ABŞ və İran arasında gərginlik yenidən hərbi qarşıdurma ehtimallarını gündəmə gətirib. İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonun mümkün yeni hücumlarına cavab veriləcəyini bəyan edib.







Maraqlıdır, ABŞ-İran qarşıdurmasının yenidən hərbi mərhələyə keçməsi nə dərəcədə realdır?


Mövzu ilə bağlı Moderator.az-a "Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu açıqlama verib. 


Politoloq qeyd edib ki, Amerika Birləşmiş Ştatları noyabr ayında aralıq seçkilərinə hazırlaşır:


"Bu səbəbdən Prezident Donald Trampın İrana qarşı müharibəyə başlayacağını düşünmürəm. Lokal döyüşlər və raket zərbələri ola bilər, lakin yenidən genişmiqyaslı müharibənin başlanması ehtimalı çox aşağıdır. 


Hazırda Tramp respublikaçıların Konqresdəki mövqelərinin zəifləməməsində maraqlıdır.

Bu arada İran da müəyyən tədbirlər görür və ölkənin qonşu dövlətlərlə münasibətləri gərgindir. 


Məsələn, İran tərəfi Pakistanla sərhədi bağlayıb. Bu addım texniki səbəblərlə izah edilsə də, Pakistan bundan narazıdır.


İran Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanının imzaladığı Məkkə sazişindən də narahatdır. Tehran hesab edir ki, bu saziş İrana və ya husilərə qarşı yönələ bilər. 

Həqiqətən də, Səudiyyə Ərəbistanının husilərlə mübarizədə Pakistan və Türkiyə kimi müttəfiqlərinin dəstəyinə ehtiyacı var".


Pərvin Şakirqızı 

Moderator.az/ Redaktor