2-ci tip diabet uzun müddət nəzərəçarpan əlamətlər olmadan inkişaf edə bilər. Düzgün qidalanma, fiziki aktivlik və çəkiyə nəzarət isə xəstəliyin yaranma riskini azaltmağa kömək edə bilər.
Moderator.az xəbər verir ki, qan şəkərinin uzun müddət yüksək olması karbohidrat mübadiləsinin pozulmasına işarə edə bilər. Güclü susuzluq, tez-tez sidiyə getmə, ağız quruluğu, yorğunluq və yaraların gec sağalması diabetin mümkün əlamətlərindəndir. Lakin bəzi insanlarda bu simptomlar ümumiyyətlə müşahidə olunmur.
Riski azaltmaq üçün 5 əsas addım:
Sağlam qidalanın: Tərəvəzlərə, tam taxıllara və zülal mənbələrinə üstünlük verin. Şəkərli içkiləri və həddindən artıq emal olunmuş qidaları məhdudlaşdırın.
Hərəkətli olun: Gəzinti, pilləkənlə qalxmaq və gündəlik fiziki fəaliyyət orqanizmin qlükozadan istifadəsini yaxşılaşdırır.
Çəkinizə nəzarət edin: Artıq çəki, xüsusilə qarın nahiyəsində piylənmə, 2-ci tip diabet riskini artıra bilər.
Qan şəkərinizi yoxladın: Ailəsində diabet olan, artıq çəkidən əziyyət çəkən və ya digər risk amilləri daşıyan şəxslər müayinələrə diqqət yetirməlidirlər.
Əlamətləri nəzərə alın: Davamlı susuzluq, tez-tez sidiyə getmə və səbəbsiz yorğunluq müşahidə olunarsa, həkimə müraciət edin.
Diabet riskinin qiymətləndirilməsində acqarına qan şəkəri və qlikozilləşdirilmiş hemoqlobin (HbA1c) analizlərindən istifadə olunur.
Mütəxəssislər vurğulayırlar ki, diabetdən qorunmaq üçün tək bir qida və ya üsul kifayət etmir. Sağlam həyat tərzi və vaxtında müayinə xəstəliyin riskini azaltmaqda mühüm rol oynayır.