Lavrov Bakıya nə gətirdi? Moskvanın “Şimal-Cənub” dəhlizi və TRIPP planı nədir?..-Politoloqdan EKSKLÜZİV
14 Oct 2026, 17:47 10 baxış 3 dəq oxuma
"Rusiyanın bu istiqamətdəki təşəbbüsləri Azərbaycanın digər aparıcı dövlətlərlə münasibətlərinə mənfi təsir göstərə, ölkəmizi müxtəlif güc mərkəzlərinin maraqlarının toqquşduğu vəziyyətlə üz-üzə qoya bilər..."
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak etmək üçün Bakıya gəlib. Son məlumatlara görə, bir az öncə Rusiya diplomatiyasının rəhbərini daşıyan təyyarə Bakı hava limanına enib. Lavrovun səfəri çərçivəsində Azərbaycan rəhbərliyi ilə bir sıra regional və geosiyasi məsələlərin müzakirə oluna biləcəyi ehtimal edilir.
Politoloq Qabil Hüseynlinin Moderator.az-a açıqlamasına görə, Rusiya XİN rəhbəri səfərindən istifadə edərək Azərbaycan rəhbərliyi ilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizdən keçən hissəsi ilə bağlı məsələləri, eləcə də Moskvanın Zəngəzur marşrutu və TRIPP layihəsi ilə əlaqədar narahatlıqlarını müzakirə edə bilər.
Politoloq hesab edir ki, “Şimal-Cənub” dəhlizinin Azərbaycan ərazisindən keçməsi ölkəmiz üçün iqtisadi baxımdan faydalı ola, yaxın gələcəkdə dövlət büdcəsinə əlavə gəlirlər gətirə bilər. Bununla belə, onun fikrincə, layihənin geo-siyasi və geo-iqtisadi nəticələri də diqqətlə qiymətləndirilməlidir.
Qabil Hüseynlinin qənaətinə görə, Rusiyanın bu istiqamətdəki təşəbbüsləri Azərbaycanın digər aparıcı dövlətlərlə münasibətlərinə mənfi təsir göstərə, ölkəmizi müxtəlif güc mərkəzlərinin maraqlarının toqquşduğu vəziyyətlə üz-üzə qoya bilər.
TRIPP layihəsinə münasibətdə isə politoloq hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin marşrutun ABŞ Prezidenti Donald Trampın adı ilə əlaqələndirilməsini və onun Birləşmiş Ştatların nəzarəti altında fəaliyyət göstərməsini istəmir. Hüseynlinin fikrincə, Moskva bu narahatlığını müxtəlif fürsətlərdə Azərbaycanın diqqətinə çatdırmağa çalışır.
Politoloq ehtimal edir ki, Sergey Lavrov da Bakı səfəri zamanı bu məsələləri Azərbaycan rəhbərliyi ilə müzakirə edə və Rusiyanın mövqeyini bir daha diqqətə çatdıra bilər.
Beləliklə, Rusiya diplomatının Bakıya səfəri yalnız AQEM sammitində iştirak baxımından deyil, həm də regionda nəqliyyat-kommunikasiya xətlərinin gələcəyi, Azərbaycanın tranzit imkanları və böyük dövlətlərin Cənubi Qafqazdakı maraqları kontekstində diqqət çəkir.