Baş nazir N.Paşinyan:  "Qısası, bu hadisənin Ermənistan-Azərbaycan münasibətləri və sülh prosesi ilə heç bir əlaqəsi yoxdur. Bu, adi kriminal vəziyyətdir..."
 
"Ermənistan Müdafiə naziri S. Papikyan parlamentdəki hökumət saatında çıxışında: "Azərbaycan əsgəri saxlanılarkən hüquq-mühafizə orqanlarına heç bir müqavimət göstərməyib. Nazir bu faktı əsas gətirərək "Bu artıq onun diversant (təxribatçı) olmadığının göstəricisidir..."
 
Ermənistanda həbsdə saxlanılan Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayevin istintaqa verdiyi ifadənin gizli təfərrüatları üzə çıxıb.
 
Moderator.az xəbər verir ki, Ermənistanın “Johovurd” qəzetinin əldə etdiyi eksklüziv məlumatlara görə, Sünik (Zəngəzur) vilayətinin Şəki kəndindəki insidentlə bağlı tərəflərin ifadələri kəskin şəkildə ziddiyyət təşkil edir.
 
Öncədən vurğulayırıq ki, əsgərimizin adından yazılanlar erməni nəşrinin iddialarıdır və biz onları rəsmən də təsdiqini tapmış gerçəklər kimi təqdim etmirik. 
 
Əsgərimizin iddia olunan ifadəsi: "Məni bıçaqla vurub döydülər"
 
Erməni nəşrinin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla yaydığı məlumata görə, əsgər Nəsimi Musayev ifadəsində erməni ailəsinin evinə daxil olarkən heç kimə zərər vermək niyyətinin olmadığını iddia edib. O, bir neçə dəqiqə ərzində ev sahiblərindən "buraxın gedim" deyə xahiş etdiyini bildirib. Lakin ev sahibəsi onun silahının ön hissəsindən yapışdıqdan sonra atəş açmaq məcburiyyətində qaldığını qeyd edib.
 
Azərbaycanlı hərbçi yazılı ifadəsində daha sonra qadının və ailə üzvlərinin onun üzərinə hücum çəkdiyini, onu bıçaqla vuraraq ciddi şəkildə döydüklərini vurğulayıb. Musayev qanaxma vəziyyətində evdən qaçmağı bacardığını və yalnız bir müddət sonra çöldə yaralı halda tapıldığını bildirib.
 
Erməni tərəfinin iddiaları...
 
İnsident zamanı yaralanan erməni sakini Ani Avetisyan isə tam fərqli iddialarla çıxış edib. Onun sözlərinə görə, guya silahlı şəxs birbaşa uşaqları hədəf alıb və o, uşaqlarını qorumaq üçün silahın lüləsindən tutduqda əlindən, növbəti atəş zamanı isə ayağından yaralanıb. O, yalnız dərhal reaksiya verməsi sayəsində ailəsinin sağ qaldığını iddia edib.
 
Ermənistan mətbuatı yerli müstəntiqlərin işi tam məxfilik şəraitində apardığını və bu ziddiyyətli iddiaların obyektiv araşdırılıb-araşdırılmayacağının sual doğurduğunu yazır.
 
Azərbaycan rəsmi qurumlarının olay barədə ilkin və son açıqlamalarını xatırladırıq:
 
Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları hadisənin ilk günündən etibarən məsələni nəzarətə götürərək rəsmi prosedurlara başlayıblar:
 
- İlkin Açıqlama (İtkin düşmə faktı): Azərbaycan Baş Prokurorluğunun ilkin məlumatına görə, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən əsgər Nəsimi Rasim oğlu Musayev sentyabrın 26-da xidmət yerini özbaşına tərk edib. Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin strukturları tərəfindən dərhal onun axtarışlarına başlanılıb.
 
- Cinayət işinin açılması:
 
-Hərbi Prokurorluq tərəfindən aparılan ilkin araşdırmalar zamanı N.Musayevin hərbi hissəni icazəsiz tərk etməsinə dair əsaslı şübhələr müəyyən edildiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Ermənistan rəsmi tərəfinin isə hadisə ilə bağlı ilkin və son bəyanatları, o cümlədən rəsmi şəxslərin çıxışları xronoloji ardıcıllıqla aşağıdakı kimidir:


İlkin açıqlamalar: 


Sentyabrın 29-da Azərbaycan tərəfi Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə (MTX) bir hərbçinin xidmət yerini tərk etdiyi və sərhədi keçmə ehtimalının olduğu barədə məlumat verib. Ermənistan Müdafiə Nazirliyi və MTX ilkin mərhələdə birgə axtarış tədbirlərinin keçirildiyini bildirsə də, hərbçinin Ermənistan ərazisində olmasına dair dəqiq sübut tapılmadığı üçün yerli sakinlərə dərhal rəsmi xəbərdarlıq edilmədiyini bəyan edib.

Oktyabrın 1-də Şəki kəndindəki insidentdən dərhal sonra Ermənistan İstintaq Komitəsi rəsmi məlumat yayaraq Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Musayevin qanunsuz olaraq sərhədi keçdiyini, kənddəki fərdi yaşayış evinə daxil olduğunu və odlu silahdan atəş açaraq yerli sakini yaraladıqdan sonra saxlanıldığını təsdiqləyib.


İttihamlar və Ermənistan Müdafiə Nazirliyinin mövqeyi


Oktyabrın 2-də Ermənistan İstintaq Komitəsinin sözçüsü Kima Avdalyan hərbçiyə qarşı rəsmi ittihamları açıqlayıb. Nəsimi Musayevə qarşı Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb və məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. O, aşağıdakı əməllərdə ittiham olunur:

- Ermənistanın dövlət sərhədini qanunsuz keçmə;

- Odlu silah, sursat və hərbi təyinatlı məhsulların qaçaqmalçılığı ilə qanunsuz dövriyyəsi;

- Şəxsin iradəsinə zidd olaraq onun yaşayış yerinə qanunsuz daxil olma;

- Odlu silahdan istifadə etməklə ağırlaşdırıcı hallarda bədənə qəsdən ağır xəsarət yetirmə.


Oktyabrın 7-də Ermənistanın müdafiə naziri Suren Papikyan parlamentdəki hökumət saatında çıxış edərək diqqətçəkən bir bəyanat verib. O bildirib ki, Azərbaycan əsgəri saxlanılarkən hüquq-mühafizə orqanlarına heç bir müqavimət göstərməyib. Nazir bu faktı əsas gətirərək "Bu artıq onun diversant (təxribatçı) olmadığının göstəricisidir" - deyə vurğulayıb. Bununla belə, o, sərhəd təhlükəsizliyində qüsurların olduğunu etiraf edərək daxili araşdırmaların aparıldığını qeyd edib.


 


Son açıqlama: Baş nazir Nikol Paşinyanın bəyanatı


Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 12-də mediaya verdiyi son geniş müsahibəsində hadisəyə və hərbçinin gələcək taleyinə münasibət bildirib. Paşinyan insidenti böyütməməyə çağıraraq belə deyib:


"İstintaqın ilkin məlumatına görə, əsgər sərhədi keçib, heç kimin olmadığı bir evə daxil olaraq orada bir gecə qalıb. Sonra ev sahibinin uşaqları gəlib onu görüblər və analarına xəbər veriblər. Qısası, bu hadisənin Ermənistan-Azərbaycan münasibətləri və sülh prosesi ilə heç bir əlaqəsi yoxdur. Bu, adi kriminal vəziyyətdir."


Paşinyan həmçinin əsgərin Azərbaycana qaytarılması və ya dəyişdirilməsi ehtimalına toxunaraq, cinayət təqibi prosedurlarının Ermənistanda davam etdiyini və Nəsimi Musayevin ən azı müəyyən bir müddət ərzində Ermənistanda həbsdə qalacağını vurğulayıb.



Son status və hüquqi addımlar:
 
Əsgərin naməlum şəraitdə sərhədi keçərək Ermənistan tərəfindən saxlanılması təsdiqləndikdən sonra rəsmi Bakı hadisənin təfərrüatlarının tam aydınlaşdırılması üçün Ermənistanın aidiyyəti qurumları ilə təmasların davam etdirildiyini bəyan edib. Bildirilib ki, hərbçinin vətənə qaytarılacağı təqdirdə, o, hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycanda qanun qarşısında cavab verəcək və məhkəmə təqibinə məruz qalacaq.
Hazırda əsgərin İrəvandakı tibb müəssisələrindən birində müalicə olunduğu və Ermənistan məhkəməsinin qərarı ilə barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçildiyi məlumdur.
 
S.Laçın