"Birinci yanlışlıq İslamı yalnız ərəblərin, yaxud “geridə qalmış” hesab edilən farsların, əfqanların, fələstinlilərin və başqa xalqların dini kimi görməkdir..."
“"Allah”, “İslam” və “müsəlmanlıq” deyiləndə Quranı və Peyğəmbərimizi (s) deyil, ilk növbədə hansısa dövləti və onun dini-siyasi rəhbərlərini düşünmək yanlışlıqdır..."
"Digər əsas bir yanlışlıq İslamı elmin, təhsilin və müasir inkişafın əleyhinə olan din kimi təqdim etməkdir..."
"Türkçülüyü və turançılığı İslamı, müsəlmanlığı inkar etməklə, dinimizi türklüyümüzdən ayırmaqla inkişaf etdirməyə çalışmaq da böyük yanlışlıqdır..."
-FİKİR SAVAŞI...-
İki həftədən artıqdır ki, məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı müzakirələr, etirazlar və mübahisələr fonunda bir həqiqət daha aydın görünür: Azərbaycanda dövlət müstəqilliyimizin bərpasından 35 il keçməsinə baxmayaraq, İslama, eləcə də Türkiyə sevdalılığına, türkçülüyə və turançılığa münasibətdə hələ də yanlış, birtərəfli və bəzən ifrat baxışlar mövcuddur. Bu yanlışlıqlar təkcə dini inanclı insanların deyil, özünü dünyəvi düşüncəli, milli təəssübkeş və ziyalı hesab edən müəyyən çevrələrin dünyagörüşündə də özünü biruzə verir.
Qənaətimcə, bunun başlıca iki səbəbi var.
Birincisi, müvafiq dövlət və hökumət qurumları tərəfindən İslam maarifçiliyi sahəsində milli maraqlarımıza uyğun, ardıcıl və optimal strategiyanın, işlək proqramın formalaşdırılmaması, cəmiyyətin dini biliklərinin artırılması istiqamətində sistemli maarifləndirmə işlərinin yetərincə aparılmamasıdır. Dinin mahiyyəti, İslamın elmlə, təhsillə, dövlətçiliklə, milli kimliklə və müasir həyatla münasibəti barədə sağlam biliklərin yayılması hər zaman vacib olub. Bu sahədə yaranan boşluqlar isə istər-istəməz müxtəlif xarici təsirlərin, təhriflərin və manipulyasiyaların qarşısında əlverişli zəmin yaradır.
İkincisi, xaricdən həm İslamın, həm də türkçülük və turançılıq ideyalarının ayrı-ayrı dövlətlərin, siyasi mərkəzlərin və ideoloji qrupların maraqlarına uyğun istiqamətləndirilməsi cəhdləridir. Təəssüf ki, belə cəhdlərin müəyyən nəticələr verdiyini düşünmək üçün ciddi əsaslar var.
Məsələn, sovet dövründə SSRİ-nin təhlükəsizlik və xüsusi xidmət orqanları Azərbaycanda dini həyatın ideoloji nəzarət altında saxlanılmasına çalışırdılar. Xüsusilə XX əsrin 60–70-ci illərində dini fəaliyyətin sovet rejiminin müəyyən etdiyi sərhədlər daxilində saxlanılması, İslamın ictimai təsirinin məhdudlaşdırılması siyasəti həyata keçirilirdi. 1980-ci illərin sonlarında milli azadlıq hərəkatının güclənməsi ilə yanaşı, dini və milli kimlik məsələləri də yeni məzmun kəsb etməyə başladı. Bu şəraitdə həm İslamın, həm də türkçülük, bozqurdçuluq və turançılıq ideyalarının müxtəlif siyasi maraqlara uyğun yönləndirilməsi cəhdləri barədə mülahizələr də diqqətdən kənarda qalmamalıdır.
Keçmiş müttəfiq respublikaların müstəqilliklərini bərpa etməsindən sonra da bu məsələlər aktuallığını itirmədi. Bu işi Rusiya “FSB”-si, qismən də “QRU”(hərbi-siyasi kəşfiyat) və “SVR”(xarici kəşfiyyat) davam etdirib və xeyli uğurlara nail olub. Belə ki, bütövlükdə postsovet məkanında son onilliklərdə həm müsəlmanlıq, həm də türkçülük, turançılığı və s. xeyli dərəcədə “KQB”-“FSB”-nin qəlibindən keçmiş ictiimai-siyasi fiqurlar vasitəsilə yönləndirməyə nail olunub. Bu istiqamətdə fəaliyyət göstərən qruplar Mərkəzi Asiya, Rusiyanın müsəlman-türk regionları, Azərbaycan, Gürcüstan, İran, İraq, Suriya və Türkiyədə də şəbəkələşib. Odur ki, regionumuzda və ölkəmizdə “KQB”-“FSB” müsəlmançılığı, “KQB”-“FSB” türkçülüyü, Türkiyə sevdalılığı, bozqurdçuluğu, turançılığının mövcudluğu bir gerçəklikdir. Üstəlik, buraya İran, Səudiyyə Ərəbistanı, İsrail, hətta Böyük Britaniya və s. kəşfiyyatlarının da qurduğu şəbəkələrin də fəaliyyətlərinin nəticələrini əlavə etmək gərəkdir...
Əlbəttə, bütün göstərilənlər bu sətirlərin müəllifinin son 35-40 illik müşahidə, mütaliə, təhlillərindən qaynaqlanaraq gəldiyi subyektiv nəticələrdir. Bunlar hamısı müvafiq mütəxəssislər üşün ayrıca araşdırma mövzusudur...
Hesab edirəm ki, postsovet məkanında həm dini, həm də milli ideyaların siyasi təsir vasitəsinə çevrilməsi təhlükəsi ciddi yanaşma tələb edir. Müsəlmanlıq, türkçülük, Türkiyə sevdalılığı və turançılıq adı altında təqdim edilən hər bir fikir avtomatik olaraq milli maraqlarımıza xidmət etmir. Eyni zamanda, bu ideyalara bağlı olan hər kəsi xarici qüvvələrin təsiri altında olan şəxs kimi qiymətləndirmək də doğru deyil...
Mərkəzi Asiyadan Rusiyanın türk və müsəlman xalqlarının yaşadığı bölgələrinə, Azərbaycandan Türkiyəyə, İrana, İraqa, Suriyaya və Gürcüstana qədər uzanan geniş coğrafiyada dini və milli kimlik məsələləri müxtəlif siyasi təsirlərin kəsişdiyi sahələrdəndir. Odur ki, ölkəmizdə həm milli maraqlara uyğun dini düşüncənin, həm də müstəqil türkçülük və turançılıq baxışlarının inkişafı məsələsinə həssas yanaşılmalıdır.
Burada bir məqamı xüsusilə vurğulamaq lazımdır: nə İslam, nə türkçülük, nə də turançılıq hər hansı xarici dövlətin inhisarında olan ideyadır. Onları müəyyən dövlətlərin siyasi maraqlarına tabe etmək cəhdləri ilə bu ideyaların özünü eyniləşdirmək olmaz...
Xarici təsirlərin güclənməsində dövlət qurumlarının, təhsil sisteminin, media mühitinin və ictimai maarifçilik institutlarının fəaliyyətindəki boşluqların da müəyyən rolu ola bilər. Bu baxımdan əsas vəzifə ölkə daxilində: hər yerdə xarici düşmən axtarmaq deyil, cəmiyyətin tənqidi düşüncəsini, milli özünüdərkini, dini savadlılığını və ideoloji dayanıqlığını gücləndirməkdir. Çünki dini və milli ideyaların təhrif olunması, cəmiyyətdə qarşıdurma yaratmaq üçün istifadə edilməsi ölkənin ictimai-siyasi həyatına, milli birliyinə və inkişafına zərər vura bilər...
Məlumatı olmayanlara və ya unutqanlara ciddi XATIRLATMA:
Təxminən 90–100 il öncə, yəni 1920-1930-cu illərdə Sovet -Rusiya imperiyası olan SSRİ-nin siyasəti çərçivəsində Azərbaycanda və digər türk-müsəlman respublikalarında İslam dinimizə, müqəddəs inancımıza qarşı amansız mübarizə aparılır, "Allahsızlar İttifaqı" kimi təşkilatlar vasitəsilə ateizm təbliğ olunur, dini dəyərlərimiz və mənəvi irsimiz hədəfə alınırdı. Bu siyasətin həyata keçirilməsində yerli bolşevik fəalların və sovet rejiminə xidmət edən şəxslərin də iştirakı ilə məscidlər bağlanır, din xadimləri təqib olunur, dini təhsil və ibadət imkanları məhdudlaşdırılırdı. Eyni zamanda, Türkiyəyə rəğbət bəsləyən, türk xalqlarının birliyini və turançılıq ideyasını müdafiə edən ziyalılar «pantürkist» damğası ilə təqibə məruz qalır, bir çoxu həbs olunur, sürgünə göndərilir və repressiyaların qurbanına çevrilirdi. Milli və dini kimliyimizi qorumağa çalışan insanların bir qisminin öz içimizdən çıxmış rejim tərəfdarlarının iştirakı ilə təqib edilməsi həmin dövrün ən ağrılı tarixi həqiqətlərindəndir. Bu tarixi unutmamalıyıq: dünən İslamı və türkçülüyü repressiya vasitəsilə susdurmağa çalışanlar olduğu kimi, bu gün də dini və milli dəyərlərimizin hansısa xarici siyasi mərkəzin maraqlarına tabe edilməsinə qarşı ayıq-sayıq olmaq, tarixdən ibrət götürmək və milli birliyimizi qorumaq hər birimizin borcudur. Onu da unutmayaq ki, 70 illik "NKVD"-"KQB" təqibləri Azərbaycan xalqının qəlbindən nə İslama, Peyğəmbərimizə(ə.s.), Qurana olan müqəddəs inancı, nə də Türkiyə, türkçülük, turançılıq sevdalarını silə bilmədi...
İndi qayıdaq əsas mətləbimizə. Bəs Azərbaycanda müsəlmanlığa, türkçülüyə və Türkiyə sevdalılığına münasibətdə yanlış yanaşmalar özünü konkret olaraq necə və nələrdə büruzə verir?
İslama, müsəlmanlığa yanlış yanaşmalar:
Müsəlmanlığa dair yanlış təsəvvürlərə ilk növbədə özünü bu dinə bağlı hesab edən insanlar arasında rast gəlinir. Bu, təbii ki, bütün inanclı insanlara aid deyil. Söhbət dini mahiyyətini dərindən dərk etmədən, onun ayrı-ayrı siyasi və ideoloji yozumlarını İslamın özü ilə eyniləşdirən yanaşmalardan gedir.
1-ci yanlışlıq:
“Allah”, “İslam” və “müsəlmanlıq” deyiləndə Quranı və Peyğəmbərimizi (s) deyil, ilk növbədə hansısa dövləti və onun dini-siyasi rəhbərlərini düşünməkdir. Məsələn, İslamdan danışarkən dərhal İranı, Səudiyyə Ərəbistanını, Türkiyəni və ya başqa bir müsəlman ölkəsini, həmin dövlətlərin aparıcı din xadimlərini, ruhanilərini və müctəhidlərini ön plana çəkmək, dini mahiyyət etibarilə bu siyasi və milli mərkəzlərdən biri ilə eyniləşdirmək çox yanlış yanaşmadır...
Bu münasibət yalnız dini düşüncənin məhdudlaşdırılmasına gətirib çıxarmır. Eyni zamanda, İslama yad ideologiya kimi baxanların da müsəlmanlığı hansısa xarici dövlətin siyasi təsir vasitəsi kimi təqdim etməsinə şərait yaradır. Nəticədə bir qisim insan dini müəyyən dövlətlərin maraqları ilə eyniləşdirir, başqa bir qisim isə həmin dövlətlərə münasibətindən çıxış edərək dinin özünü qəbul və ya rədd edir.
Halbuki İslamın mahiyyəti ilə hər hansı müsəlman dövlətinin siyasəti, dini rəhbərin mövqeyi və ya siyasi təşkilatın fəaliyyəti eyni şey deyil. Hər hansı dövlətin səhvi İslamın səhvi olmadığı kimi, bir din xadiminin mövqeyi də bütün müsəlmanların mövqeyi sayıla bilməz.
2-ci yanlışlıq:
İslamı bu dünya həyatından təcrid olunmuş, yalnız ölümdən sonra başlanacaq Axirət həyatı üçün yaşamağı təbliğ edən din kimi anlamaqdır. Bu yanaşmada insanın elmə, təhsilə, əmək fəaliyyətinə, ictimai məsuliyyətə, dövlət quruculuğuna və cəmiyyətin inkişafına münasibətdə fəallığı ikinci plana keçir. Halbuki insanın mənəvi məsuliyyəti ilə dünyəvi həyatda üzərinə düşən vəzifələrini bir-birinə qarşı qoymaq düzgün deyil.
Belə birtərəfli düşüncə bəzi insanları dini radikalizmə, cəmiyyətdən təcrid olunmağa və dünyəvi bilikləri, savadlanmaa və elmlənməyin zəruriliyini inkar etməyə sövq edə bilər. Müxtəlif radikal cərəyanların yaranmasında isə dini savadsızlıqla yanaşı, siyasi, sosial və tarixi amillər də rol oynayır. Bəzi hallarda dini şüarlardan imperiya və dövlət maraqları naminə istifadə edilməsi də bu prosesləri mürəkkəbləşdirir.
3-cü yanlışlıq:
Dini biliyi kor-koranə itaətlə əvəz etməkdir...
İslamı öyrənmək əvəzinə hansısa din xadiminin, təriqət rəhbərinin və ya dini-siyasi təşkilatın dediklərini mütləq həqiqət kimi qəbul etmək insanın müstəqil düşünmək imkanlarını məhdudlaşdırır. Dini nüfuz sahibi olmaq heç kəsə səhv etməkdən sığortalanmaq imtiyazı vermir. Hər bir fikir məzmununa, dəlillərinə və nəticələrinə görə qiymətləndirilməlidir.
4-cü yanlışlıq:
Məzhəb fərqlərini düşmənçilik səbəbinə çevirməkdir...
Müsəlmanların müxtəlif məzhəblərə, dini ənənələrə və hüquqi məktəblərə mənsub olması tarixi reallıqdır. Bu fərqləri qarşılıqlı nifrətə, təhqirə, ayrı-seçkiliyə və siyasi qarşıdurmaya çevirmək isə həm dini birliyə, həm də cəmiyyətin sabitliyinə zərər vurur. Heç bir məzhəbin nümayəndəsi yalnız məzhəbinə görə vətəninə, xalqına və dövlətinə münasibətdə şübhə altında saxlanılmamalıdır.
5-ci yanlışlıq:
Dinimizi zahiri əlamətlərə endirməkdir...
Saqqal saxlamaq, hicab bağlamaq, namaz qılmaq, oruc tutmaq insanın dini həyatının zahiri təzahürləri ola bilər. Lakin bunlar özlüyündə həmin şəxsin mənəvi keyfiyyətlərini, siyasi baxışlarını, milli mövqeyini və ya hər hansı xarici dövlətlə əlaqəsini müəyyənləşdirmir. İnsanın əxlaqı, davranışı, başqalarının hüquqlarına münasibəti və ictimai məsuliyyəti də nəzərə alınmalıdır.
6-cı yanlışlıq:
Dini milli kimliyin və dövlətçilik düşüncəsinin qarşısında qoymaqdır...
Azərbaycan xalqının tarixi və mədəni kimliyində İslam mühüm yer tutur. Bununla belə, müsəlman olmaq Azərbaycan vətəndaşının milli kimliyindən uzaqlaşması, dövlətinə sədaqətinin azalması və ya başqa bir ölkənin siyasi xəttini dəstəkləməsi demək deyil. Dini kimliklə milli kimlik arasında mütləq ziddiyyət yaratmaq süni qarşıdurmalara yol açır...
7-ci yanlışlıq:
İslamı elmin, təhsilin və müasir inkişafın əleyhinə olan din kimi təqdim etməkdir...
Dini düşüncəni elmi biliklə qarşı-qarşıya qoymaq, təhsilə və müasir texnologiyalara şübhə ilə yanaşmaq, dünyada baş verən dəyişiklikləri bütövlükdə mənfi qiymətləndirmək cəmiyyətin inkişafına mane olur. Dini inancla elmi bilik arasında münasibət barədə mübahisələr mövcud olsa da, bunları bütövlükdə elmə və tərəqqiyə düşmənçilik səviyyəsinə çatdırmaq düzgün deyil...
Bəs İslama xalqımıza, dövlətimizə yad ideologiya kimi baxanların yanlışları nədən ibarətdir?..
Məsələnin digər tərəfi də var. İslama bağlı olan insanların bir qismi dini yanlış anlaya bilirsə, özünü dünyəvi, müasir və ziyalı hesab edən bəzi şəxslər də dinə münasibətdə ciddi yanlışlıqlara yol verirlər.
1-ci yanlışlıq:
İslamı yalnız ərəblərin, yaxud “geridə qalmış” hesab edilən farsların, əfqanların, fələstinlilərin və başqa xalqların dini kimi görməkdir...
Təəssüf ki, bu cür yanaşmaya özünü ziyalı, jurnalist, redaktor, şair, yazıçı, tarixçi və digər peşə sahələrinin nümayəndəsi hesab edən, hətta akademik təhsilli insanlar arasında da rast gəlinir. Belə düşünənlər bəzən az qala namaz qılan, oruc tutan, hicab bağlayan hər kəsi hansısa xarici dövlətin agenti, Azərbaycanın inkişafına mane olan şəxs və ya milli maraqlara yad qüvvələrin tərəfdarı kimi təqdim edirlər. Halbuki hər hansı dini ayinin icrası insanın xarici dövlətə bağlılığının sübutu deyil. İnsanın dini inancı ilə siyasi sədaqətini bir-birinə qarışdırmaq nə məntiqə, nə də hüquqi dövlət prinsiplərinə uyğundur...
Bu yanaşmanın nə qədər əsassız olduğunu anlamaq üçün sadə bir misal kifayətdir: əgər Qurandan ayələr gətirən, onların ərəb dilində yazılışını təqdim edən hər bir müəllifə, jurnalistə və ya sıravi vətəndaşa xarici ölkələrin agenti damğası vurmaq mümkündürsə, onda həmin məntiqlə dünyanın müxtəlif ölkələrində dini mətnlərə müraciət edən milyonlarla insanı da şübhə altında saxlamaq lazım gələrdi. Belə nəticənin absurd olduğu aydındır...
2-ci yanlışlıq:
Dini inancla fanatizmi, radikallığı eyniləşdirməkdir.
Dindar olmaq insanın mütləq fanatik olması demək deyil. Dini inancını şəxsi həyatında yaşayan, eyni zamanda başqalarının hüquqlarına hörmət edən, qanunlara əməl edən, elmi və ictimai inkişafı dəstəkləyən çoxsaylı insanlar var. Dini radikalizmi tənqid etmək hüququ ilə bütün dindarları eyni qəlibə salmaq arasında ciddi fərq mövcuddur.
3-cü yanlışlıq:
İslamın tarixini və mədəniyyətini yalnız müharibələr, gerilik və dini mübahisələr üzərindən qiymətləndirməkdir.
İslam sivilizasiyasının tarixində elm, fəlsəfə, tibb, riyaziyyat, memarlıq, ədəbiyyat və digər sahələrdə mühüm nailiyyətlər əldə olunub. Bununla yanaşı, həmin tarixin ziddiyyətli, tənqidə açıq səhifələri də var. Tarixi hadisələri nə ideallaşdırmaq, nə də yalnız mənfi nümunələrlə izah etmək obyektivliyə uyğundur.
4-cü yanlışlıq:
Dinə münasibəti siyasi simpatiya və antipatiyaların əsirinə çevirməkdir.
İranın siyasətini bəyənməyən şəxsin İslamı, Səudiyyə Ərəbistanının idarəçilik modelini tənqid edənin müsəlmanlığı, yaxud Türkiyədəki siyasi proseslərlə razılaşmayanın türk-müsəlman mədəni irsini rədd etməsi məntiqi nəticə deyil. Dövlətlərin siyasətinə münasibətlə dinə və mədəniyyətə münasibət ayrı-ayrı məsələlərdir.
5-ci yanlışlıq:
Dünyəviliyi (dinə və yaxud əksinə) düşmənçilik kimi anlamaqdır.
Dünyəvi dövlət prinsipi dini inancın qadağan olunması, dindar insanların ictimai həyatdan kənarlaşdırılması və ya dini dəyərlərin təhqir edilməsi demək deyil. Dünyəvilik dövlətin müxtəlif dinlərə və inanclara münasibətdə hüquqi neytrallığını, vətəndaşların vicdan azadlığını, qanun qarşısında bərabərliyini, müxtəlif mübahisəli məsələ və problemlərdə ortaq məxrəcə gəlinməsi meyilliyini nəzərdə tutur.
Eyni zamanda, dini inanclı insanların dünyəvi dövlətə və onun qanunlarına hörmətlə yanaşması da vacibdir. Bu iki prinsip bir-birinə zidd deyil...
6-cı yanlışlıq:
Dini simvollardan istifadə edən hər kəsi siyasi manipulyasiyanın iştirakçısı hesab etməkdir...
Dini mövzuların siyasi məqsədlərlə istismar edilməsi mümkündür. Lakin bu ehtimal hər bir inanclı şəxsin, dini təşkilatın və ya dini məzmunlu nəşrin xarici qüvvələrin təsiri altında olduğunu sübut etmir. Konkret ittihamlar konkret sübutlar tələb edir...
Ziyalıdan gözlənilən də budur: o, dini radikalizmi tənqid edərkən dini inancın özünü hədəfə almamalı, xarici müdaxiləyə qarşı çıxarkən isə öz vətəndaşlarının konstitusion hüquqlarını tapdalamamalıdır...
Türkiyə sevdalılığı, türkçülük və turançılıqla bağlı yanlışlar...
İndi isə məsələnin digər mühüm tərəfinə — Türkiyə sevdalılığına, türkçülüyə və turançılığa münasibətə nəzər salaq.
1-ci yanlışlıq:
Azərbaycanın türkçülük və turançılıq baxışlarını yalnız Türkiyənin müəyyən etdiyi istiqamətlərdə formalaşdırmalı olduğuna inanmaqdır...
Türkiyə Azərbaycan üçün qardaş ölkə, öncə təbii, sonra isə mühüm strateji müttəfiq və ortaq tarixi-mədəni irsin daşıyıcısıdır. Azərbaycan-Türkiyə münasibətlərinin dərin tarixi kökləri var. Ancaq qardaşlıq münasibətləri Azərbaycanın öz milli maraqlarını, dövlətçilik ənənələrini və müstəqil siyasi iradəsini ikinci plana keçirməsi demək deyil.
Türkiyəyə sevgi onun bütün siyasi qərarlarını qeyd-şərtsiz müdafiə etmək, Türkiyədəki hər hansı siyasi qüvvənin mövqeyini Azərbaycan üçün də mütləq doğru hesab etmək deyil. Əsl qardaşlıq qarşılıqlı hörmətə, səmimiyyətə və müstəqil dövlətlərin milli maraqlarının nəzərə alınmasına əsaslanır.
Azərbaycanın türkçülük düşüncəsi də öz tarixi, dili, mədəniyyəti, dövlətçilik ənənələri və milli təcrübəsi əsasında inkişaf etməlidir. Türkiyənin təcrübəsindən bəhrələnmək başqa şeydir, öz milli düşüncəmizi başqasının siyasi gündəliyinə tabe etmək tamam başqa...
2-ci yanlışlıq:
Yaxın illərdə hansısa möcüzə nəticəsində bütün türk dövlətlərini və Rusiyanın türk xalqlarının yaşadığı regionlarını əhatə edən vahid Turan dövlətinin yaranacağına inanmaqdır.
Türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və humanitar əməkdaşlığın gücləndirilməsi real və əhəmiyyətli məqsəddir. Türk Dövlətləri Təşkilatı kimi platformalar bu əməkdaşlığın inkişafına xidmət edir. Ortaq dil, mədəniyyət, tarixi yaddaş və iqtisadi maraqlar əlaqələrin dərinləşməsi üçün mühüm zəmin yaradır. Lakin bütün türk xalqlarını, müstəqil dövlətləri və müxtəlif ölkələrin tərkibində yaşayan türk toplumlarını vahid siyasi dövlət çərçivəsində birləşdirmək tamam başqa miqyasda məsələdir. Bunun qarşısında mövcud dövlət sərhədləri, beynəlxalq hüquq, müxtəlif siyasi sistemlər, iqtisadi maraqlar və xalqların öz müqəddəratını müəyyənləşdirmək hüququ kimi ciddi amillər dayanır. Odur ki, Turan ideyasını yaxın gələcəkdə qaçılmaz şəkildə gerçəkləşəcək siyasi layihə kimi təqdim etmək reallıqdan uzaqdır. Türk dünyasının güclənməsi üçün xəyali xəritələrdən daha çox təhsil, elm, texnologiya, iqtisadi əməkdaşlıq, nəqliyyat əlaqələri, ortaq mədəni layihələr və qarşılıqlı etimad lazımdır.
3-cü yanlışlıq:
Türkçülüyü və turançılığı İslamı, müsəlmanlığı inkar etməklə, dinimizi türklüyümüzdən ayırmaqla inkişaf etdirməyə çalışmaqdır...
Azərbaycan xalqının milli kimliyi çoxqatlı tarixi-mədəni təcrübənin nəticəsidir. Dilimiz, etnik köklərimiz, İslam mədəniyyətinə bağlılığımız, milli adət-ənənələrimiz və dövlətçilik tariximiz bir-birini tamamlayan mühüm kimlik qatlarıdır. Türk olmaqla müsəlman olmağı bir-birinə qarşı qoymaq, sanki bu iki kimlikdən birini seçmədən digərini qorumağın mümkün olmadığını düşünmək yanlış yanaşmadır. Türk xalqlarının tarixində İslam mühüm mədəni və mənəvi rol oynayıb. Bu tarixi həqiqəti inkar etmədən də türkçülüyün dünyəvi, elmi və milli aspektlərini inkişaf etdirmək mümkündür.
Burada məqsəd hər bir türk üçün dini inancı məcburi şərt kimi irəli sürmək də deyil. Söhbət milli kimliklə dini irs arasında süni düşmənçilik yaratmamaqdan gedir. Hər bir insanın dini etiqad azadlığı qorunmalı, milli mənsubiyyət isə məzhəb və ya inanc meyarı ilə ölçülməməlidir.
4-cü yanlışlıq:
Əksinə, türkçülüyü və turançılığı yalnız dini mənsubiyyətlə ölçmək, türklüyü müsəlmanlıqla tam eyniləşdirməkdir.
Əgər bir tərəfdən türklüyü İslamdan ayıraraq təqdim etmək yanlışlıqdırsa, digər tərəfdən bütün türk xalqlarının mütləq eyni dini etiqada malik olmalı olduğunu düşünmək də doğru deyil. Türk xalqları arasında müxtəlif dini inancların nümayəndələri, eləcə də özünü dünyəvi hesab edən insanlar var.
Türkçülüyün əsasını dil, mədəniyyət, tarixi yaddaş, qarşılıqlı həmrəylik və ortaq maraqlar təşkil edə bilər. İslam isə Azərbaycan və digər türk-müsəlman xalqlarının tarixi-mədəni kimliyinin mühüm hissəsidir. Bu iki həqiqəti qəbul etmək üçün onlardan birini digərinin üzərinə hökmran qoymağa ehtiyac yoxdur.
5-ci yanlışlıq:
Türkiyə sevdalılığını Türkiyə dövlətinin və siyasi rəhbərliyinin bütün addımlarına qeyd-şərtsiz dəstək vermək kimi anlamaqdır.
Hər bir dövlətin siyasəti zamanla dəyişə, müəyyən məsələlərdə milli maraqlarımızla üst-üstə düşə, başqa məsələlərdə isə fərqlənə bilər. Azərbaycan-Türkiyə qardaşlığı qarşılıqlı hörmət və etimad üzərində qurulmalıdır. Dostluq münasibətlərində fikir ayrılıqlarının mövcudluğu özlüyündə düşmənçilik əlaməti deyil.
Türkiyəni sevmək onun uğurlarına sevinmək, çətinliklərinə biganə qalmamaq, iki ölkə arasında əməkdaşlığın güclənməsini istəməkdir. Bu sevgi Türkiyənin siyasətini tənqidi təhlildən kənarda saxlamaq, hər hansı səhv qərarı müdafiə etmək öhdəliyi yaratmır.
6-cı yanlışlıq:
Türkçülüyü başqa xalqlara qarşı üstünlük və düşmənçilik ideologiyasına çevirməkdir.
Türk xalqının tarixi ilə fəxr etmək, türk dilini və mədəniyyətini qorumaq, türk dövlətləri arasında əməkdaşlığı dəstəkləmək təbii milli hisslərdir. Lakin bunları başqa xalqlara yuxarıdan baxmaq, etnik üstünlük iddiası irəli sürmək və ya qonşu xalqları düşmən kimi təqdim etmək üçün əsas saymaq olmaz.
Sağlam türkçülük öz kimliyinə hörmətlə yanaşmaqla yanaşı, başqa xalqların da kimliyinə hörmət etməyi bacarmalıdır. Əks halda, milli özünüdərk asanlıqla şovinizmə çevrilə bilər.
7-ci yanlışlıq:
Turançılığı real əməkdaşlıqdan daha çox emosional şüarlara və siyasi romantikaya bağlamaqdır.
Turan ideyasının mənəvi və mədəni məzmunu müxtəlif insanlar tərəfindən fərqli izah edilir. Lakin onu dəstəkləyənlər üçün də əsas meyar konkret nəticələr olmalıdır: türk dövlətləri arasında ticarətin genişlənməsi, elm və təhsil əlaqələrinin güclənməsi, ortaq texnoloji layihələr, nəqliyyat dəhlizləri, mədəni mübadilə və xalqlar arasında qarşılıqlı etimad.
Turançılıq yalnız şüar səsləndirməkdən ibarət qalarsa, real inkişaf vasitəsinə çevrilə bilməz. Əsl həmrəylik ortaq problemlərin həllində, qarşılıqlı məsuliyyətdə və uzunmüddətli əməkdaşlıqda özünü göstərməlidir.
Bəs gerçək İslama, müsəlmanlığa, Türkiyə sevdasına, türkçülüyə münasibətdə Azərbaycan ziyalısının mövqeyi necə olmalıdır?..
(Bu barədə yazımızın II hissəsində...)
Sultan Laçın