Məntiqsiz və bumeranq effektli ittihamların “ayaq açıb yeriməsinə” səbəb nədir?
“Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” haqqında qərarları Türkiyənin bəzi sosial media istifadəçiləri tərəfindən ciddi ittihamlarla müşahidə edilməkdədir. Sağlam tənqidə xas məntiq və yanaşmadan tamamilə uzaq olan bu ittihamlarda Azərbaycan sionizmin təbliğatçısı, İsrail dövlətinin əlaltısı kimi təqdim olunur.
Halbuki, Azərbaycanın milli maraq və bəşəri dəyərləri əsas tutan müstəqil siaysət yürütdüyü bütün dünyaya məlumdur və bu həqiqət dünya liderləri – ABŞ Prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin tərəfindən də dəfələrlə etiraf olunub. İstər AZAL təyyarəsinin Rusiya səmasında vurulması, istər Rusiyadakı soydaşlarımıza qarşı kütləvi təzyiq siyasətinin gerçəkləşməsi, istərsə də Ukraynanın ərazi bütövlüyü məsələsində Azərbaycanın Kremlə qarşı münasibətdə sərgilədiyi qətiyyətli mövqe,eləcə də Tramp administrasiyasının hakimiyyətə gəlişinə qədər Ağ Ev rəhbərliyinin ünvanına səsləndirdiyi haqlı tənqidlər
rəsmi Bakının dünya nəhənglərindən belə çəkinmədiyini, öz həqiqətini qətiyyətlə müdafə etdiyini göstərir. Belə olan halda Azərbaycanı müstəqil siyasi iradəyə malik olmayan qətiyyətsiz bir dövlət, sionist siyasətinin təbliğatçısı kimi təqdim etmək, ölkəmizi İslami dəyərlərə hörmət etməməkdə təqsirləndirmək absurddur. Hər kəs bilməlidir ki, Azərbaycan bütün dünya dövlətləri, eləcə də İsraillə beynəlxalq hüquq normalarına və qarşılıqlı maraqlara əsaslanan bərabər hüquqlu dövlət kimi münasibət qurub. Rəsmi Bakı bu münasibətlər sistemində hər hansı bir redaktəni yalnız və yalnız Azərbaycanın maraqları konteksində həyata keçirir və bu yanaşma bundan sonra da dəyişməyəcək.
Böhtan və yalan İslam dəyərlərinə qarşı ən böyük hörmətsizlikdir
Türkiyənin sosial media platformalarında ölkəmizə qarşı səsləndirdiyi ittihamlar qanun və əxlaqa zidd olmaqla yanaşı, həm də müstəqil bir dövlətin daxili işlərinə qarışmaq, təfriqə salmaq, daxili gərginliyi artırmaq səyidir. Hansı ki, bu davranışın özü İslam dəyərlərinə qarşı ən böyük hörmətsizlikdir. Çünki İslam dini digərlərinin şəxsi işlərinə müdaxilə etməyi, onlar haqqında yalan və böhtan səsləndirməyi, nifaq salmağı yolverilməz hesab edir. Bu isə o deməkdir ki, Türkiyənin sosial media platformasında Azərbaycanla bağlı hədyanlar səsləndirənlər ilk növbədə İslam dininin dəyər və prinsiplərini pozmaqda, dinin tələbləri ilə ziddiyyət təşkil edən fəaliyyət sərgiləməkdədir. Hansı ki, bu fəaliyyətin iki dövlət və xalq arasındakı münasibətlərə yaxşı heç nə vəd etmədiyi, bu cür təxribatçı fəaliyyətin anti-türk qüvvələrinə öz bəd niyyətlərini həyata keçirmək üçün əlavə fəaliyyət meydanı yaratdığı birmənalıdır.
İsraillə əməkdaşlığı “günah” və “cinayət” hesab edənlər hansı faktlar barəsində susur?
Maraqlıdır ki, İsraillə əməkdaşlıq və dostluğun hər cür təzahürünü “cinayət” və “günah” hesab edən bəzi sosial media istifadəçiləri Azərbaycanı “ya Türkiyə, ya İsrail” deyə seçim qarşısında qoymağa çalışır, o cümlədən Türkiyənin özünün İsraillə bağlı bəzi addımları haqqında susqunluq nümayiş etdirirlər. Bu addımlardan biri Türkiyənin Səudiyə və Pakistanla birlkdə Məkkə sazişində təmsil olunmasıdır.
Xatırladaq ki, Məkkə sazişi husilərin Yəmən hökuməti, eləcə də Səudiyyə Ərəbistanına qarşı hərbi hücumları fonunda imzalanıb və xarici təhlükə qarşısında birgə müdafiəni nəzərdə tutur.
Onu da qeyd edək ki, husilər qarşı mübarizə aparan dövlətlərdən biri də İsraildir. Yəni aralarındakı diplomatik gərginliklərə rəğmən husilərə qarşı mübarizədə İsrail və Səudiyyə Ərəbistanıın maraqları üstü-üstə düşür. Türkiyənin Məkkə sazişində iştirakı isə onun husilərə qarşı mübarizədə Səudiyyə Ərəbistanına birbaşa, İsrailə ilə dolayısı ilə dəstək verməsi deməkdir. Lakin sosial mediada Azərbaycan haqqında hədyanlar yağdıran, məsuliyyətsiz fikirlər səsləndirən, hətta dövlət başçımıza belə dil uzatmaq cəsarəti göstərən bu şəxslər məlum fakt qarşısında susmaqdadır.
Türkiyə ilə İsrail arasında qeyri-rəsmi ticarətin mövcudluğu da mediada yer alan məlumatlar sırasındadır və bu məlumatlar da Türkiyədəki anti-Azərbaycan dairələri tərəfindən tam bir susqunluqla qarşılanır.
Bu arada qeyd edək ki, Azərbaycanın Məkkə sazişi ilə bağlı hər hansı narahatlığı yoxdur və dövlətimizin sazişdə təmsil olunan hər üç ölkə ilə çoxşaxəli münasibəti mövcuddur. Türkiyə hər zaman olduğu kimi bu gün də Azərbaycanda qardaş dövlət hesab edilir və bütün təxribatlara rəğmən bu münasibət heç vaxt dəyişilməyəcək.
Onu da vurğulayaq ki, Prezident İlham Əliyev 12 oktyabr 2026-cı il tarixində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına ünvanladığı müraciətdə bir daha türk dünyasını türk dövlətlərinin vahid ailəsi adlandırıb, türk dünyasının birlik və həmrəyliyinin vacibliyinə diqqət çəkib. Belə olan halda Azərbaycanı öz milli maraqları konteksində İsraillə əməkdaşlıq etdiyinə görə ittiham etmək sadəcə Azərbaycan-Türkiyə münasibətlərinə deyil, bütün türk dünyasının birliyinə vurulan zərbədir.
Türkiyə hökuməti anti-Azərbaycan çağırışları ilə bağlı sərt tədbirlər görməlidir
Şübhəsiz ki, Türkiyədə sosial media istifadəçiləri arasında Azərbaycan haqqında böhtan, yalan dolu fikirlər səsləndirən şəxslərin bu paylaşımlarının Türkiyə dövlətinin mövqeyini əks etdirmədiyi, yalnız həmin şəxs və qrupların subyektiv mövqeyindən xəbər verdiyi şübhəsizdir.
Bu baxımdan Azərbaycanla Türkiyə arasında hər hansı narazılıqdan söhbət gedə bilməz. Azərbaycanda Türkiyə dövləti ilə bağlı ictimaiyyəti narahat edən, vətəndaşlarımızda inciklik doğuran yeganə amil rəsmi Ankaranın anti-Azərbaycan çağırışlarının qarşısını almaq üçün gərəkli tədbirlər görməməsidir. Halbuki, Azərbaycan-Türkiyə qardaşlığı rəsmi Ankaranı anti-Azərbaycan kampaniyasına qarşı elə ilk gündən təsirli tədbirlər görməyə təhrik etməli idi. Lakin təəssüflər olsun ki, bu baş vermədi. Əksinə, Türkiyə hökumətində, eləcə də parlamentində təmsil olunan bəzi şəxslərin anti-Azərbaycan kampaniyasına qatıldığı müşahidə edildi ki, bu da haqlı olaraq Azərbaycanda böyük təəssüf və narahatlıqla qarşılandı. Bu baxımdan YAP-ın mətbuat xidmətinin bu gün yaydığı bəyanat xüsusi əhəmiyyət kəsb edir. Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilmiş fikirlərə etiraz xarakteri daşıyan bəyanatda deyilir:
“Yeni Azərbaycan Partiyası hesab edir ki, Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, xüsusilə də yüksək dövlət vəzifələri daşıyan şəxslər açıqlamalarında siyasi məsuliyyət nümayiş etdirməli, Azərbaycan Respublikasının suverenliyinə, konstitusion quruluşuna və daxili işlərinə hörmətlə yanaşmalıdırlar.
Ümid edirik ki, Türkiyənin müvafiq siyasi dairələri bu cür məsuliyyətsiz açıqlamalardan düzgün nəticə çıxaracaq, Azərbaycan–Türkiyə münasibətlərinə zərər verə biləcək addımlardan çəkinəcəklər”.
Bəli, Azərbaycan dövləti bu gün də Türkiyədə Azərbaycanı hədəf alan kampaniyanı təmkinlə müşahidə etməkdə, iki dövlət arasındakı münasibətlərə xələl gətirə biləcək addımlardan çəkinməkdədir. Lakin Türkiyə hökuməti anlamalıdır ki, ölkəsində həyata keçirilən anti-Azərbaycan kampaniyasının qarşısnı almaq məsuliyyəti ona məxsusdur.
Həmçinin, Türkiyə hökuməti başa düşməlidir ki, Azərbaycanın mütəmadi şəkildə hədəf alınması, təhqirlərə məruz qalması Türkiyənin öz nüfuzu üçün ciddi təhlükədir və proseslərin bu şəkildə davam etməsi Ankaranın özü üçün də arzuedilməz nəticələrə gətirib çıxara bilər.