Yaş artdıqca səhər tezdən oyanmaq və gecə fasiləsiz yatmaqda çətinlik çəkmək daha çox müşahidə olunur. Bunun səbəbləri arasında beynin bioloji saatında, görmə qabiliyyətində və yuxunu tənzimləyən proseslərdə baş verən dəyişikliklər var.
Moderator.az xəbər verir ki, HuffPost nəşrinin yuxu tədqiqatçılarına istinadən yaydığı məlumata görə, yaşlandıqca orqanizmin günəş işığı, qaranlıq və fiziki fəaliyyət kimi siqnallara həssaslığı dəyişə bilər. Nəticədə insan axşam daha tez yuxulayır və səhər erkən oyanır.
Digər səbəb görmə qabiliyyətinin zəifləməsidir. Xüsusilə katarakt (göz bəbəyinin arxasında yerləşən təbii göz büllurunun şəffaflığını itirərək bulanması və matlaşmasıdır) zamanı gözə daxil olan işığın azalması bioloji saata və melatonin hormonunun ifrazına təsir göstərə bilər.
Mütəxəssislər yuxu rejimini qorumaq üçün gündüz açıq havada vaxt keçirməyi, müntəzəm fiziki fəaliyyətlə məşğul olmağı və hər gün eyni saatda yatıb-oyanmağı tövsiyə edirlər. Bəzi hallarda axşam saatlarında işıqlandırmanın artırılması da yuxu vaxtını tənzimləməyə kömək edə bilər.
Spirtli içkilər isə gecə yuxusunu poza və oyanmaların sayını artıra bilər. Erkən oyanma davamlı yorğunluq və yuxusuzluqla müşayiət olunursa, həkimə müraciət etmək məsləhətdir.