Məktəblərdə hicab qadağasının mahiyyətini qoyaq kənara. Hətta ona da göz yumaq ki, insan haqlarını məhdudlaşdıran bu qadağa qanunla deyil, hökumət qərarı ilə tətbiq edilib. Halbuki, yolunu getdiyimiz Fransa və Avstriyada analoji qadağa qanunda təsbit edilib.
 




Fransada bu qanun 15 mart 2004-cü ildə qəbul olunub, 1 sentyabr 2004-cü ildən isə tətbiq edilməyə başlanıb (5,5 ay sonra). Avstriyada isə qanun 2025-ci ilin dekabr ayında qəbul olunub və 2026-cı il sentyabrın 7-dən tətbiq olunur (yəni 9 ay sonra).
 
Bizdə isə Nazirlər Kabinetinin qadağa qərarı 21 sentyabr 2026-cı ildə qəbul olundu və artıq iki həftə sonra tətbiq edilməyə başladı. Yəni ildırım sürəti ilə. Heç imkan vermədilər ki, başa düşək, həzm edək, hazırlaşaq. Tətbiqin özü də kortəbiidir. Heç bir izah verilmir. Halbuki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa görə hər hansı normativ hüquqi aktın izahlı arayışı (yəni niyə qəbul olunur, dəyişikliyin mahiyyəti və nəticələri nədən ibarətdir və s.) olmalıdır. Nəinki sivil ölkələrdə, hətta Rusiyada da bu arayışlar ictimaiyyətə açıq olur. Bizdə isə bu arayışlar gizlidir.
 
Bu da bir yana. Heç qərarı qəbul etmiş orqan durub izah vermir! Bu qərara bütün nazirlərimiz imza atıb. Amma heç biri çıxıb xalqa izah vermir, mövqelərini əsaslandırmır. Bütün yük düşüb aşağı səviyyətli məmurlara, məktəb direktorlarına və müəllimlərə. Valideynlər və şagirdlərlə onlar üz-üzə qalıb. Və hiss olunur ki, onları da normal təlimatlandırmayıblar. Özlərini itiriblər. Bilmirlər nə desinlər. 
 
Məlumdur ki, bəzi məmurların (hətta orta eşelonda) da arvadları və qızları hicablıdır. Əminəm ki, onlar üçün də bu qərar gözlənilməz olub. 
 
Mən hələ onu demirəm ki, sivil cəmiyyətlərdə belə taleyüklü qərarlar əvvəlcə ictimai müzakirədən keçməlidir. Bizdə heç Konstitusiyaya düzəlişlər qabaqcadan müzakirə olunmur. Alışmışıq. Amma heç olmasa bu biçarə məmurlara normal təlimat keçmək lazım idi də.
 
Qərarı qəbul etmisiniz, onun düzgün olduğuna əminsiniz? Onda buyurun izah edin, əsaslandırın. Rəsmilər bunu etmir deyə, hansısa şairlər, bloqerlər, guya hüquq müdafiəçiləri və s. normal savada malik olmadan, məsuliyyət hissi duymadan başlayıblar İslamı və müsəlmanları alçatmağa, ağızlarına gələni danışmağa...
 
Əkrəm Həsənov
Hüquqşünas, vəkil