Tarixin qəribə bir ədaləti var: böyük vəzifələr kiçik düşüncələri böyütmür, əksinə, kiçik düşüncələr böyük vəzifələrin məsuliyyətini daşıya bilmədiyini açıq-aydın üzə çıxarır.
Dövlətlər qurulur, dövlət adamları yetişir, siyasi vəzifələr dəyişir, müşavirlər gəlir-gedir; ancaq xalqların tarixi yaddaşında hər kəsə eyni yer ayrılmır. – Kimi dövlətin yaddaşına xidmətləri ilə, kimi ictimai yaddaşa vurduğu zədə ilə daxil olur; kimi də bir müddət sonra tutduğu vəzifədən başqa xatırlanacaq heç nə qoymur.
Qardaş Türkiyə Cümhuriyyəti Prezidentinin Baş müşaviri Oktay Saralın Azərbaycanla bağlı son açıqlaması məni bax, bu baxımdan düşündürdü.
Söhbət yalnız bir məktəbli geyimindən, yalnız hicabdan, yalnız dünyəviliklə dini etiqad azadlığı arasındakı münasibətdən getmir; söhbət dövlət məsuliyyətindən, qardaş ölkənin suverenliyinə münasibətdən, tarixi müttəfiqliyin mənəvi həssaslığından və ən başlıcası, dövlət ağlı ilə ideoloji emosiyanın fərqindən gedir.
Oktay Saral oktyabrın 12-də Azərbaycanda hicablı şagirdlərin təhsil hüquqlarının məhdudlaşdırıldığını bildirərək ölkəmizi bu yanaşmadan imtinaya çağırıb. Onun ifadələrində dini həssaslıqla yanaşı, Azərbaycan dövlətinin mövqeyinə qarşı sərt siyasi mühakimə də görünür. Halbuki konkret hadisələrin bütün hüquqi və faktiki tərəflərini aydınlaşdırmadan, bölgədəki qum bataqlığını və s. gerçəkləri unudaraq bütöv dövlət siyasətinə hökm vermək nə siyasi ehtiyatlılıqdır, nə də diplomatik məsuliyyət…
Qardaş Türkiyə Prezidentinin Baş müşaviri Can Azərbaycanın dövlətçilik fəlsəfəsini, konstitusion quruluşunu, tarixi təcrübəsini və dünyəvilik seçimini nə dərəcədə dərindən bilir? – Bilmirsə də, öyrənmək imkanları geniş olmalı. Bilirsə, onda niyə hərtərəfli danışmalıykən bu qədər birtərəfli danışır? Axı müşavirlik həm də sözün mümkün nəticələrini qabaqcadan hesablamaq bacarığıdır. Müşavir dövlət ağlına yaxınlığı ilə seçilməlidir.
Oktay Saral Türkiyə Cümhuriyyətinin yüksək vəzifəli dövlət məmurudur. Həmin Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Paşa Atatürkdür.
Atatürkün dava arkadaşları ilə qəhrəmanlıqla yaratdığı Cümhuriyyətin tarixi önəmini yalnız bir hakimiyyət dəyişikliyi ilə izah etmək olmaz. Bu, dövlətin hüquqi və dünyəvi əsaslarla yenidən təşkili, təhsilin çağdaşlaşdırılması, vətəndaşlıq anlayışının möhkəmləndirilməsi və milli iradənin siyasi hakimiyyətin qaynağına çevrilməsi demək idi.
Azərbaycanın dünyəvi dövlətçilik gələnəyinin də öz tarixi qaynaqları vardır. Hələ 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti Gündoğarın İslam kəsimində parlamentarizm, vətəndaş hüquqları və milli özünüidarəçilik baxımından mühüm təcrübə yaratmışdı.
Bu baxımdan Atatürk Cümhuriyyəti ilə Azərbaycan Cümhuriyyəti arasında siyasətdən ötə dərin mədəni-fəlsəfi yaxınlıq mövcuddur.
Tehran mərkəzli İslam Cümhuriyyəti isə hələ 1979-cu ildə qurulacaq və dərhal da anti-Cümhuriyyət məzhəbçiliyində batmağa, türklərin anadilli məktəb hüququna arxa çevirməyə başlayacaqdı…
Dünyəvilik dövlətin bütün vətəndaşlara bərabər hüquqi münasibətinin təminatıdır. Dini etiqad azadlığı ilə dünyəvi təhsil prinsipi arasında yaranan məsələlər isə hüquq, pedaqogika, ictimai dialoq və uşağın mənafeyi əsasında çözülməlidir.
Bəli, bizlərdə heç bir uşağın təhsil hüququnu məhdudlaşdırmaq kimi bir niyyət olmayıb, yoxdur, olmayacaq; bununla belə, dini azadlıqların müdafiəsi adı altında başqa bir suveren dövlətin dünyəvi təhsil modelini ideoloji hücum hədəfinə çevirənlərlə eyni cərgədə olmaq da doğru sayıla bilməz.
Ayrıca, əgər Saralın Atatürk irsinə, Atatürk mədəni inqilablarına münasibəti barədə ictimai suallar yaranırsa, bunların da cavabı verilsə yaxşı olmazdımı?
Bir prinsip isə mübahisəsizdir: Atatürkün qurduğu Cümhuriyyətdə yüksək vəzifə tutan hər kəsin həmin dövlətin konstitusion və tarixi təməllərinin anlamını dərindən dərk etməsi alternativlərin ən yaxşısıdır.
Yadıma illər öncənin başqa bir olayı düşür.
Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlunun Baş müşaviri olmuş Etyen Mahçupyan 2015-ci ildə 1915-ci il Osmanlı–erməni hadisələrini “soyqırımı” kimi qiymətləndirən açıqlaması ilə ciddi mübahisələrə səbəb olmuşdu.
Mahçupyanın erməni əsilli olması onun vətəndaşlıq hüquqlarına və dövlət vəzifəsi tutmaq imkanına kölgə salmırdı; burada müzakirə mövzusu onun etnik mənsubiyyəti yox, dövlətin rəsmi mövqeyindən fərqlənən tarixi-siyasi mühakimələrinin yaratdığı ictimai rezonans idi.
Maraqlıdır, Mahçupyanın müşavirlik fəaliyyəti bitəndən sonra da həmin mübahisələr onun adı ilə yanaşı xatırlandı. Bu gün onun yazıçı və siyasi yorumçu kimi fəaliyyətini davam etdirib-etdirməməsi ilgimizi çəkmir. – Deməli, yüksək dövlət vəzifəsi ilə ictimai nüfuzun eyni şey olmadığı apaydındır.
Əlbəttə, Mahçupyanla Saralın mövqeləri, toxunduqları məsələlər tamam başqadır. Onları müqayisə etməyimin səbəbi başqa bir ortaq məqamdır: dövlətin ən yüksək idarəçilik dairələrinə yaxın şəxsin açıqlaması bəzən onun şəxsi mövqeyindən daha böyük siyasi anlam qazana bilir.
Müşavir sözünün çəkisi vəzifəsinin çəkisi ilə artır. Elə məsuliyyəti də!
Bax, burada siyasi özkeçmişlərdən daha önəmli bir həqiqət də üzə çıxır: dövlətin nüfuzunu keçici olaraq daşıyan şəxslə həmin nüfuzun tarixi qaynağı bir-birinə qarışdırılmamalıdır.
Nə Mahçupyan Türkiyə dövlətinin özü idi, nə də Saral Türkiyə–Azərbaycan münasibətlərinin mahiyyətini müəyyənləşdirən tarixi iradədir.
Azərbaycanla Türkiyənin münasibətlərinin adi dövlətlərarası işbirliyi olmadığı bəsbəlli… Bu münasibətlərin tarixi dərinliyində ortaq dil, mədəniyyət, ədəbiyyat, mənəviyyat, istiqlal düşüncəsi, qarşılıqlı fədakarlıq və siyasi tale ortaqlığı dayanır.
Nəhayət, 2021-ci ilin Şuşa Bəyannaməsi və başqa örnəklər münasibətlərimizin müxtəlif tarixi mərhələlərdəki parlaq təzahürüdür.
Bu miqyasın qarşısında ayrı-ayrı məmurların düşünülməmiş açıqlamaları nə qədər kiçik görünür!
Biz qardaşıq və əsl qardaşlıq, əlbəttə, bərabərlik üzərində ucalır.
Biz qardaşımızın daxili ictimai müzakirələrinə hansı ehtiyatla yanaşırıqsa, qardaşımızdan da bizə münasibətdə eyni həssaslığı gözləməyimiz təbiidir.
Əsl qardaşlıq tənqidi istisna etmir – bəli; ancaq qardaşcasına tənqidlə ideoloji təzyiq arasında ciddi fərq vardır.
Məsələyə kulturoloji baxımdan yanaşdıqda daha bir məqam görünür. – Hər bir dövlətin mənəvi və mədəni sərhədləri də vardır. Bunlar onun tarixi yaddaşı, ictimai müqaviləsi, hüquqi gələnəkləri, dünyagörüşü və gələcək haqqında təsəvvürləri ilə müəyyənləşir.
Yüksək səviyyəli müttəfiqlik bir-birinin mədəni özünəməxsusluğunu tanımaq bacarığı tələb etmirmi? – Eyni dildə danışdığın insanın fərqli tarixi təcrübəsini də anlamaq, başqasının da öz dəyərlərini yaşatmaq haqqını qəbul etmək, sözün harada, nə zaman və hansı məsuliyyətlə deyilməli olduğunu bilmək – bax, bütün bunlar qardaşlıq hüququnun mədəni əsaslarıdır. – Dövlət adamının söykəndiyi mədəni əsas isə bütün bunlara əlavə olaraq, ictimai emosiyanı dövlətlərarası münasibətlərə zərər verməyəcək səviyyədə idarə edə bilməsidir.
Bəli, Sarallar saralar, Şuşa Bəyannaməsi isə Azərbaycan–Türkiyə qardaşlığının əbədiyaşar çinarı kimi yeni pöhrələr verər.
Bəli, Saralın açıqlaması Azərbaycan ictimaiyyətində haqlı suallar doğurdu; YAP-ın oktyabrın 13-dəki açıqlaması da məsələnin artıq adi sosial media mübahisəsinin sərhədlərini aşdığını göstərdi.
Biz istəməzdik ki, bir müşavirin, bir neçə deputat və partiya liderinin sözləri qardaş xalqların qarşılıqlı sevgisinin üzərinə kölgə salsın.
Bizim Türkiyəmiz yalnız Ankaradakı bəzi qurumlar deyil. Bizim Türkiyəmiz Çanaqqaladır, Sakaryadır, Qarsdır, İstanbuldur, Anadolunun hər qarışıdır… Bizim Türkiyəmiz Atatürkün istiqlal iradəsidir, Nuru Paşanın Bakı yoludur, Yunus Əmrənin könül dilidir…
Bizim Türkiyəmiz 2020-ci ildə Azərbaycanla eyni ürək döyüntüsünü yaşayan milyonların Türkiyəsidir.
Eynilə Türkiyə üçün Azərbaycan həm də Gəncədir, Şuşadır, Naxçıvandır, Qarabağdır, Xəzərdir, Zəngəzur Yoludur, Göyçə həsrətidir, ortaq yaddaşımızın və gələcəyimizin ayrılmaz parçasıdır.
Bu münasibətləri bir müşavir və bir neçə ictimai-siyasi xadim yaratmayıb ki, onlar da dağıda bilsin.
Tarixin uzun yaddaşında vəzifələr müvəqqətidir; davamlı olan dərin dövlətçilik gələnəyidir.
Saralın gələcək siyasi taleyinin necə olacağını, mövcud açıqlamasını sabah-birisigün necə yorumlayacağını da bilmirik. Bəlkə, özü də bir gün bu məsələyə daha geniş dövlətçilik üfüqündən baxacaq. Ancaq bir şeyi bilirik: Azərbaycan–Türkiyə qardaşlığı müşavirlərin siyasi ömründən qat-qat böyükdür.
Bu qardaşlıqda həm Atatürkün Cümhuriyyət irsinə, həm Azərbaycan Xalq Cümhuriyyətinin dünyəvi dövlətçilik gələnəyindən başlayan yola, həm də çağdaş müttəfiqliyimizin hüquqi-siyasi əsaslarına, hazırkı siyasi iradəyə sayğı göstərilməsi işin ən gözəlidir.
Bəli, qardaşlığımız gündəlik siyasi ritorikadan daha böyük tarixi anlam daşıyır.
Müşavirlər gəlib-keçər, vəzifələr dəyişər, mövhumat qarışmış siyasi ehtiraslar səngiyər… Bakı ilə Ankaranın arasında ucalan qardaşlıq bayrağı isə ilələlbət qalacaq – uca qalacaq! Çün, o bayrağı tarix qaldırıb, millət qaldırıb, şəhidlərin ruhi gücü qaldırıb!
Əkbər QOŞALI