“Tramp hakimiyyəti davam etsə, on milyonlarla insan həlak olacaq...” – Məşhur jurnalist
15 Oct 2026, 07:27 10 baxış 3 dəq oxuma
"Onun öz ölkəsində prezident seçkilərində qələbəsi böyük Amerika və böyük dünya faciəsi, fəlakətdir...”
ABŞ Prezidenti Donald Trampın yenidən hakimiyyətə qayıtması dünyada qeyri-sabitliyi dərinləşdirib və genişmiqyaslı hərbi toqquşma riskini artırıb. Ukraynalı jurnalist və publisist Vitali Portnikov hesab edir ki, mövcud siyasi kurs davam edərsə, dünya Üçüncü Dünya müharibəsi təhlükəsi ilə üzləşə bilər.
Moderator.az "TSN"-ə istinadka xəbər verir ki, Portnikov bu fikirləri “Espreso” telekanalının efirində səsləndirib.
Jurnalistin sözlərinə görə, Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi həm Amerika, həm də dünya üçün ciddi mənfi nəticələrə səbəb olub. Onun fikrincə, seçkilərin nəticəsi fərqli olsaydı, dünya hazırkı miqyasda iqtisadi böhranla və İranla müharibə ilə üzləşməyə bilərdi.
Portnikov hesab edir ki, belə bir ssenaridə Ukrayna ABŞ-dan yardım almaqda davam edə, Rusiya Prezidenti Vladimir Putin isə Vaşinqtonun imkanlarından öz maraqları naminə istifadə edəcəyinə ümid bəsləyə bilməzdi.
“Trampın öz ölkəsində prezident seçkilərində qələbəsi böyük Amerika və böyük dünya faciəsi, fəlakətdir”, – deyə jurnalist bildirib.
Portnikov vurğulayıb ki, Trampın Ağ Evə qayıtdığı vaxtdan etibarən onun qərarları və buraxdığı səhvlər səbəbindən qlobal hərbi qarşıdurmanın baş verə biləcəyindən narahatdır.
“Hesab edirəm ki, əgər bu hakimiyyət Üçüncü Dünya müharibəsi və on milyonlarla insanın bu qanlı qırğında həlak olması ilə başa çatmasa, bu, sadəcə, bəxtimizin gətirməsi olacaq”, – deyə Portnikov bildirib.
Trampın siyasətini nə dəyişə bilər?..
Bununla belə, jurnalist dünyanın fəlakətli ssenaridən yayına biləcəyini də istisna etmir. Onun fikrincə, noyabrda ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyəti Donald Trampın siyasi kursuna təsir göstərə bilər.
Portnikov hesab edir ki, belə bir nəticə Respublikaçılar Partiyasını ifrat sağçı qüvvələrlə əməkdaşlığı yenidən nəzərdən keçirməyə və ölkədə siyasi vəziyyətin sağlamlaşdırılması istiqamətində addımlar atmağa sövq edə bilər.
Jurnalistin fikrincə, bu, 2028-ci il prezident seçkiləri ərəfəsində ABŞ-da siyasi vəziyyətin dəyişməsi üçün də zəmin yarada bilər.
Bununla belə, Portnikov bu ehtimalı dəqiq proqnozdan daha çox ümid kimi qiymətləndirir.