“Sən insansan, yoxsa müsəlman?..” -Dünyəviliklə müsəlmanlığı qarşı-qarşıya qoymaq böyük yanlışlıq və təhlükədir...”
14 Oct 2026, 10:50 16 baxış 26 dəq oxuma
“Dünyəvilik dinə düşmənçilik deyil. Müsəlmanlıq da dünyadan və insanlıqdan imtina deyil. Bunları bir-birinə qarşı qoymaq cəmiyyəti parçalaya, qarşılıqlı inamsızlığı dərinləşdirə bilər...”
“Ən böyük təhlükə başqasının fərqli yaşamasında deyil, öz düşüncəmizi yeganə doğru hesab edib onun naminə başqasının hüququnu tapdalamağa hazır olmağımızdadır...”
“İnsanın imanı da, dünyagörüşü də onun vicdanına aiddir. Dövlətin vəzifəsi isə bu vicdan azadlığını qorumaq, qanunun aliliyini təmin etmək və insanları bir-birinə düşmən etmədən ortaq vətəndaşlıq məkanında yaşatmaqdır..."
"Eyni məntiqsizliklə xoşuna gəlməyən kimsə bu sətirlərin ibadətkar müəllifini də İrana, nə bilim, Turana, Həbəşistana agentlikdə suçlaya bilər..."
“Burada mühüm məqamı unutmayaq: dünyəvi dövlət prinsipinin qorunması qadınları dini geyimlərinə görə təhsildən və ictimai həyatdan kənarlaşdırmaqla eyniləşdirilməməlidir. Eyni zamanda hicabın müdafiəsi də onu taxmaq istəməyən qadınlara təzyiq göstərilməsinə bəraət qazandırmamalıdır...”
“Türkiyənin tarixi təcrübəsi də göstərir ki, nə dünyəvilik adı ilə vicdan azadlığını məhdudlaşdırmaq, nə də din və siyasi ideologiya adı ilə zorakılığa haqq qazandırmaq cəmiyyətə sabitlik gətirir. Həqiqi sabitlik hüququn aliliyindən, fərdi azadlıqlardan, qarşılıqlı hörmətdən və siyasi rəqabətin dinc vasitələrlə aparılmasından keçir...”
“Mübahisəli qərarlar qəbul edilərkən aidiyyəti tərəflərin fikirləri dinlənilməli, hüquqi əsaslar açıq izah olunmalı, şikayət və mübahisələrin dinc həlli üçün əlçatan mexanizmlər yaradılmalıdır. Məqsəd bir tərəfin digərini susdurması deyil, qanun çərçivəsində ortaq həll tapılması olmalıdır...”
-FİKİR SAVAŞI...-
Son günlər orta məktəblərdə vahid məktəbli formasının tətbiqi ətrafında məmləkətdə qızışan müzakirələr, qarşılıqlı ittihamlar, gərginliyin fiziki qarşıdurmalara, vandallığa və həbslərə qədər gedib çıxması bir daha ciddi bir həqiqəti üzə çıxardı: biz hələ də dünyəviliyin nə olduğunu, İslamın nə tələb etdiyini və bu ikisinin hansı sərhədlər daxilində yanaşı mövcud ola biləcəyini cəmiyyət olaraq yetərincə dərk etmirik.
Məsələ yalnız məktəbli forması, baş örtüyü, uzun ətək, saqqal, namaz, yaxud hansısa inzibati qərarla bitmir. Məsələ insanın insana münasibətində, fərqli həyat tərzinə dözümlülüyündə, hüquqa hörmətində və ən başlıcası, düşüncə mədəniyyətindədir.
Dünyəvi olmaq dinsiz olmaqdırmı? Müsəlman olmaq müasir cəmiyyətə yadlaşmaqdırmı?..
Bu suallara cavab vermədən bir-birimizi ittiham etmək, qarşı tərəfi düşmən elan etmək, hətta zorakılığa əl atmaq nə hüquqa, nə əxlaqa, nə də dinə sığır...
Dünyəvilik nədir, nə deyil?..
Dünyəvilik dövlətin hər hansı bir dini məzhəbin, dini qurumun və ya ruhani hakimiyyətin idarəçiliyindən asılı olmaması, dövlət işlərinin qanunlar və ümumi vətəndaşlıq prinsipləri əsasında həyata keçirilməsidir. Dünyəvi dövlət vətəndaşın dinini onun hüquqlarının ölçüsünə çevirmir. İnsanı müsəlman, xristian, yəhudi, ateist olduğuna görə üstün və ya aşağı tutmur.
Dünyəvilik heç də dinə nifrət, dindara düşmənçilik, ibadətə istehza, dini geyimə görə insanı şübhəli şəxs saymaq demək deyil. Eləcə də dünyəvi dövlətin qanunlarına tabe olmaq, müasir elmə yiyələnmək, texnologiyadan istifadə etmək, dünyəvi təhsil almaq insanın imanından imtina etməsi anlamına gəlmir.
Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində dinin dövlətdən ayrı olduğu, bütün dinlərin qanun qarşısında bərabərliyi və dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığı təsbit edilib. Konstitusiyanın 48-ci maddəsi isə vicdan azadlığını, hər kəsin dinə münasibətini sərbəst müəyyənləşdirmək və heç bir dinə etiqad etməmək hüququnu tanıyır. Həmin maddəyə görə, dini etiqad və əqidə qanun pozuntusuna bəraət qazandırmır.
Deməli, dünyəvi dövlətin qanunlarına riayət etmək də, dini inancını azad yaşamaq da hüquqi çərçivədə mümkündür. Əsas şərt başqasının hüququnu tapdalamamaqdır.
Bəs nədən bəziləri dünyəvilik deyəndə dinə qarşı mübarizəni, bəziləri isə dindarlıq deyəndə dünyəvi qanunları rədd etməyi başa düşür?..
"Müsəlman" dedikdə niyə gözümüzün önünə yalnız zahiri görünüş gəlir?..
Azərbaycanda elə bir təsəvvür formalaşıb ki, bəzi insanlar “dindar” sözünü eşidən kimi qaşqabaqlı, saqqallı, əlində təsbeh gəzdirən, ətrafına şübhə və sərtliklə baxan kişini, yaxud qara çadralı qadını təsəvvür edirlər. Sanki insanın dini inancı onun üzündəki ifadədən, geyiminin rəngindən və zahiri görkəmindən oxunmalıdır...
Təəssüf ki, qarşı tərəfdə də eyni dərəcədə yanlış düşüncə mövcuddur. Bəzi dindarlar namaz qılmayanı, oruc tutmayanı, içki içəni, başını örtməyən qadını avtomatik olaraq əxlaqsız, haramxor, azğın, hətta imansız hesab edirlər...
Bir qisim insan başıörtülü qızı, uzun ətək geyinən qadını, namaz qılan kişini dərhal hansısa xarici dövlətin, o cümlədən İranın və ya ərəb ölkələrinin təsir agenti sayır. (Eyni məntiqsizliklə xoşuna gəlməyən kimsə bu sətirlərin ibadətkar müəllifini də İrana, nə bilim, Turana, Həbəşistana agentlikdə suçlaya bilər...) Digər qisim isə başını örtməyən qadının mənəviyyatına, namaz qılmayan kişinin əxlaqına yalnız zahiri görünüşünə əsasən hökm verir.
Az qalıb ki, hər bir tərəfin nümayəndələri bir-birinə qarşılıqlı olaraq belə bir sual versinlər: “Sən insansan, yoxsa müsəlman?..”
Bu nə düşüncədir? Bu nə mühakimədir? İnsan haqqında hökm vermək üçün onun guya qəlbini oxumaq səlahiyyətini bizə kim verib?..
İslamın özündə belə, niyyətin əhəmiyyəti vurğulanır. Peyğəmbərimiz Məhəmmədin (s) məşhur hədisində buyurulur: “Əməllər niyyətlərə görədir” (Səhih əl-Buxari, 1-ci hədis).
Bu, zahiri davranışın əhəmiyyətsiz olması deyil. Bu, insanın niyyətini, imanını və mənəviyyatını yalnız görünüşünə görə ölçməyin yanlışlığıdır.
Hər saqqallı mömin olmadığı kimi, saqqalsız da imansız deyil. Hər başıörtülü qadının bütün əxlaqi keyfiyyətləri qüsursuz olmadığı kimi, başını örtməyən qadın da əxlaqsız sayıla bilməz. İnsanın davranışına, əməlinə qiymət vermək olar, lakin bütöv bir insanı zahiri əlamətinə görə ittiham etmək ədalət deyil.
İslam yalnız Ərəbistanın, İranın, yaxud Əfqanıstanın dini deyil, o, Allahın dini olmaqla həm də bizim dinimizdir...
Azərbaycan dövləti dünyəvidir. Bu, Konstitusiyanın tələbidir. Ancaq Azərbaycan xalqının tarixi, mədəniyyəti və mənəvi irsi əsrlər boyu İslamla sıx bağlı olub. İslamı yalnız hansısa xarici dövlətin siyasi layihəsi kimi təqdim etmək də, dini kimliyi xarici siyasi təsirlərlə eyniləşdirmək də yanlışdır.
Bu gün bəzi 60-70 yaşlı ali savadlı sayılanlar da belə bir məntiqsiz, dardüşüncəli fikirlər nümayiş etdirirlər ki, giuya İslam dini yalnız İranın, yaxud Ərəbistanın, Əfqanıstanın dinidir və bütün inanclılar, o cümlədən hicablı xanımlar həmin ölkələrə getməlidir... Halbuki İslam dininə mənsub olmaq heç bir xarici dövlətin siyasi xəttini qəbul etmək demək deyil. Eyni zamanda dini inancın xarici siyasi təsir üçün istifadə edilməsi ehtimalı da bütün dindarlara şamil edilə bilməz.
Azərbaycan vətəndaşı öz dinini savadı, düşüncəsi, vicdanı və milli-mənəvi dəyərləri əsasında öyrənməli, dini kimliyini hər hansı xarici siyasi mərkəzin inhisarına buraxmamalıdır. İslamı öyrənmək üçün başqa xalqların tarixindən, alimlərindən və təcrübəsindən faydalanmaq olar, amma dini inanc siyasi asılılığın meyarına çevrilməməlidir.
Dövlət məmuru, məktəb direktoru, müəllim, alim və hüquqşünas dinə etiqad etməyə məcbur deyil. Lakin cəmiyyətin dini həssaslıqlarını anlamaq, qanunla vicdan azadlığı arasındakı əlaqəni dərk etmək onların peşəkar məsuliyyətinə daxildir.
Eyni zamanda din xadimi də dövlətin hüquqi quruluşunu, təhsil sisteminin mahiyyətini, uşaqların hüquqlarını və vətəndaş azadlıqlarını bilməlidir. Ortaq məxrəc yalnız bir-birimizi dinləməklə mümkündür...
Müsəlman bu dünya üçün yaşamırmı?..
Bəzi insanların təsəvvüründə müsəlman yalnız Axirət, Cənnət və Cəhənnəm haqqında düşünən, dünyəvi həyatın elmi, iqtisadi, mədəni və ictimai qayğılarından uzaq dayanmalı olan insandır. Halbuki İslamın əsas mətnlərində dünya həyatından üz döndərmək deyil, bu dünyada da məsuliyyətlə yaşamaq çağırışı var.
“Allahın sənə verdiyindən Axirət yurdunu qazanmağa çalış, dünyadakı nəsibini də unutma...” (28:77).
“Bəqərə” surəsinin 201-ci ayəsində isə belə dua öyrədilir:
“Ey Rəbbimiz! Bizə dünyada da yaxşılıq, Axirətdə də yaxşılıq ver və bizi Odun əzabından qoru!” (2:201).
Bu ayələrdə dünya ilə Axirət bir-birinə düşmən kimi qoyulmur. İnsandan həm bu dünyada xeyirli həyat yaşamaq, həm də mənəvi məsuliyyətini unutmamaq tələb olunur.
Müsəlman olmaq elmdən qaçmaq, kitab oxumamaq, texnologiyanı rədd etmək, iqtisadiyyatda, səhiyyədə, mədəniyyətdə və ictimai həyatda iştirak etməmək deyil.
Tarixə nəzər salaq: Əl-Xarəzmi riyaziyyatın inkişafına böyük töhfələr verib, İbn Sina tibb tarixində mühüm iz qoyub, Nəsirəddin Tusi astronomiya və riyaziyyat sahəsində çalışıb. Fatimə əl-Fihri ənənəvi tarixi mənbələrdə Mərakeşdə əl-Qəraviyyin təhsil ocağının banisi kimi tanınır. Müasir dövrdə isə müsəlman mənşəli alimlər, həkimlər, mühəndislər və sahibkarlar dünyanın müxtəlif ölkələrində elmin, texnologiyanın və iqtisadiyyatın inkişafında iştirak edirlər, hətta hicablı xanımlar təyyarə pilotluğu da edirlər...
Bu nümunələr göstərir ki, dini kimliklə elmi fəaliyyət arasında qaçılmaz ziddiyyət yoxdur. Əksinə, elmə, biliyə, əməyə və insanlara fayda verməyə dəyər verən dini ənənələr insanın inkişafına təkan verə bilər.
Əsl məsələ insanın hansı dini mənsubiyyət daşıması deyil, biliyini və imkanlarını hansı məqsədlə istifadə etməsidir...
Dünyəvi insanın və müsəlmanın hüquq və borcları bir-birindən nə qədər fərqlənir ki?..
Qurani-Kərimdə insanın mənəvi məsuliyyəti, ədalət və yaxşılıq dəfələrlə vurğulanır. “Nəhl” surəsinin 90-cı ayəsində Allah ədaləti, yaxşılıq etməyi və yaxınlara yardım göstərməyi əmr edir. “Hucurat” surəsinin 13-cü ayəsində insanların xalqlara və qəbilələrə ayrılmasının bir-birini tanımaq məqsədi daşıdığı, üstünlüyün isə təqva ilə əlaqələndirildiyi bildirilir.
“Əl-Maidə” surəsinin 8-ci ayəsində isə bir topluma qarşı nifrətin insanı ədalətsizliyə sövq etməməsi tələb olunur: ədalətli olun, bu, təqvaya daha yaxındır.
Bunlar yalnız məsciddə oxunmalı sözlər deyil. Bunlar küçədə, məktəbdə, iş yerində, məhkəmədə, ailədə və sosial şəbəkələrdə davranışımıza istiqamət verməli olan prinsiplərdir...
Müsəlman da azad olmalıdır, insan da…
Müsəlman da sərbəst düşünməli və qanun çərçivəsində fikrini ifadə etməlidir, insan da.
Müsəlman da zorakılıq etməməlidir, insan da…
Müsəlman da zorakılığa haqq qazandırmamalı, insan da…
Müsəlman da tapdanan haqqını tələb etməlidir, insan da…
Müsəlman da başqasının haqqının tapdanmasına göz yummamalıdır, insan da…
Müsəlman da yalan danışmamalıdır, insan da…
Müsəlman da əmanətə xəyanət etməməlidir, insan da…
Müsəlman da rüşvətdən, korrupsiyadan, haqsız qazancdan uzaq durmalıdır, insan da…
Müsəlman da qadına hörmət etməlidir, insan da…
Müsəlman da uşağın ləyaqətini və təhlükəsizliyini qorumalıdır, insan da...
Müsəlman da yaşlıya, xəstəyə, əlilə, kimsəsizə yardım etməlidir, insan da…
Müsəlman da fərqli düşünənə, yaşayana istehza və təhqirlə yanaşmamalıdır, insan da…
Müsəlman da elmi, biliyi, zəhməti və peşəkarlığı qiymətləndirməli, insan da…
Müsəlman da təbiəti qorumalı, ictimai əmlaka zərər vurmamalıdır, insan da…
Müsəlman da verdiyi sözə əməl etməlidi, insan da…
Müsəlman da öz səhvini etiraf etməyi bacarmalıdır, insan da…
Müsəlman da başqasının şəxsi həyatına, vicdanına və hüquqlarına hörmət etməlidir, insan da…
Müsəlman da nifrətin deyil, mərhəmətin dilində danışmalıır, insan da…
Bütün bunlar insanlığın ümumi əxlaqi prinsipləridir. İslam da öz mənəvi sistemində bu dəyərlərə xüsusi yer verir.
Bəs onda niyə bir-birimizi bu qədər asanlıqla düşmən elan edirik?..
Yasda Quran, həyatda isə Qurana yadlıq...
Cəmiyyətimizdə düşündürücü bir mənzərə də var. Bir insan dünyasını dəyişəndə onu müsəlman qaydası ilə dəfn edirik, cənazə namazı qılırıq, yas mərasimində Quran oxutdururuq. Lakin gündəlik həyatda həmin Kitabın buyurduğu ədalət, mərhəmət, dürüstlük və insan haqqı prinsiplərini nə dərəcədə yaşadırıq?
Quranı dəfn mərasimində dinləyib sonra onun ədalət çağırışını unutmaq; mərhuma rəhmət diləyib sağ insana zülm etmək; dini mərasimlərə hörmət göstərib namaz qılanı və ya hicablı qadını təhqir etmək; özünü dünyəvi hesab edib fərqli inanca dözümsüz yanaşmaq — bunlar hamısı düşünməyə vadar edən və bizlərin faktiki ikiüzlülüyə, riyakarlığa meylliyimizi təsdiqləyən ziddiyyətlərdir...
Ancaq bu tənqid yalnız dindarlara ünvanlanmamalıdır. Dinə inanmayan, yaxud özünü dünyəvi sayan insan da ədalətli, mərhəmətli, dürüst və məsuliyyətli olmaq borcunu daşıyır.
Heç kəsin əxlaqına yalnız dini mənsubiyyətinə, geyiminə və ya ibadət edib-etməməsinə əsasən hökm vermək olmaz. İnsan özünü hansı adla təqdim edirsə-etsin, davranışına görə məsuliyyət daşıyır.
Tarix bu qarşıdurmanın təhlükəsini dəfələrlə göstərib…
Dini və siyasi fərqlərin, dünyəviliklə dindarlığın qarşı-qarşıya qoyulması düşmənçiliyə çevrilməsi tarixdə ağır faciələrə səbəb olub. XVI əsrdə Fransada katoliklərlə protestantlar arasında baş verən dini müharibələr 1562–1598-ci illərdə ölkəni uzunmüddətli zorakılıq və qarşıdurma içində saxladı. Bu münaqişələr yalnız teoloji fikir ayrılıqlarından deyil, siyasi hakimiyyət uğrunda mübarizədən və başqa amillərdən də qaynaqlanırdı. 1598-ci il Nant fərmanı protestantlara müəyyən hüquqlar tanımaqla sülhə yol açdı. (Britannica, “Edict of Nantes”.)
Şimali İrlandiyada isə katolik və protestant icmaları ilə əlaqələndirilən kimlik fərqləri siyasi, milli və sosial ziddiyyətlərlə birləşərək onilliklər boyu davam edən qarşıdurmanın tərkib hissəsinə çevrildi. 1998-ci il Belfast, yaxud Xeyirli Cümə sazişi siyasi nizamlanma yolunda mühüm mərhələ oldu. Burada da münaqişəni yalnız dinlə izah etmək düzgün olmazdı.
Türkiyənin acı təcrübəsi: hicab qadağaları, siyasi qütbləşmə və qanlı qarşıdurmalar...
Dünyəviliklə dindarlığın qarşı-qarşıya qoyulmasının, siyasi və ideoloji fərqlərin düşmənçiliyə çevrilməsinin hansı nəticələr doğura biləcəyini görmək üçün uzaq tarixə getməyə də ehtiyac yoxdur. Türkiyənin yaxın keçmişi bu baxımdan ciddi dərslərlə doludur.
Türkiyə Cümhuriyyətinin tarixində dünyəvilik uzun müddət dövlət quruluşunun əsas prinsiplərindən biri kimi müdafiə olunub. Lakin ayrı-ayrı dövrlərdə bu prinsipin tətbiqi dini simvollar, xüsusilə qadınların hicab taxmaq hüququ ətrafında ciddi mübahisələrə səbəb olub.
1980-ci il hərbi çevrilişindən sonra ali təhsil sisteminə nəzarət gücləndirildi, universitetlərdə siyasi və ideoloji məhdudiyyətlər tətbiq olundu. Sonrakı illərdə hicablı qadınların universitetlərə daxil olması, dərslərdə iştirak etməsi və dövlət müəssisələrində işləməsi ilə bağlı məhdudiyyətlər daha geniş müzakirə mövzusuna çevrildi.
1997-ci il fevralın 28-də Türkiyənin Milli Təhlükəsizlik Şurasının qərarları ilə başlayan və sonradan “28 Fevral prosesi” adlandırılan dövr dini-mühafizəkar dairələrə qarşı dövlət təzyiqlərinin güclənməsi ilə yadda qaldı. Həmin dövrdə hərbçilərin siyasi həyata müdaxiləsi nəticəsində baş nazir Nəcməddin Ərbakanın rəhbərlik etdiyi hökumət istefaya getdi. Hicab qadağaları universitetlərdə daha sərt tətbiq olundu, dini geyimə üstünlük verən tələbə və əməkdaşlar təhsil və peşə həyatında maneələrlə üzləşdilər. “Human Rights Watch” bu məhdudiyyətlərin qadınların təhsil hüququna, vicdan və din azadlığına mənfi təsir göstərdiyini qeyd edirdi…
1999-cu ildə hicablı deputat Merve Kavakçının parlamentdə and içmək cəhdi də ölkədə kəskin siyasi mübahisəyə çevrildi. Onun geyimi parlamentdə və siyasi dairələrdə ciddi etirazlarla qarşılandı. Hadisə Türkiyədə dünyəvilik, dini azadlıq və seçilmiş nümayəndənin hüquqları ətrafındakı ziddiyyətlərin simvollarından biri oldu. ABŞ Dövlət Departamentinin həmin dövrə dair hesabatında hicab qadağasına qarşı etiraz aksiyaları, saxlanmalar və Kavakçının işi ilə bağlı mübahisələr sənədləşdirilib. ABŞ Dövlət Departamenti
Burada mühüm məqamı unutmayaq: dünyəvi dövlət prinsipinin qorunması qadınları dini geyimlərinə görə təhsildən və ictimai həyatdan kənarlaşdırmaqla eyniləşdirilməməlidir. Eyni zamanda hicabın müdafiəsi də onu taxmaq istəməyən qadınlara təzyiq göstərilməsinə bəraət qazandırmamalıdır. Həqiqi vicdan azadlığı qadının həm hicab taxmaq, həm də taxmamaq seçiminin qorunmasını tələb edir.
Türkiyənin digər ağır təcrübəsi isə 1970-ci illərdə solçu və sağçı siyasi qruplar arasında genişlənən zorakılıqdır. Həmin illərdə siyasi qütbləşmə, iqtisadi böhran, radikal təşkilatların fəaliyyəti və dövlət institutlarının böhrana adekvat cavab verə bilməməsi ölkədə ağır nəticələr doğurdu.
1978-ci ilin dekabrında Kahramanmaraşda baş verən hadisələr bunun ən faciəli nümunələrindən biridir. Siyasi və məzhəbi gərginliyin içində alovlanan zorakılıq nəticəsində rəsmi rəqəmlərə görə, 111 nəfər öldürüldü, mindən çox insan yaralandı, yüzlərlə ev və iş yeri dağıdıldı. Qurbanların əhəmiyyətli hissəsi ələvi icmasına mənsub idi. Hadisələrdən sonra bir sıra vilayətlərdə hərbi vəziyyət tətbiq olundu. Kahramanmaraş Sütçü İmam Universitetinin elmi araşdırması
1980-ci ildə Çorumda baş verən zorakılıqlar da siyasi və məzhəbi qütbləşmənin ağır nəticələrini göstərdi. Bu hadisələrdə də insanlar siyasi baxışlarına və icma mənsubiyyətlərinə görə hədəfə çevrildilər. “Human Rights Watch”-un Türkiyədə keçmiş qətllər və insan hüquqları pozuntuları ilə bağlı hesabatında Maraş və Çorum hadisələri 1970-ci illərin sonundakı siyasi zorakılıq və 1980-ci il hərbi çevrilişinə aparan böhran kontekstində xatırladılır…
1976–1980-ci illərdə Türkiyədə solçu, ultramillətçi sağçı və digər silahlı qrupların iştirak etdiyi siyasi zorakılıq nəticəsində 5 mindən çox insanın öldüyü barədə elmi araşdırmalar mövcuddur. Bu zorakılıq demokratik institutları zəiflətdi və 1980-ci il sentyabrın 12-də baş verən hərbi çevrilişə aparan şəraitin formalaşmasına töhfə verdi. Çevrilişdən sonra minlərlə insan həbs edildi, işgəncə və siyasi repressiyalar barədə çoxsaylı məlumatlar yayıldı, universitetlər və siyasi təşkilatlar üzərində nəzarət sərtləşdirildi…
Bütün bu hadisələrdən çıxarılası nəticə budur: cəmiyyətdəki fikir ayrılıqları hüquqi və demokratik mexanizmlərlə həll edilmədikdə, rəqib tərəf düşmən kimi təqdim edildikdə, dini və siyasi kimliklər insanları hədəfə çevirmək üçün istifadə olunduqda faciələr qaçılmaz dərəcədə dərinləşə bilər.
Türkiyənin tarixi təcrübəsi də göstərir ki, nə dünyəvilik adı ilə vicdan azadlığını məhdudlaşdırmaq, nə də din və siyasi ideologiya adı ilə zorakılığa haqq qazandırmaq cəmiyyətə sabitlik gətirir. Həqiqi sabitlik hüququn aliliyindən, fərdi azadlıqlardan, qarşılıqlı hörmətdən və siyasi rəqabətin dinc vasitələrlə aparılmasından keçir.
Azərbaycan üçün də əsas dərs budur: hicablı qadın, namaz qılan kişi, dünyəvi həyat tərzi keçirən vətəndaş, solçu, sağçı və ya fərqli düşüncəyə malik başqa bir insan — heç biri yalnız kimliyinə görə düşmən elan edilməməlidir. Qanun hamı üçün eyni işləməli, insanın ləyaqəti və hüquqları siyasi, dini və ideoloji qarşıdurmaların qurbanına çevrilməməlidir.
Bu tarixi təcrübələrdən çıxan nəticə sadədir: dini kimlik siyasi rəqabətin, ayrı-seçkiliyin və düşmənçiliyin alətinə çevriləndə cəmiyyətin bütövlüyü təhlükə altına düşür. Dünyəvilik də dini sıxışdırmaq üçün, din də başqasının hüquqlarını məhdudlaşdırmaq üçün istifadə edilməməlidir…
Bəs yersiz qarşıdurmalardan qaçmaq üçün nə etməliyik?..
İlk növbədə, dövlət və cəmiyyət dünyəviliklə dini inanc arasında süni düşmənçilik yaradan düşüncə ilə mübarizə aparmalıdır. Bu mübarizə qadağalarla və qarşılıqlı təhqirlərlə deyil, maarifləndirmə, hüquqi savadlılıq və dialoqla aparılmalıdır.
Məktəblərdə dinlər haqqında elmi və neytral məlumat verən, dinləri təbliğ etmək və ya tənqid etmək məqsədi daşımayan dərslərin tətbiqi müzakirə oluna bilər. Belə dərslər şagirdlərə İslamı, xristianlığı, yəhudiliyi və digər dini ənənələri, eləcə də dini olmayan dünyagörüşlərini tanımağa, fərqləri anlamağa və ayrı-seçkilikdən uzaq durmağa kömək edər. Bunun üçün müəllimlər xüsusi hazırlanmalı, məzmun elmi standartlara və insan hüquqlarına uyğun qurulmalıdır.
Dövlət qulluqçuları, məktəb direktorları, müəllimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları vicdan azadlığı və dini müxtəliflik barədə mütəmadi təlimlər keçməlidirlər. Dini qurumlar da maarifləndirmədə, zorakılığın rədd edilməsində və qarşılıqlı hörmətin təşviqində məsuliyyət daşımalıdırlar.
Media və sosial şəbəkələrdə dini geyimə, ibadətə və ya dünyəvi həyat tərzinə görə insanları hədəfə alan təhqir və damğalama halları normallaşdırılmamalıdır. Eyni zamanda din adı altında zorakılığa, ayrı-seçkiliyə və qanun pozuntularına bəraət qazandırılmasına da yol verilməməlidir.
Mübahisəli qərarlar qəbul edilərkən aidiyyəti tərəflərin fikirləri dinlənilməli, hüquqi əsaslar açıq izah olunmalı, şikayət və mübahisələrin dinc həlli üçün əlçatan mexanizmlər yaradılmalıdır. Məqsəd bir tərəfin digərini susdurması deyil, qanun çərçivəsində ortaq həll tapılması olmalıdır…
Digər din mənsubları kimi müsəlman da öz inancını yaşamaq hüququna malikdir. Dindar olmayan insan da öz seçiminə görə təzyiqə məruz qalmamalıdır. Dövlət hər ikisinin hüquqlarını qorumalı, heç birini digərinin qarşısında hüquqsuz vəziyyətə salmamalıdır.
Dünyəvilik dinə düşmənçilik deyil. Müsəlmanlıq da dünyadan və insanlıqdan imtina deyil. Bunları bir-birinə qarşı qoymaq cəmiyyəti parçalaya, qarşılıqlı inamsızlığı dərinləşdirə bilər. Ən böyük təhlükə başqasının fərqli yaşamasında deyil, öz düşüncəmizi yeganə doğru hesab edib onun naminə başqasının hüququnu tapdalamağa hazır olmağımızdadır.
İnsanın imanı da, dünyagörüşü də onun vicdanına aiddir. Dövlətin vəzifəsi isə bu vicdan azadlığını qorumaq, qanunun aliliyini təmin etmək və insanları bir-birinə düşmən etmədən ortaq vətəndaşlıq məkanında yaşatmaqdır. İnsanı onun əməli, münasibəti, vicdanı və başqasının haqqına hörməti ilə tanıyaq. Çünki insanlıqla müsəlmanlığı qarşı-qarşıya qoymaq əvəzinə, insanlıq naminə yaşamağı, inanca hörmət etməyi və qanuna riayət etməyi bacarsaq, həm dinin, həm də dünyəvi dövlətin qorumağa çalışdığı ortaq dəyərlərə daha yaxın olarıq...