Rektor: "Qarabağ Universiteti Özbəkistanın aparıcı ali məktəbləri ilə əməkdaşlıq qurmaqda maraqlıdır"
16 Oct 2026, 11:31 2 baxış 2 dəq oxuma
"Qarabağ Universiteti Özbəkistanın aparıcı universitetləri ilə əməkdaşlıq qurulmasında maraqlıdır".
Moderator.az xəbər verir ki, bunu Xankəndi şəhərində Azərbaycan–Özbəkistan ali təhsil tərəfdaşlığının inkişafına həsr olunan İkinci Rektorlar Forumunda çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.
O bildirib ki, Qarabağ Universiteti sürətlə böyüyür və missiyası yeni dövrün universitetinə çevrilmək, dünya səviyyəli universitetə çevrilmək yolunda sürətlə irəliləmək və birlikdə Azərbaycanın növbəti mərhələdəki inkişafında pay sahibi olmaqdır:
"Universitetdə həyata keçirdiyimiz tədbirlərin əsas mahiyyəti çox ciddi tədris prosesinin qurulması, tədrisin keyfiyyətinin öndə getməsi, dünya səviyyəli universitetlərdə olan həqiqi prosesi qurmaqdır, təbii ki, müasir universitet olmaq üçün həm də ciddi tədqiqatların aparılması əsas prioritetlərimiz sırasındadır. Ən önəmli hədəflərimizdən biri həm də cəmiyyət həyatını asanlaşdıracaq innovativ həllərin hazırlanmasıdır".
Rektorun sözlərinə görə, Qarabağ Universitetinin strateji hədəflərinə gedən yolda beynəlxalq əməkdaşlığın yaradılması çox önəmlidir:
"Bu kontekstdə qardaş Özbəkistanın aparıcı universitetləri ilə əməkdaşlığın qurulmasında çox maraqlıyıq. Baxmayaraq ki, Qarabağ Universiteti ən gənc universitetdir, qardaş ölkənin universitetləri ilə bölüşmək üçün təcrübəsi artıq formalaşıb".