Məşhur Məmmədov: “Yaxşı olar ki, rəsmi Paris öz daxili problemlərinin həlli ilə məşğul olsun”
“Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forumun”da çıxışı zamanı Azərbaycanın ünvanına səsləndirdiyi ittihamlar əsassızdır və reallğı əks etdirmir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan heç vaxt heç bir dövlətin daxili işlərinə müdaxilə etməyib, əksinə, özü bu cür qanunsuz və əxlaqazidd müdaxilələrə məruz qalıb:
“Azərbaycanın guya Fransanın daxili işlərinə qarışması ilə bağlı rəsmi Parisin verdiyi açıqlamalar həqiqətdən uzaqdır və tamamilə böhtan xarakteri daşıyır. Əksinə, Azərbaycanın özü zaman-zaman kənar dövlətlər, eləcə də Fransa tərəfindən bu cür xoşagəlməz hallarla qarşılaşıb, dövlətimizin daxili işlərinə müdaxilə etməyə cəhd olunub. Lakin bütün bu cəhdlərin qarşısı Azərbaycan dövləti, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə alınıb və bundan sonra da alınacaq. Bu baxımdan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) verdiyi bəyanat son dərəcə yerindədir və dövlətimizin haqlı mövqeyini, təzyiq və dezinformasiyalara qarşı mübarizə əzmini əks etdirir. Yaxşı olar ki, rəsmi Paris Azərbaycan əleyhinə qərəzli mövqe sərgiləmək yerinə öz daxili problemlərinin həlli ilə məşğul olsun ”.
Məlumat üçün qeyd edək ki, XİN-nin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tədbirində Azərbaycan əleyhinə səsləndirdiyi iddiaya münasibət bildirib. XİN yetkilisi “Fransa tərəfini Azərbaycanla bağlı əsassız iddialara son qoymağa, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə” çağırırıb.
Seymur ƏLİYEV