Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalandıqdan və ratifikasiya olunduqdan sonra iki ölkə arasında münasibətlərin hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb. O, sərhədlərin Alma-Ata Bəyannaməsi əsasında müəyyənləşdirilməsini, qarşılıqlı ərazi iddialarından imtinanı və anklavlar məsələsinin həllini gündəmə gətirib.
 




Moderator.az xəbər verir ki, Paşinyan sosial şəbəkə hesabında paylaşdığı videoda Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasından sonrakı dövrə dair mövqeyini təqdim edib.
 
Ermənistanın baş naziri bildirib ki, ölkəsinin ərazisi 29 min 743 kvadratkilometr çərçivəsində tanınmalı, Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası isə 1991-ci il Alma-Ata Bəyannaməsinin prinsipləri əsasında həyata keçirilməlidir.
 
“Ermənistanın ərazisi 29 min 743 kvadratkilometr olmalıdır. Sərhədlərin delimitasiyası və demarkasiyası Alma-Ata Bəyannaməsi əsasında bu məntiqlə aparılmalıdır. Ermənistan və Azərbaycanın bir-birinə qarşı heç bir iddiası olmayacaq”, – deyə Paşinyan bildirib.
 
Baş nazir anklavlar məsələsinə də toxunaraq qeyd edib ki, bu mövzu sülh sazişi imzalandıqdan və ratifikasiya olunduqdan sonra qarşılıqlı şəkildə bağlanmalıdır.
 
Paşinyanın sözlərinə görə, əsas məqsəd sülh prosesini yekunlaşdırmaq və regionda uzunmüddətli sabitliyin əsasını qoymaqdır...
 
Sülh sazişinin mətni nəyi nəzərdə tutur?
Xatırladaq ki, Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin paraflanmış mətni 11 avqust 2025-ci ildə tərəflərin qarşılıqlı razılığı ilə dərc olunub.
 
Sənədin birinci maddəsində keçmiş SSRİ respublikaları arasındakı sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyi qeyd olunur. Tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanımağı öhdələrinə götürürlər.
 
İkinci maddəyə əsasən, tərəflər bir-birinə qarşı ərazi iddialarının olmadığını təsdiqləyir və gələcəkdə belə iddialar irəli sürməməyi öhdələrinə götürürlər. Sazişdə güc tətbiqindən və güc tətbiqi hədəsindən çəkinmək, eləcə də dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqları davam etdirmək barədə müddəalar da yer alır.
 
Sənədin müvafiq maddələrinə görə, sazişin ratifikasiya sənədləri mübadilə edildikdən sonra diplomatik münasibətlərin qurulması nəzərdə tutulur.
 
Anklavlar məsələsi necə həll oluna bilər?..
 
Azərbaycan-Ermənistan münasibətlərində həssas məsələlərdən biri də anklav və eksklavların statusudur. Azərbaycanın Qərbi Zəngəzur istiqamətində yerləşən Kərki kəndi Ermənistan ərazisində, Azərbaycanın əsas ərazisindən ayrı düşmüş yaşayış məntəqəsi kimi tanınır. Ermənistanın Baş nazirinin son açıqlamalarında da bu məsələ sərhədlərin delimitasiyası və Alma-Ata Bəyannaməsi ilə əlaqələndirilir.
 
Ermənistanın rəsmi "Armenpress" agentliyinin sentyabrda yaydığı məlumata görə, Paşinyan anklavlar məsələsinin praktiki həlli ilə bağlı Azərbaycanla hələlik konkret razılaşmanın olmadığını bildirib. O, məsələnin həlli zamanı hər iki tərəfin problemlərinin nəzərə alınmasının və qarşılıqlı məqbul variantların müzakirəsinin vacibliyini vurğulayıb.
 
Beləliklə, Paşinyanın videoda səsləndirdiyi mövqe anklavlar məsələsinin qarşılıqlı həllini sülh prosesinin tərkib hissəsi kimi təqdim edir. Bununla belə, konkret ərazilərin statusu, onların hansı qaydada qaytarılacağı və ya sərhəd xəttinin necə müəyyənləşdiriləcəyi barədə yekun razılaşmanın əldə olunduğunu söyləmək üçün əsas yoxdur.
 
Saziş hələ imzalanmayıb...
 
Beynəlxalq "Reuters" agentliyinin 8 oktyabr 2026-cı il tarixli məlumatına görə, Ermənistan və Azərbaycan arasında 2025-ci ildə paraflanmış sülh sazişi hələ rəsmi şəkildə imzalanmayıb. Tərəflər humanitar məsələlər, o cümlədən itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlığı davam etdirirlər.
 
Paşinyan oktyabrın 13-də də Azərbaycanla sülh sazişinin imzalanmasına və ratifikasiyasına diqqət yetirməyin vacibliyini bildirib. Onun fikrincə, bu mərhələnin başa çatması Ermənistan dövlətçiliyinin uzunmüddətli möhkəmliyi üçün əsas yaradacaq.
 
Azərbaycan-Ermənistan sülh prosesinin növbəti mərhələsi sazişin rəsmi imzalanması, ratifikasiya prosedurları və sərhədlərin delimitasiyası üzrə praktiki addımlardan asılı olacaq.


 



S.Laçın