“Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri göstərdi ki, iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyur. Siyasi baza artıq formalaşıb: Bakı və Pnompen beynəlxalq platformalarda bir-birini dəstəkləyir, suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn rolu ilə bağlı məsələlərdə mövqelərinin yaxınlığını nümayiş etdirirlər. İndi qarşıda duran əsas vəzifə siyasi etimadı konkret iqtisadi nəticələrə çevirməkdir. Prezident İlham Əliyev açıq şəkildə qeyd etdi ki, mövcud ikitərəfli ticarət dövriyyəsinin həcmi münasibətlərin potensialına uyğun deyil. Bu yanaşma prinsipial əhəmiyyət daşıyır. Söhbət əldə olunan nailiyyətlərin protokol xarakterli sadalanmasından deyil, mövcud vəziyyətin praqmatik və real qiymətləndirilməsindən gedir”.


Bu fikirləri Moderator.az-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.






Onun sözlərinə görə, Azərbaycanın xarici siyasəti uzun illərdir praktiki səmərəlilik prinsipinə əsaslanır:


"Siyasi dialoq o zaman real dəyər qazanır ki, iqtisadiyyat, biznes, investisiyalar, nəqliyyat, təhsil və insanlararası əlaqələr üçün yeni imkanlar yaratsın. Bu baxımdan, hazırkı səfər mühüm praktiki əhəmiyyət daşıyır. Ticarət və investisiyalar üzrə birgə işçi qrupunun yaradılması, ikiqat vergitutmanın aradan qaldırılması və ticarət-iqtisadi əməkdaşlıq haqqında sazişlərin imzalanması, biznes forumunun keçirilməsi, birgə müəssisələrin yaradılması, nəqliyyat əlaqələrinin inkişafı, turizm və rəqəmsal transformasiya imkanlarının müzakirəsi tərəflərin artıq bəyanatlardan konkret əməkdaşlıq mexanizmlərinin formalaşdırılması mərhələsinə keçdiyini göstərir. Bu, dünya iqtisadiyyatında baş verən dəyişikliklər fonunda xüsusilə əhəmiyyətlidir.


Dünyada qlobal təchizat zəncirləri yenidən qurulur, ənənəvi marşrutlar əvvəlki qədər proqnozlaşdırılan deyil, dövlətlər isə ticarət əlaqələrini şaxələndirməyə çalışırlar. Belə bir şəraitdə coğrafi məsafə əsas maneə olmaqdan çıxır. Dövlətimizin başçısının vurğuladığı kimi, müasir dünyada məsafə başlıca problem deyil. Daha vacib məsələ ölkələrin bir-biri haqqında kifayət qədər məlumata malik olmamasının aradan qaldırılmasıdır. Digər mühüm məsələ ölkənin beynəlxalq nəqliyyat sisteminə nə dərəcədə inteqrasiya olunması, etibarlı logistika, siyasi sabitlik və biznes üçün aydın qaydalar təklif etmək imkanlarıdır. Bu göstəricilər baxımından Azərbaycan bu gün mühüm üstünlüklərə malikdir".


Millət vəkilinin sözlərinə görə, son illərdə ölkəmiz Avropa ilə Asiya arasında mühüm nəqliyyat-logistika qovşağı kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib:


“Orta Dəhlizin, dəmir yolu və liman infrastrukturunun, Xəzər dənizi və Cənubi Qafqaz üzərindən nəqliyyat əlaqələrinin inkişafı regionda tamamilə yeni iqtisadi coğrafiya formalaşdırır. Nəticədə Azərbaycan təkcə milli bazar kimi deyil, daha geniş iqtisadi məkana çıxış nöqtəsi kimi də əhəmiyyət qazanır. Kamboca üçün bu, Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Avropa bazarlarına çıxış imkanlarının genişlənməsi demək ola bilər.


Azərbaycan üçün isə Kamboca dinamik inkişaf edən Cənub-Şərqi Asiya məkanının bir hissəsi və ASEAN bazarlarına çıxış üçün əlavə imkan kimi maraq kəsb edir. İkitərəfli iqtisadi yaxınlaşmanın strateji mahiyyəti də məhz bundadır. Artıq söhbət sadəcə ayrı-ayrı məhsulların qarşılıqlı ticarətindən getmir. Daha perspektivli model iki dövlətin imkanlarının birləşdirilməsi, onların coğrafi, logistika və iqtisadi üstünlüklərindən qarşılıqlı şəkildə istifadə olunmasıdır”.


Sevinc Fətəliyevanın fikrincə, birgə istehsal müəssisələrinin yaradılması məsələsinin müzakirəsi xüsusi əhəmiyyət daşıyır:


"Bu, adi ticarətdən daha dərin əməkdaşlıq səviyyəsidir. Birgə istehsal uzunmüddətli kapital qoyuluşu, texnologiya mübadiləsi, yeni iş yerlərinin yaradılması, təchizat zəncirlərinin formalaşdırılması və münasibətlərin davamlılığında qarşılıqlı marağın güclənməsi deməkdir. Belə model iqtisadi tərəfdaşlığı qısamüddətli konyunkturadan daha az asılı edir və ona strateji xarakter qazandırır. Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycan bu gün tərəfdaşlarına artıq təkcə enerji resursları və ya tranzit imkanları təklif etmir. Ölkəmiz tədricən idarəetmə həllərini və öz institusional təcrübəsini də təqdim etməyə başlayır. 


Bunun bariz nümunələrindən biri Kambocanın “ASAN xidmət” modelinə göstərdiyi maraqdır. Bu model müasir Azərbaycanda dövlət idarəçiliyinin ən uğurlu layihələrindən birinə çevrilib. “ASAN xidmət” rəqəmsallaşmanın, şəffaflığın, operativliyin və vətəndaş məmnunluğuna əsaslanan yanaşmanın dövlət xidmətlərinin səmərəliliyini necə artırdığını nümayiş etdirib. “ASAN xidmət” modelinə xarici ölkələrdə göstərilən maraq daha geniş tendensiyanı ortaya qoyur: Azərbaycan artıq yalnız maddi resurslar deyil, bilik və institusional təcrübə də ixrac edir.


“Müasir dövlət üçün bu, son dərəcə mühüm göstəricidir. XXI əsrdə ölkələrin təsiri artıq yalnız iqtisadiyyatın həcmi və ya hasil olunan resursların miqdarı ilə müəyyən edilmir.


İnstitusional səmərəlilik, texnoloji kompetensiyalar və digər dövlətlərə işlək inkişaf modelləri təklif etmək qabiliyyəti getdikcə daha böyük əhəmiyyət qazanır. Turizm və təhsil sahələrində də böyük potensial mövcuddur. Sovet dövründə yüzlərlə Kamboca vətəndaşı Azərbaycanda təhsil alıb. Bu ənənənin bərpası ikitərəfli münasibətlərin ən dayanıqlı istiqamətlərindən birinə çevrilə bilər. Təhsil əlaqələri uzunmüddətli insan kapitalı formalaşdırır. Belə əməkdaşlıq ölkəni, onun mədəniyyətini, dilini və cəmiyyətini diplomatik hesabatlardan deyil, şəxsi təcrübədən tanıyan yeni nəsillərin yetişməsinə şərait yaradır. Təhsil əməkdaşlığı dərhal nəticə verməsə də, məhz bu cür əlaqələr çox zaman dövlətlərarası münasibətlərin ən möhkəm təməllərindən birinə çevrilir".


Deputat əlavə edib ki, iqtisadi baxımdan Azərbaycan və Kamboca hələ yolun başlanğıcındadırlar:


"Lakin əsas şərtlər artıq mövcuddur — siyasi iradə və münasibətlərin praktiki əsaslar üzərində inkişaf etdirilməsinin vacibliyi barədə ortaq anlayış. Bundan sonra çox şey yaradılmış mexanizmlərin biznes, investisiyalar və konkret layihələr səviyyəsində nə dərəcədə sürətlə işləməsindən asılı olacaq. Potensialın mövcudluğu özlüyündə nəticəyə zəmanət vermir. O yalnız institusional qərarlar, sahibkarlarla sistemli iş, nəqliyyat bağlantılarının inkişafı və uzunmüddətli iqtisadi strategiya ilə dəstəkləndiyi halda real nəticəyə çevrilir. Azərbaycan bu gün Asiya ölkələri ilə münasibətlərində məhz belə bir strategiya qurur. 


Kamboca ilə əlaqələr də daha geniş siyasətin — ölkəmizin iqtisadi coğrafiyasının genişləndirilməsi, xarici əlaqələrin şaxələndirilməsi və Azərbaycanın Şərqlə Qərb arasında müstəqil, etibarlı və tələbat duyulan əməkdaşlıq mərkəzi kimi rolunun gücləndirilməsi siyasətinin tərkib hissəsidir. Buna görə də hazırkı səfərin əhəmiyyəti bu gün mövcud olan ticarət dövriyyəsinin göstəricilərindən daha çox, gələcək üçün açdığı iqtisadi imkanlarla ölçülür.


“Əgər siyasi etimad ardıcıl şəkildə investisiyalara, istehsala, nəqliyyat əməkdaşlığına və birbaşa biznes əlaqələrinə çevrilərsə, Azərbaycan–Kamboca münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksələ və coğrafi baxımdan bir-birindən uzaq dövlətlərin qarşılıqlı şəkildə necə strateji iqtisadi dəyər yarada biləcəyinin uğurlu nümunəsinə çevrilə bilər” .


Pərvin Şakirqızı 


Moderator.az/ Redaktor 


Parlament müxbiri