırışlar yaradır. Dezinformasiya, şayiələr, dini dəyərlərdən siyasi məqsədlərlə sui-istifadə və xarici müdaxilə cəhdləri cəmiyyətin düşüncəsinə, xüsusilə də gənclərin dünyagörüşünə təsir göstərmək məqsədi daşıya bilər. Belə bir şəraitdə Azərbaycanın informasiya məkanının qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və ideoloji təxribatlara qarşı mübarizənin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bəs ideoloji təhdidlər hansı vasitələrlə həyata keçirilir, dövlət və cəmiyyət bu çağırışlara qarşı necə mübarizə aparmalıdır və Azərbaycanın milli maraqlarını, suverenliyini qorumaq üçün hansı strateji addımlar atılmalıdır?
 




Mövzu ilə bağlı Moderator.az-ın suallarını “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb.
 
- İdeoloji təhlükəsizlik nədir və Azərbaycanın milli maraqlarının qorunmasında hansı rol oynayır?
 
- İdeoloji təxribatlar Prezident İlham Əliyevin də Yeni Azərbaycan Partiyasının qurultayında söylədiyi kimi, sərhəd tanımır. Fiziki sərhədləri mühafizə etmək, yad elementlərdən qorumaq mümkündür, lakin ideoloji təxribatların qarşısını almaq daha çətindir. İdeoloji təhlükəsizlik milli dəyərlərin, dövlətçilik ənənələrinin, müstəqilliyin və cəmiyyətin birliyinin qorunması deməkdir. Azərbaycan üçün bu, xüsusilə vacibdir. Çünki ideoloji təxribatlar insanların düşüncəsinə təsir etməklə yanaşı, cəmiyyətdə parçalanma yarada və dövlətin milli maraqlarına zərər vura bilər. Buna görə də milli-mənəvi dəyərlərin qorunması və gənclərin düzgün məlumatlandırılması əsas məsələlərdəndir.
 
- Dövlət, media və cəmiyyət informasiya məkanında yayılan ideoloji təhdidlərə qarşı necə birgə mübarizə aparmalıdır?
 
- Son hadisələr də göstərir ki, müəyyən qüvvələr Azərbaycanda qarışıqlıq və təxribat yaratmaq məqsədilə informasiya təxribatlarına əl atır və Azərbaycan informasiya məkanına müdaxilə edirlər. Şayiələr və dezinformasiyalar yayaraq özlərinə uyğun qruplar formalaşdırmağa çalışırlar. Əlbəttə ki, dövlət də buna qarşı mübarizə aparır və mübarizəni gücləndirir. Bu mübarizədə dövlət qurumları ilə yanaşı, medianın və cəmiyyətin də üzərinə mühüm vəzifələr düşür. Media məlumatları dərc etməzdən əvvəl yoxlamalı, saxta xəbərlərin yayılmasının qarşısını almalı və insanlara etibarlı informasiya təqdim etməlidir. Vətəndaşlar isə sosial şəbəkələrdə qarşılaşdıqları hər bir məlumatı araşdırmadan paylaşmamalıdırlar. Xüsusilə gənclərdə media savadlılığının artırılması ideoloji təxribatlara qarşı dayanıqlılığın gücləndirilməsinə kömək edə bilər.
 
- Dini dəyərlərdən siyasi məqsədlərlə istifadə olunmasının qarşısını necə almaq olar?
 
- Dini dəyərlərdən sui-istifadə halları da ideoloji təxribatların nümunələrindən biridir. Bəzi qüvvələr insanların dini inanclarından istifadə edərək onları müəyyən siyasi məqsədlərə yönəltməyə, cəmiyyətdə qarşıdurma yaratmağa çalışa bilərlər. Bunun qarşısını almaq üçün dini maarifləndirmə gücləndirilməli, insanlara dini dəyərlərlə siyasi manipulyasiya arasındakı fərq izah olunmalıdır. Eyni zamanda, dini inanclara hörmət qorunmalı, din adı altında nifrət və qarşıdurma yaradan çağırışlara qarşı qanun çərçivəsində tədbirlər görülməlidir. Əsas məqsəd insanların dini inanclarını qorumaqla yanaşı, həmin inanclardan cəmiyyətin birliyinə və dövlətin maraqlarına qarşı istifadə edilməsinin qarşısını almaqdır.
 
- Xarici ideoloji təsirlərin Azərbaycanın daxili sabitliyinə və suverenliyinə təsir imkanlarını məhdudlaşdırmaq üçün ölkə hansı strateji addımları atmalıdır?
 
- Azərbaycan müstəqil dövlətdir və müstəqil qərarlar verir. Prezident İlham Əliyevin də söylədiyi kimi, heç bir dövlətin Azərbaycanın qərarlarına və daxili işlərinə qarışmaq hüququ yoxdur. Azərbaycan başqa ölkələrə ağıl öyrətmədiyi kimi, digər dövlətlər də Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Azərbaycanın milli maraqlarını və suverenliyini qorumaq üçün informasiya təhlükəsizliyi gücləndirilməli, xaricdən yayılan dezinformasiyalara qarşı operativ və əsaslandırılmış cavab mexanizmləri yaradılmalıdır. Bununla yanaşı, milli maraqlara əsaslanan müstəqil siyasət davam etdirilməli, gənclərin milli-mənəvi dəyərlərə bağlılığı və tənqidi düşünmə qabiliyyəti inkişaf etdirilməlidir. Uzunmüddətli perspektivdə əsas məqsəd yalnız təhdidlərə cavab vermək deyil, həm də cəmiyyətin bu təhdidlərə qarşı müqavimətini gücləndirmək olmalıdır.
 
Ayxan Cəfərov