Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əməkdaşlığında müsbət dinamika müşahidə olunur. Milli Məclisin plenar iclasında bu istiqamətdəki əlaqələrə toxunan deputat Vüqar Bayramov bildirib ki, sözügedən regionla tərəfdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasət strategiyasında mühüm yer tutur.
Moderator.az xəbər verir ki, millət vəkili iqtisadi münasibətlərin inkişafını konkret göstəricilərlə əsaslandıraraq ticarət dövriyyəsində qeydə alınan artımı diqqətə çatdırıb. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı ticarət dövriyyəsi 10 faiz yüksəlib. 2026-cı ilin ilk səkkiz ayında isə artım 20 faizə çatıb.
Region dövlətləri ilə əməkdaşlıq yalnız ticarət əlaqələri ilə məhdudlaşmır. İqtisadiyyatın müxtəlif istiqamətlərini əhatə edən tərəfdaşlıq münasibətləri də ardıcıl şəkildə inkişaf edir.
Mərkəzi Asiya ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın həyata keçirdiyi xarici siyasətin nəticələrini əks etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən beynəlxalq və regional görüşlər, eləcə də müxtəlif siyasi platformalarda aparılan təmaslar Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə və regionda nüfuzlu güc mərkəzi kimi rolunun artmasına töhfə verir.
Azərbaycan hazırda regional sülh və sabitliyin qorunması, dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və əlaqələndirici körpülərin yaradılması prosesində mühüm rol oynayır.
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor
Parlament müxbiri