“Əgər son on ildə müəyyən problemlər  hər il  müzakirə olunursa, bu  yalnız problemlərin mürəkkəbliyini deyil,  həm də idarəetmə mexanizmlərinin səmərəsizliyini göstərir...”
 




“Anlamalıyıq ki, yaxşı təhsil öz-özünə yaranmır.”   (Emin Əmrullayev) 
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, dosent İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Yaxşı təhsil öz-özünə yaranmır...”   başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

Azərbaycanın elm və təhsil nazirinin yuxarıda təqdim edilən fikri, əslində, təhsil idarəçiliyinin ən sadə, həm də ən mühüm həqiqətlərindən birini ifadə edir. Yaxşı təhsil həqiqətən də öz-özünə yaranmır. Onun arxasında düşünülmüş,  elmi tədqiqatlara əsaslanan  strategiya, peşəkar idarəetmə, güclü müəllim, keyfiyyətli kurikulum, adekvat maliyyələşmə, düzgün qiymətləndirmə, data əsaslı qərarvermə və ən əsası, əldə olunan nəticəyə görə məsuliyyət dayanır.
 
Lakin bu fikrin ikinci və daha çətin tərəfi vardır: yaxşı təhsil öz-özünə yaranmırsa, onu yaratmaq üçün konkret olaraq nə etmək lazımdır?  Kim bunu etməlidir? Niyə 30 ildə bunu edən tapılmadı? 
 
Burada təhsil siyasətinə  tələbat yaranır.  Təhsilin problemlərini sadalamaq  asandır. Bunu  bir çox  müəllim və  valideyn də edə bilər. Müəllim hazırlığının problemlərindən, kurikulumun çatışmazlıqlarından, qiymətləndirmənin zəifliklərindən, regionlararası fərqlərdən, rəqəmsal transformasiyanın zəruriliyindən, süni intellektin yaratdığı yeni çağırışlardan danışmaq  olar.   
 
Lakin problemi müəyyən etmək hələ onu həll etmək demək deyil.
 
Təhsil idarəçiliyinin əsas sualı “problem nədir?” sualının davamı ilə gələn “onu necə həll edəcəyik,  bu  nəticəni necə ölçəcəyik?” sualıdır.
 
Əgər yaxşı təhsil öz-özünə yaranmırsa, deməli, onu  yaratmaq lazımdır. 
 
Dövlət   ETN  ona görə yaradıb ki, bu qurum dövlətin təhsil siyasətini fornalaşdırsın, onu reallaşdıran peşəkar komanda  yığsın,  bu siyasəti mükəmməl  və məsuliyyətlə icra etsin.  Təhsil  milli təhlükəsizliyin əsasıdır. Bu səbəbdən də  ölkə prezidenti  bildirir ki, təhsil bir nömrəli prioritetdir.   
 
Təhsil siyasətinin  yaradılması üçün milli səviyyədə aydın model olmalıdır. Bu model, ilk növbədə, təhsilin hansı nəticələr  yaratmalı olduğu  müəyyənləşdirməlidir.   Yəni şagird nəyi bilməlidir,  nəyi bacarmalıdır,  məzun hansı  səriştələrə malik olmalıdır,  müəllimin peşəkarlığı necə ölçülməlidir,  məktəbin uğuru hansı göstəricilərlə müəyyən edilməlidir v.s. Habelə, universitetin nəticəsi diplomların sayı ilə, yoxsa əmək bazarında uğurlu məzunların, elmi nəticələrin və innovasiyaların sayı ilə ölçüləcəkdir?  
 
Bunlara aydın cavab yoxdursa, təhsil idarəetməsi asanlıqla fəaliyyətlərin idarə edilməsinə çevrilə bilər. Məktəb tikilir, dərslik hazırlanır, seminar keçirilir, layihə həyata keçirilir, hesabat yazılır. Lakin bütün bunların sonunda  isə  şagirdin, müəllimin, tələbənin və tədqiqatçının real imkanları  dəyişmir. 
 
Müasir təhsil idarəçiliyinin əsas fərqi məhz burada ortaya çıxır: fəaliyyət deyil, nəticə əsas götürülür.   Əgər son on ildə müəyyən problemlər  hər il  müzakirə olunursa, bu  yalnız problemlərin mürəkkəbliyini deyil,  həm də idarəetmə mexanizmlərinin səmərəsizliyini göstərir... 
 
Məqsədimiz   konkret şəxsləri günahlandırmaq deyil.  İcraçılar  onsuz da hamıya  bəllidir.  Əsas məsələ səriştənin, peşəkarlığın,  məsuliyyətin  artırılmasıdır. 
 
Təhsil siyasətini formalaşdıran və həyata keçirən  dövlət  qurumlarının  vəzifəsi yalnız problemləri təsvir etmək deyil,  ilk növbədə  onların həlli üçün ölçülə bilən proqramlar, məsul şəxslər, vaxt çərçivəsi və nəticə göstəriciləri müəyyən etməkdir.
 
Əslində, yaxşı təhsil   yaradılmasının bəlli  mühüm şərtləri var:  güclü müəllim hazırlığı, məktəb liderliyi, 
nəticəəsaslı kurikulum, keyfiyyətli qiymətləndirmə, ehtiyaca uyğun maliyyələşmə, data və analitikaya əsaslanan qərarlar, rəqəmsal transformasiya və süni intellektdən səmərəli istifadə bunların əsas hissəsidir.
 
Məsələn, müəllimlərə ildə bir neçə seminar keçirmək oların  avtomatik olaraq daha yaxşı müəllim 
olmasını təmin etmir. Müəllimin peşəkar inkişafı davamlı olmalı, mentorluq, dərs müşahidəsi, həmkar əməkdaşlığı, nəticələrin təhlili və praktiki təkmilləşdirmə ilə müşayiət edilməlidir.
 
Eyni qayda məktəb rəhbərliyinə də aiddir. Müasir direktor yalnız inzibati tapşırıqları yerinə yetirən şəxs deyil, həm də təhsil lideri, insan resursları meneceri və data ilə işləyən inkişaf rəhbəridir.
 
Süni intellekt isə bu məsələyə yeni ölçü əlavə edir. Artıq müəllimin əsas funksiyası yalnız məlumat ötürmək deyil. O, şagirdin düşünməsini, problem həll etməsini, yaradıcılığını və müstəqil öyrənməsini təşkil etməlidir. Deməli, “yaxşı təhsil” anlayışının özü də dəyişir.
 
Bu gün əsas məsələ daha çox tədbir keçirmək deyil, daha yaxşı nəticə yaratmaqdır.   Bunun üçün təhsil idarəçiliyində prinsipial bir  formul var:  
 
aydın məqsəd +konkret tədbir +məsul şəxs+ resurs+müddət+ KPI+ nəticənin ölçülməsi +düzəliş…
 
Əgər bu zəncirin hansısa halqası yoxdursa, strategiyanın real nəticəyə çevrilməsi çətinləşir.   Ona görə “yaxşı təhsil öz-özünə yaranmır” fikrini yalnız məlum  həqiqətin təsdiqi kimi deyil, həm də idarəetmə məsuliyyəti haqqında çağırış kimi qəbul etmək,  xalq və dövlət qaşısında bu  məsuliyyəti dərk etmək, onu daşımaq, real nəticəyə nail olmaq lazımdır.  Məhz bu səbəbdən ölkə prezidenti  “Təhsil  bir  nömrəli prioritetdir”  deyir...  
 
Bu çağırışın məntiqi davamı belədir:  əgər  prioritetlik və   yaxşı təhsil öz-özünə yaranmırsa, onu yaratmaq üçün konkret strategiya, peşəkar komanda, adekvat resurs, davamlı icra və ölçülə bilən nəticə sistemi olmalıdır.
 
Azərbaycan təhsilinin qarşısında duran əsas məsələ artıq problemləri sadalamaq  yox,  onları sistemli şəkildə həll etməkdir. Çünki təhsildə zaman da bir resursdur. İslahatın hər gecikmiş ili bir nəslin öyrənmə imkanlarına təsir edə bilər.   Deməli, məsələ yalnız “yaxşı təhsilin öz-özünə yaranmaması” deyil. Əsas məsələ onu kimin, necə, nə vaxt və hansı nəticə ilə yaradacağının aydın olmasıdır.
 
Artıq təhsildə əsas sual  nə etdik,  kimi  yox,  nə dəyişdi və bu dəyişiklik hansı nəticə ilə sübut olunur,  kimi  qoyulmalıdır.   
 
Məhz bu sualdan başlayan idarəetmə fəlsəfəsi Azərbaycan təhsilini fəaliyyətlərin məcmusundan nəticə yaradan milli sistemə çevirə bilər.  Bu milli sistemin yüksək səriştə əsasında  keyfiyyətli hazırlanması  isə təhsilin bir nömrəli prioritetliyini təmin edəcəkdir...
 
Müəllif: 
Dosent İlham Əhmədov