"Elçibəy Rusiya səfiri Şoniyaya qəti cavab verdi ki, rus zabitlərin ailəsi Göytəpədə qalmasın, hamısı çıxsın..."
13 Oct 2026, 18:48 8 baxış 8 dəq oxuma
...1991-ci il. Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi. Ölkənin qarşısında bir-birindən mürəkkəb və taleyüklü vəzifələr dayanırdı. Dövlət sərhədlərinin müəyyənləşdirilməsi və mühafizəsinin təşkili də həmin mühüm məsələlərdən biri idi. Sərhədləri qoruyacaq milli hərbi strukturun yaradılması isə faktiki olaraq sıfırdan başlanırdı...
Azərbaycan Dövlət Sərhəd Xidmətinin keçmiş rəis müavini, istefada olan polkovnik Sucəddin Abdullayev həmin mürəkkəb və tarixi prosesin ilk günlərindən etibarən hadisələrin içində olub. O, müstəqilliyin bərpasından sonra sərhəd mühafizəsi sisteminin formalaşdırılmasını, sovet sərhəd strukturlarının Azərbaycandan çıxarılmasını, sərhəd zastavalarının, əmlakın və infrastrukturun qəbul edilməsini və s. olay və prosesləri birbaşa yaşayan şəxslərdəndir.
Polkovnik Sucəddin Abdullayev Moderator.az-a həmin illərin ən mühüm və maraqlı məqamların barədə xatirələrini nəqlini davam edir:
(Əvvəli burada:)
"...Naxçıvandan sonra, sovet dövründə Cəlilabad rayonunun "Prişib" adlandırılan Göytəpə qəsəbəsinə gəldik. Burada sovet dövründən “43-cü sərhəd dəstəsi” kimi tanınan hərbi hissəni ruslardan təhvil almalı idik. Həmin vaxt dəstənin komandiri rus polkovnik Bezrukov, kəşfiyyat xidmətinin rəisi isə azərbaycanlı polkovnik Nizami Qədirov idi. Nizami Qədirov artıq Sərhədlərin Mühafizəsi Komitəsinin sistemində xidmətə başlamışdı və Göytəpə sərhəd dəstəsinin fəaliyyətinə dəstək vermək də ona həvalə edilmişdi. Onunla Bezrukovun münasibətləri çox yaxşı idi, aralarında dostluq əlaqələri yaranmışdı. Bezrukov bizi də xoş münasibətlə qarşıladı.
Ancaq Rusiya hərbçilərinin arasında, bilmirəm, bəlkə də Moskvadan kiminsə göstərişi ilə, təxribat törədən zabitlər də vardı. Onlar hərbi hissənin fəaliyyətini pozmağa çalışır, yanacaq təminatı sisteminə zərər vururdular. Yanacaq anbarlarında və digər obyektlərdəki idarəetmə və təminat sistemlərini sıradan çıxarmışdılar. Texnikaların, avtomobillərin və zirehli maşınların yanacaq çənlərinə duz tökürdülər ki, mühərriklər sıradan çıxsın. Rabitə xətlərini də dağıtmışdılar...
Havalar artıq soyumuşdu, amma sərhəd zastavalarında istilik, demək olar ki, yox idi. Çünki Rusiya hərbçiləri qazanxana sistemlərini sıradan çıxarmışdılar. Qazanxanalar daş kömürlə işləyirdi. Soruşurduq ki, qazanxanalar niyə işləmir, cavab verirdilər ki, daş kömür yoxdur. Sonra yoxlayıb görürdük ki, kömür var, sadəcə, özləri onu gizlədiblər...
Bir sözlə, Göytəpə sərhəd dəstəsini təhvil alanda vəziyyət xeyli ağırlaşmışdı...
Təhvil-təslim prosesinə yenə də polkovnik Arif Əlyarov rəhbərlik edirdi. Mən isə onun müavini idim..
Rusiya hərbçilərinin dövründə kəşfiyyat xidmətinin rəis müavini vəzifəsində çalışmış azərbaycanlı polkovnik Ramiz Quliyev də bizə fəal dəstək verirdi. Çox bacarıqlı, işini bilən adam idi. Hətta kazarmada qalmağıma razı olmur, gecələr məni Göytəpədəki xidməti mənzilinə aparırdı.
Rusiya səfirinin Göytəpəyə gəlişi və prezudent Əbülfəz Elçibəylə danışığı...
Təhvil-təslim prosesi zamanı maraqlı bir hadisə baş verdi. Bakıdakı Rusiya səfirliyindən hökumət rabitəsi vasitəsilə məlumat daxil oldu ki, səfir Valter Şoniya Göytəpəyə gəlmək və komissiya üzvləri ilə danışıqlar aparmaq istəyir. Məsələ rus zabitlərinin ailələrinin müvəqqəti olaraq hərbi şəhərcikdə qalması, hərbçilərin özlərinin isə ərazidən çıxarılması ilə bağlı idi.
Səfir gəldi və danışıqlar Bezrukovun otağında aparıldı. Mən də görüşdə iştirak edirdim. Polkovnik Arif Əlyarov bildirdi ki, bu məsələni özü həll edə bilməz. Hətta ona müvafiq göstəriş verilsə belə, təkbaşına belə bir qərar qəbul etmək səlahiyyətinə malik deyil. Məsələnin yalnız Prezident Əbülfəz Elçibəy tərəfindən həll oluna biləcəyini vurğuladı.
Bundan sonra Rusiya səfiri hökumət rabitəsi vasitəsilə dövlət başçısı Əbülfəz Elçibəylə əlaqə saxladı. O, prezidentə Azərbaycan dilində, özü də səlis türk dilində müraciət edərək məsələni izah etdi və zabit ailələrinin müvəqqəti olaraq Göytəpədə qalmasına icazə verilməsini xahiş etdi. Səfirin sözlərinə görə, rus zabitləri həmin vaxt yalnız Mahaçqalaya gedərək müvəqqəti çadırlarda qala bilərdilər. Üstəlik, onların uşaqları məktəbə getməli idi...
Ancaq Əbülfəz bəy bu xahişlə razılaşmadı. Rusiya səfirinə cavabı qəti oldu:
“Yox, yox, zabit ailələri qalmasınlar, hamısı zabitlərlə, əsgərlərlə birlikdə çıxsınlar. Sonra bir hadisə baş verər, bəhanə edib geri qayıdarsınız…”
Zənnimcə, Əbülfəz Elçibəy çox düzgün qərar vermişdi. Bu qərarın tarixi əhəmiyyəti vardı. Ümumiyyətlə, etiraf etmək lazımdır ki, Elçibəyin Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasında mühüm rolu oldu. Bu, ölkəmizin müstəqillik tarixində əhəmiyyətli hadisələrdən biri idi.
Düzdür, bunun bizə ciddi zərəri də dəydi. Rusiya qoşunları Azərbaycandan çıxarılarkən Ermənistanı dəstəkləyir, bununla da şəhər və rayonlarımızın işğalına şərait yaradırdılar. Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanın işğalı ilə nəticələnən proseslərdə bu amilin də təsiri oldu...
Sərhədçilər Qarabağ cəbhəsində...
Sərhədçilər üçün də son dərəcə ağır dövr idi. 1992-ci ilin payızında vəziyyət daha da mürəkkəbləşmişdi. Buna baxmayaraq, üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırdıq.
Həmin vaxt məni təcili olaraq Bakıya çağırdılar. Səbəb müvafiq sənədlərin hazırlanması və bir sıra təşkilati məsələlərin həlli idi. Eyni zamanda, Qarabağ müharibəsi də davam edirdi və cəbhədə vəziyyət son dərəcə ağır idi.
Sərhədlərdə təhvil-təslim prosesinin hələ də davam etdiyi, özümüzün də ciddi çətinliklərlə üzləşdiyimiz bir vaxtda general İsgəndər Allahverdiyevin göstərişi ilə mənim də iştirakımla üç ay ərzində bir sıra tədbirlər həyata keçirildi. Ağdərə və Zəngilan istiqamətlərində müdafiənin təşkili üçün zəruri işlər görüldü. Sərhəd qoşunlarının hərbi qulluqçularından ibarət xüsusi tabor yaradıldı və Ağdərənin müdafiəsinə göndərildi. Həmin taborun komandiri vəzifəsinə tanınmış, peşəkar və hazırlıqlı zabit, polkovnik Elçin İsmayılov təyin edildi. Füzuli–Zəngilan istiqamətində də ayrıca müdafiə taboru yaradıldı. Bu tabora isə polkovnik Füzuli Salahov komandirlik edirdi...
Hər iki tabor torpaqlarımızın düşməndən müdafiəsində mühüm rol oynadı. Sərhəd qoşunlarının şəxsi heyəti bir tərəfdən yeni dövlət sərhədinin mühafizəsi sisteminin qurulmasında iştirak edir, digər tərəfdən isə ölkənin ağır müharibə şəraitində müdafiəsinə öz töhfəsini verirdi...