Bu gün vahid geyim formasının tətbiqinə etiraz əlaməti olaraq respublikamızın paytaxtında bəzi təhsil müəssisələrinə hücumlar edilib, məktəbin pedaqoji heyəti və mühafizəçilərlə “din təəssübkeşləri” arasında qarşıdurma yaşanıb. Media və sosial mediada yer alan məlumatlar göstərir ki, hətta bəzi məktəblərin yandırılmasına cəhd olunub, məktəblərin qapı-pəncərələri sındırılıb, təhsil ocaqlarına xeyli miqdarda maddi ziyan vurulub. Bundan daha acınacaqlısı isə odur ki, bütün bu zorakılıqlar şagirdlərin gözü qrşısında baş verib. Uşaq və yeniyetmələr baş verənləri qorxu və çaşqınlıq içərisində izləyiblər.


Şübhəsiz, təhsil müəssisələrini öz qəzəb və nifrətlərinin hədəfinə çevirən, nümayişkəranə şəkildə zorakılıq sərgiləyən bu şəxslərin kimliyi hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdiriləcək və onların hər biri məsuliyyətə cəlb olunaraq öz layiqli cəzalarını alacaq. Lakin istənilən halda sözügedən şəxslərin öz etirazını dinc, sivil, qanuni vasitələrlə deyil, zor və şiddət vasitəsi ilə ortaya qoyması təəssüf doğurur.






Baş verənlərlə bağlı təəssüf və təəccüb doğuran digər bir məqam isə vahid geyim formasına etiraz edən şəxslərin İslam dininin məscid qədər müqəddəs hesab etdiyi məktəbləri hədəf seçməsi, onları dağıtmağa cəhd etməsidir. Halbuki, dinimizin elm və təhsilə əlahiddə önəm verdiyi, insanlara “beşikdən qəbr evinədək elm öyrənməyi” tövsiyə etdiyi hamıya məlumdur. Məhəmməd peyğəmbərin “elm Çində də olsa arxasınca gedin” ifadəsi, Həzrəti Əlinin “elm müqəddəs və əziz bir mirasdır” kəlamı da İslam dininin elmə, təhsil, məktəbə olan münasibətini əks etdirir. Qurani-Kərimin “Taha” surəsinin 114-cü ayəsində deyilir:


“Ey Rəbbim! Mənim elmimi artır!”.


“Mücadələ” surəsində 11-ci ayəsindəki “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın”, habelə, “Ali-İmran” surəsində yer alan ”elm və məlumatı daha çox olanların təslimçiliyi və imanı daha çoxdur” ifadələri də İslam və elmin ayrılmaz olduğunu göstərir. Elm və bilik isə məhz məktəblərdə, təhsil ocaqlarında tədris olunur ki, bu müəssisələri dağıtmaq uşaq və yeniyetmələri təhsilsiz qoymaq, onları elmdən ayırmaq, İslamın təməl prinsiplərindən birinə qarşı çıxmaqdır. Bu mənada məktəblərə edilən hücumun İslamın öz mahiyyətinə zidd olduğu, İslam anlayışı ilə bir araya sığmadığı birmənalıdır. Əsində, bu cür qanunsuz və məntiqəzidd  addımlar İslama zərər vurmaqdan, onu gözdən salmaqdan, digər insanlarda İslam haqqında xoşagəlməz təəssürat yaratmaqdan başqa bir şey deyil.


Məktəb müqəddəsdir və bu müqəddəsliyi qorumaq hər kəsin, eləcə də inanclı şəxslərin mənəvi borcudur. Unutmayaq ki, Məhəmməd peyğəmbər alimləri peyğəmbərlərin varisləri adlandırıb, hər kəsi elm və təhsilə təşviq edib:


“Kim elm axtarmaq yolu ilə getsə, Allah onu cənnətə aparar. Həqiqətən, mələklər qanadlarını elm əhlindən razılıq əlaməti olaraq yerə sərərlər. Doğrudan da, göy və yerdə olan hər bir şey elm axtarışında olan kəsin günahlarının bağışlanmasını istəyər, hətta dənizdə olan balıqlar belə. Alimin abiddən üstünlüyü on dördüncü gecədə ayın ulduzlardan üstünlüyü kimidir. Həqiqətən, alimlər peyğəmbərlərin varisləridirlər. Çünki peyğəmbərlər dinar, dirhəm irs qoymurlar, onların irsi elmdir. Kim ondan bəhrələnərsə, çoxlu nəsib əldə etmiş olar”.


Bu və bu kimi yüzlərlə nümunədən çıxarmalı olduğumuz bir nəticə var: Məktəb işıqdır və bu işıq sönərsə üzləşməli olduğumuz tək gerçək zülmət olacaq!


Seymur ƏLİYEV