“Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqi tarixi ənənəyə malikdir. SSRİ dövründən qalan qəhvəyi rəngli qızlar forması və ağ önlüklər, oğlanlar üçün isə sərt kostyumlar uzun illər tətbiq olunub. Bizim geyimimiz o vaxt seçilirdi. Bilinirdi ki, bu məktəbli geyimidir. Toya gedən kimi geyinmirdik. O vaxtla indiki məktəb uşaqlarının geyimi arasında çox fərq var. Bizim geyimlərimizdə loqo olmurdu. İndi əksər məktəbli geyimlərində loqo var və bir də müxtəlif rənglər (sarı, yaşıl, qəhvəyi, mavi) əlavə olunub. Amma o vaxt geyimlərdə ağ və qara rənglər olurdu. Müstəqillik dövründə bu ənənə müxtəlif dizayn və dəyişikliklərlə davam etdirilir. Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formaları Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Məqsəd məktəbdaxili sosial bərabərliyi qorumaq, uşaqlar arasında sosial status fərqlərini arxa plana keçirmək, intizamı və təhsil mühitini gücləndirməkdir”.
 




Bunu Moderator.az-a açıqlamasında modelyer Şəlalə Maqsudova deyib.

O daha sonra əlavə edib:
 
“Azərbaycanın qədim milli geyimləri hər zaman öz zənginliyi, örtücülüyü və milli-mənəvi dəyərləri ilə seçilib. Keçmişdə qadınlarımız başlarına müxtəlif örtüklər (kəlağayı, yaylıq və s.) örtərdilər. Lakin bu, milli mədəniyyətin və adət-ənənənin bir hissəsi idi. Konstitusiyaya görə Azərbaycan dünyəvi dövlətdir və təhsil də dünyəvi xarakter daşıyır. Dövlət məktəblərində geyim qaydaları məhz bu dünyəvilik prinsipinə əsaslanır. Təhsil almaq hər bir uşağın hüququdur. Məktəblərdə diqqətin dini və ya dünyəvi simvollara deyil, yalnız təhsilə, elmə və uşağın hərtərəfli inkişafına yönəldilməsi əsas məqsəddir. Mən düşünürəm ki, dövlətin bu məsələdəki mövqeyi dini inancın özünə qarşı olmaq deyil, məktəblərdə dünyəvilik, vahid intizam və bərabərlik prinsiplərini qorumaq məqsədi daşıyır”.