Rusiyada dörd Çin markasına məxsus yük maşınlarının və bir sıra xüsusi texnikanın dövriyyəsinə məhdudiyyət qoyulub. Yoxlamalar zamanı nəqliyyat vasitələrində təhlükəsizlik tələblərinə uyğun olmayan bir sıra çatışmazlıqlar aşkarlanıb.
Moderator.az xəbər verir ki, Rusiyanın Federal Texniki Tənzimləmə və Metrologiya Agentliyi (Rosstandart) Dongfeng, Foton, XCMG və JAC markalarının müəyyən modellərinin buraxılışını qadağan edib.
Məhdudiyyətlər DFRZ-35 (Dongfeng), 77N5BJ (Foton), XCT50G5-1S (XCMG) və K7 (JAC) modellərinə şamil olunur. Bundan başqa, JAC, Kia, Shacman, FAW və Ford markalarının bazasında hazırlanmış bəzi xüsusi və ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə bağlı da oxşar qərarlar qəbul edilib.
Yoxlamalar zamanı əyləc sistemlərində, işıqlandırma və siqnalizasiya qurğularında, təhlükəsizlik kəmərlərinin bərkidilməsində və kabinlərin qorunmasında nöqsanlar müəyyən edilib. Həmçinin işlənmiş qazlar, səs-küy səviyyəsi və qəza zamanı mühafizə sistemləri ilə bağlı tələblərə uyğunsuzluqlar aşkarlanıb.
Rosstandartın məlumatına görə, bu çatışmazlıqlar yol-nəqliyyat hadisələri zamanı sürücülərin və digər şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yarada bilər.
İstehsalçıların və onların nümayəndəliklərinin problemli məhsulların satışını dayandırdığı, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlər hazırladığı bildirilir. Rosstandart müvafiq proqramların təsdiq üçün təqdim olunmasını gözləyir.
Agentlik daha əvvəl Shacman SX3258 modelinin təkərli nəqliyyat vasitələrinə tətbiq edilən məhdudiyyətləri də aradan qaldırıb. Buna səbəb yoxlamalar zamanı müəyyən edilmiş problemlərin aradan qaldırılması olub.
Qeyd edək ki, Rusiyanın aparıcı yük maşını istehsalçısı KAMAZ 2026-cı ilin birinci yarısında 21,8 milyard rubl xalis zərər açıqlayıb.