12 oktyabr tarixində Heydər Əliyev Mərkəzində “44” bədii filminin nümayişi baş tutub.


Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki qəhrəmanlığına həsr olunan, böyük maraq və heyranlıqla qarşılanan filmlə bağlı Moderator.az-a açıqlama verən akademik Nizami Cəfərov, bu cür filmlərin qəhrəmanlıq tarixmizin əbədiləşdirilməsi və təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib:






“44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıqlar hərb tarixmizdə misli görünməyə, bənzəri olmayan qəhrəmanlıqlardır. Bu zəfər, ona aparan yol daim təhlil olunmalıdır. Ordumuzun göstərdii qəhrəmanlıqlar həm elmi, həm hərbi, həm də ədəbi-bədii tərəfdən öyrənilməli, şərh edilməlidir. Vətən müharibəsinin hər anı, bu müharibədə göstərilən hər bir qəhrəmalıq ruhumuza, yaddaşımıza hopdurulmalıdır. Bu, gələcək tarixi zəfərlərimiz davamı baxımından da vacibdir.


Vətən müharibəsində əldə edilən zəfər xalqımızın saf ruhunun, milli mənliyinin, iradə və ləyaqətinin göstəricisidir. Bu zəfər xalqımızın uzunmüddətli mübarizəsinin nəticəsi olaraq oraya çıxıb.


Qeyd edim ki, xalqımız da, dövlətimiz də heç vaxt məğlubiyyətlə barışmadı. Prezidentimizin də qeyd etdiyi kimi, Azərbaycan maddi imkanlar əldə etdi və bundan sonra qələbəyə nail oldu. Bu qələbə, hərbi qələbəmiz olmaqla yanaşı, həm də mənəvi qələbəmiz oldu.


Bu baxımdan, Vətən müharibəsi ilə bağlı belə bir filmin ərsəyə gəlməsi olduqca böyük hadisədir və mən bu böyük hadisə münasibətilə bütün yaradıcı kollektivi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Eyni zamanda, hesab edirəm ki, biz bundan sonra da Vətən müharibəsi ilə bağlı filmlərin çəkilməsini, ədəbi-bədii əsərlərin hazırlanmasını diqqət mərkəzində saxlamalı, bu istiqamətdə yeni addımlar atmalıyıq”.


Xatırladaq ki, “44” filminin bədii rəhbəri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovdur.


Seymur ƏLİYEV