İslama, müsəlmanlığa və Türkiyə sevdalılığına, türkçülüyə ziyalı baxışı...-II
20 Oct 2026, 10:10 2 baxış 18 dəq oxuma
"Ziyalının borcu: cəmiyyəti bölmək deyil, düşünməyə öyrətməkdir!.."
“Öz düşüncəsi olmayan insan istənilən ideoloji manipulyasiyanın təsiri altına düşə bilər. Sağlam milli şüur isə kor-koranə itaətdən deyil, bilikdən, vicdandan və məsuliyyətdən doğur...”
“Dini xurafatı tənqid etmək Allahı inkar etmək demək deyil; riyakar ruhanini ifşa etmək İslamı inkar etmək deyil; xalqı din adı ilə aldatmağa qarşı çıxmaq dinə düşmənçilik deyil!..”
"Mirzə Cəlil Moskvaya xidmət edən Azərbaycan bolşevik hökumətinin "Molla Nəsrəddin" jurnalının “Allahsız” adlandırılması tələbinə etiraz edərək redaktorluqdan imtina etdi..."
“Əsl ziyalılıq insanları dini və milli mənsubiyyətinə görə damğalamaq deyil, onları həqiqəti axtarmağa, fərqli fikirlərə hörmət etməyə və milli maraqları sağlam düşüncə ilə müdafiə etməyə çağırmaqdır...”
“Azərbaycanın gücü müxtəlif kimliklərin bir-birinə qarşı qoyulmasında deyil, onların müstəqil dövlətçilik, ortaq vətəndaşlıq və qarşılıqlı hörmət ətrafında birləşdirilməsindədir...”
“Türkçülük başqa xalqlara qarşı üstünlük iddiasına çevrilməməli, Turan ideyası isə yalnız romantic, yaxud populist şüarlar səviyyəsində qalmamalıdır...”
-FİKİR SAVAŞI...-
(I hissə burada:)
Əsl ziyalı hansı dəyərlərin keşiyində dayanmalıdır?..
Bəs gerçək İslama, müsəlmanlığa, Türkiyə sevdasına, türkçülüyə və turançılığa münasibətdə Azərbaycan ziyalısının mövqeyi necə olmalıdır?...
Bu sualın cavabı təkcə dinə, milli kimliyə və siyasi düşüncəyə münasibətlə məhdudlaşmır. Burada söhbət həm də Azərbaycan ziyalısının vicdanından, intellektual müstəqilliyindən, tarixi yaddaşından və milli məsuliyyətindən gedir.
İslamı sevib-sevməməsindən, dindar, ateist, yaxud aqnostik olmasından, türkçülüyə və Turan ideyasına münasibətindən asılı olmayaraq, özünü Azərbaycan ziyalısı hesab edən hər kəsin üzərinə ağır bir məsuliyyət düşür. Çünki ziyalı yalnız kitab oxuyan, diplom daşıyan, cəmiyyət qarşısında danışmaq imkanı qazanan adam deyil. Ziyalı, ilk növbədə, həqiqəti axtaran, yanlışlıqları ifşa edən, ictimai düşüncəni qəliblərdən xilas etməyə çalışan, xalqın mənəvi və intellektual inkişafına xidmət göstərən insandır.
Ziyalı olmaq hazır şüarları təkrarlamaq deyil, onların arxasında hansı həqiqətin, hansı marağın, hansı tarixi təcrübənin dayandığını araşdırmaqdır. Milli və dini dəyərlərə sədaqət də məhz belə bir düşüncə mədəniyyətindən başlayır.
İslamı müdafiə etmək din pərdəsi altında gizlənənləri müdafiə etmək deyil!..
Əvvəlcə bir həqiqəti aydınlaşdıraq: İslamı hansısa dövlətin siyasi maraqları, ayrı-ayrı din xadimlərinin mövqeyi və ya dini-siyasi qurumların fəaliyyəti ilə eyniləşdirmək olmaz. İslam bir inanc sistemidir; onu təmsil etdiyini iddia edən hər kəsin davranışı isə ayrıca qiymətləndirilməlidir.
Dinin müqəddəsliyindən danışmaq asandır. Əsas məsələ həmin müqəddəsliyin arxasında gizlənib xalqın inamını istismar etməməkdir. Allahın adını dillərindən əskik etməyənlərin hamısının əməlləri də Allahın buyurduğu ədalətə, dürüstlüyə və mərhəmətə uyğun gəlirmi? Dindarlıq iddiası ilə cəmiyyət qarşısına çıxan hər kəs həqiqətən dinin mənəvi mahiyyətini yaşadırmı? Yoxsa bəziləri dini nüfuzdan şəxsi varlanmaq, siyasi təsir əldə etmək, insanları itaətdə saxlamaq və xarici mərkəzlərin maraqlarına xidmət etmək üçün istifadə edirlər?
Bu sualları vermək dinə hücum deyil. Əksinə, dinin adından sui-istifadəyə qarşı çıxmaq həm vicdanın, həm də ictimai məsuliyyətin tələbidir.
Azərbaycan ziyalısı İslamı öyrənməli, onun tarixi və mənəvi irsinə elmi yanaşmalı, dini savadlılığın artırılmasını, sağlam dini təhsili və xurafata qarşı maarifçiliyi müdafiə etməlidir. Dini mətnlərin məzmununu tarixi kontekstdən ayırmadan araşdırmaq, dinlə dini-siyasi manipulyasiyanı bir-birindən fərqləndirmək vacibdir…
Eyni zamanda, vicdan və etiqad azadlığına hörmət edilməli, heç kim yalnız dindar olduğuna görə şübhə altına alınmamalı, heç kim də dinə bağlı olmadığına görə milli-mənəvi dəyərlərin düşməni elan edilməməlidir.
İnsanın dövlətinə, xalqına və milli maraqlarına münasibəti onun zahiri dini görünüşü ilə deyil, mövqeyi, əməlləri və ictimai davranışı ilə müəyyənləşdirilməlidir. Eyni meyar ateistə, aqnostikə və hər hansı başqa dünyagörüşünün daşıyıcısına da şamil olunmalıdır. Çünki insanın həqiqi siması söylədiyi şüarlardan daha çox, gördüyü işlərdə üzə çıxır…
XX əsrin əvvəlindəki Azərbaycan maarifçilərini “Allahsız” adlandırmaq kimin maraqlarına xidmət edir?..
Sabir, Mirzə Cəlil, Haqverdiyev: dinə qarşı çıxırdılar, yoxsa dinin imperiyanın, yaxud öz nəfslərinin nökərləri tərəfindən istismarına?..
Bu gün özünü ziyalı hesab edən bəzi şəxslərin Mirzə Ələkbər Sabiri, Cəlil Məmmədquluzadəni, Əbdürrəhim bəy Haqverdiyevi və digər böyük maarifçilərimizi guya Allaha inanmadıqları, dinə düşmən olduqları üçün ruhaniləri tənqid edən müəlliflər kimi təqdim etmələri düşündürücüdür.
Belə yanaşma Azərbaycan maarifçiliyinin mürəkkəb mahiyyətini bir neçə hazır ideoloji qəlibə sığışdırmaq cəhdidir. Halbuki tarixi şəxsiyyətlərin dünyagörüşünü anlamaq üçün onların yalnız bir neçə satirik misrasına deyil, bütün yaradıcılığına, həyatına, məktublarına, tarixi şəraitə və mötəbər mənbələrə müraciət etmək lazımdır.
Ən mühüm fərqi isə unutmaq olmaz: dini xurafatı tənqid etmək Allahı inkar etmək demək deyil; riyakar ruhanini ifşa etmək İslamı inkar etmək deyil; xalqı din adı ilə aldatmağa qarşı çıxmaq dinə düşmənçilik deyil!
Əksinə, dini öz mənfəətinə alət edənlərin ifşası həqiqi mənəviyyatın qorunmasına xidmət edə bilər.
Mirzə Ələkbər Sabirin satirasının əsas hədəflərindən biri cəhalət, fanatizm, ictimai gerilik və dini nüfuzdan sui-istifadə idi. Onun yaradıcılığını yalnız ateist təbliğatın materialı kimi təqdim etmək şairin irsini birtərəfli yozmaqdır. Sabirin dini dünyagörüşü barədə də elmi araşdırmalar aparılıb; Fariz Süleymanoğlunun “Mirzə Ələkbər Sabir və İslam dini” monoqrafiyası bu mövzuda müraciət edilə biləcək tədqiqatlardandır.
Sabirin satirasında ruhanilərin və mövhumatçıların tənqid olunması öz-özlüyündə şairin Allaha inanmadığını sübut etmir. Bununla yanaşı, onun şəxsi etiqadı haqqında qəti hökm vermək üçün də konkret tarixi dəlillər lazımdır. Əsas məsələ şairi hansısa müasir ideoloji düşərgəyə aid etmək deyil, onun xalqı cəhalətdən xilas etmək istəyini anlamaqdır…
Bəs Cəlil Məmmədquluzadə?..
1906-cı ildən nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı Azərbaycan ictimai fikrində inqilabi dəyişiklik yaratdı. Jurnal cəhaləti, fanatizmi, qadın hüquqlarının tapdalanmasını, ictimai ədalətsizliyi və dini nüfuzdan sui-istifadəni satiranın gücü ilə ifşa edirdi. Bu tənqidlərin mövcudluğu jurnalı bütövlükdə İslamı inkar edən nəşr hesab etmək üçün əsas deyil.
Sovet hakimiyyəti illərində isə dinə qarşı dövlət siyasəti sərtləşdi və mətbuat da bu ideoloji xəttin təsirinə məruz qaldı. “Molla Nəsrəddin”in “Allahsız” adı ilə nəşri məsələsi ətrafında yaranan münaqişə Mirzə Cəlilin yaradıcılıq azadlığı ilə hakimiyyətin ateist xətti arasındakı ziddiyyəti üzə çıxardı.
1930-cu il fevralın 8-də onun Moskvaya xidmət edən Azərbaycan bolşevik hökumətinin jurnalın “Allahsız” adlandırılması tələbinə etirazını əks etdirən məktubu bu məsələnin mühüm tarixi sənədlərindəndir. Mirzə Cəlilin 1931-ci ildə redaktorluqdan imtina etməsi də həmin dövrün mürəkkəb şəraiti fonunda qiymətləndirilməlidir.
Buradan çıxan nəticə budur: Mirzə Cəlilin ruhaniləri tənqid etməsi onun yaradıcılığının dövlətin ateist təbliğatına çevrilməsini qəbul etməsi demək deyildi. Xalqı maarifləndirmək məqsədilə yaradılmış bir jurnalın başqa bir ideoloji doqmanın vasitəsinə çevrilməsinə etiraz etmək özlüyündə mühüm mənəvi mövqedir...
Onun ömrünün son illərində yaşadığı ağır sarsıntılar, yaradıcılıq imkanlarının daralması və qışda sobaya atmağa yanacağı olmaması ucbatından əlyazmalarının bir hissəsini yandırması haqqında məlumatlar da həmin faciəli dövrün fonunda araşdırılmalıdır. Bu hadisələri romantikləşdirmək və ya hər detalını sübutsuz şəkildə qəti fakt kimi təqdim etmək əvəzinə, mötəbər bioqrafik mənbələrə əsaslanmaq lazımdır. Ancaq bir həqiqət dəyişmir: böyük yazıçının irsini sovet ideologiyasının dar çərçivəsinə salmaq onun mənəvi müstəqilliyinə və tarixi roluna haqsızlıq olardı…
Əbdürrəhim bəy Haqverdiyev və başqa maarifçilərimizin yaradıcılığına da bu prinsiplə yanaşılmalıdır. Ruhanilərin, fanatizmin və mövhumatın tənqidi onların hamısının eyni dini-fəlsəfi mövqedə dayandığını sübut etmir. Hər bir müəllifin dünyagörüşü ayrıca araşdırılmalıdır.
Deməli, nə bütün maarifçilərimizi sübutsuz şəkildə eyni dərəcədə dindar elan etmək, nə də onları yalnız dinə qarşı mübarizə aparan ateistlər kimi təqdim etmək doğrudur. Bizim borcumuz tarixi həqiqəti hansısa ideologiyanın marağına uyğunlaşdırmaq deyil, olduğu mürəkkəbliklə anlamaqdır…
Dini və milli hisslərdən siyasi məqsədlərlə istifadə edənlərə qarşı!..
Tarix göstərir ki, müxtəlif siyasi hakimiyyətlər dini və milli kimliklərdən öz məqsədləri üçün istifadə etməyə çalışıblar. Çar Rusiyası dövründə, sovet hakimiyyəti illərində və sonrakı dövrlərdə dinin, milli ideyaların və ictimai nüfuzun siyasi maraqlarla əlaqələndirilməsi halları araşdırılmalı mövzulardır.
Bu gün də hansısa din xadiminin, dini qurumun və ya ictimai nüfuz sahibinin xarici siyasi mərkəzlərlə əlaqələri, maliyyə münasibətləri və fəaliyyəti barədə əsaslı suallar yarana bilər. Belə sualların araşdırılması vacibdir…
Məsələ dini titul daşıyan hər kəsə şübhə ilə yanaşmaqda deyil. Məsələ heç bir titulun, müqəddəs adın və siyasi nüfuzun insanı qanun və ictimai tənqid qarşısında toxunulmaz etməməsindədir.
Əgər kimsə dinin adından istifadə edərək insanları aldadırsa, korrupsiyanı müdafiə edirsə, xarici siyasi maraqları Azərbaycanın milli mənafeyindən üstün tutursa, onun fəaliyyəti faktlar və hüquqi meyarlar əsasında araşdırılmalıdır. Amma ittihamlar dini mənsubiyyətə, şəxsi simpatiyaya və ya şayiələrə deyil, yoxlanıla bilən sübutlara söykənməlidir.
Azərbaycan ziyalısı nə dini nüfuzun arxasında gizlənən riyakarlığa göz yummalı, nə də hər dindarı potensial təhlükə kimi təqdim edən düşüncəyə yol verməlidir. Ədalət seçmə şəkildə tətbiq olunanda ədalət olmaqdan çıxır.
Türkiyə sevdası, türkçülük və Turan: duyğu ilə yanaşı, məsuliyyət də!..
Türkiyəyə sevgi Azərbaycan xalqının tarixi, mədəni və mənəvi yaxınlığından qaynaqlanan güclü hissdir. Türk dünyasının birliyi, ortaq irsin qorunması, türk dövlətləri arasında əməkdaşlıq və qarşılıqlı dəstək də strateji əhəmiyyət daşıyan istiqamətlərdir. Ancaq Türkiyəyə sevgi Azərbaycanın müstəqilliyinə və suverenliyinə sədaqətlə ziddiyyət təşkil etməməlidir. Əsl qardaşlıq münasibətləri iki müstəqil dövlətin qarşılıqlı hörmətinə, bərabərhüquqlu tərəfdaşlığına və ortaq maraqlarına əsaslanır.
Türkiyəni sevmək hər bir məsələdə onun siyasətini qeyd-şərtsiz müdafiə etmək demək deyil. Eyni qaydada, ya cəmiyyətin müəyyən təbəqəsi, yaxud Türkiyə hökuməti və ictimaiyyəti tərəfindən Azərbaycan dövlətinin hansısa qərarının tənqid edilməsi də avtomatik olaraq Azərbaycana və türk dünyasına düşmənçilik sayılmamalıdır. Ziyalının işi emosional itaət deyil, sağlam təhlildir…
Türkçülük başqa xalqlara qarşı üstünlük iddiasına çevrilməməli, Turan ideyası isə yalnız romantic, yaxud populist şüarlar səviyyəsində qalmamalıdır. Bu ideyaların həqiqi məzmunu təhsildə, elmdə, texnologiyada, iqtisadiyyatda, mədəniyyətdə və dövlətlərarası əməkdaşlıqda görünməlidir.
Ortaq universitet proqramları, elmi tədqiqatlar, dil və mədəniyyət layihələri, nəqliyyat əlaqələri, texnoloji tərəfdaşlıq və qarşılıqlı iqtisadi fayda türk dünyasının birliyini möhkəmləndirən real vasitələrdir. Türk dünyasının gələcəyi yalnız keçmişin şöhrətindən danışmaqla deyil, gələcəyin gücünü qurmaqla təmin oluna bilər.
Ən əsası, Azərbaycanın maraqları hər hansı xarici dövlətin maraqları ilə avtomatik eyniləşdirilməməlidir. Türkiyənin də, İranın da, Rusiyanın da və başqa dövlətlərin də öz milli maraqları var. Müxtəlif məsələlərdə maraqlar üst-üstə düşə bilər, bəzi hallarda isə fərqlənə bilər. Azərbaycan ziyalısı bu reallığı görməli, milli mənafeyi emosional şüarlardan üstün tutmalıdır.
Ziyalının borcu: cəmiyyəti bölmək deyil, düşünməyə öyrətməkdir!..
Bu gün cəmiyyətimizdə dinlə dünyəviliyi, milli kimliklə dini mənsubiyyəti, türkçülüklə başqa xalqlara hörməti bir-birinə qarşı qoyan yanaşmaların heç birinə ehtiyac yoxdur.
Dindar insanı yalnız ibadətinə görə xarici qüvvələrin tərəfdarı, dinə bağlı olmayan insanı isə milli-mənəvi dəyərlərin düşməni kimi təqdim etmək cəmiyyəti gücləndirmir. Əksinə, qarşılıqlı etimadı sarsıdır, süni düşərgələr yaradır və həqiqi problemlərin müzakirəsini çətinləşdirir.
Məktəblərdə və universitetlərdə dinlər tarixi, Azərbaycan xalqının dini-mədəni irsi, milli kimlik, dünyəvilik və vətəndaşlıq haqqında elmi əsaslı maarifləndirmə gücləndirilməlidir. Jurnalistlər, tarixçilər, müəllimlər, yazıçılar və ictimai nüfuz sahibləri faktla fərziyyəni ayırmalı, mənbələri yoxlamalı, mübahisəli məsələlərdə emosional hökmün yerini əsaslandırılmış təhlilə verməlidirlər.
Gənclərə yalnız şüarları əzbərlətmək yox, sual verməyi, düşünməyi, araşdırmağı, tarixi konteksti anlamağı öyrətmək lazımdır. Çünki öz düşüncəsi olmayan insan istənilən ideoloji manipulyasiyanın təsiri altına düşə bilər. Sağlam milli şüur isə kor-koranə itaətdən deyil, bilikdən, vicdandan və məsuliyyətdən doğur.
Son söz əvəzi: Azərbaycan ziyalısı kimə və nəyə xidmət etməlidir?..
Azərbaycanın gələcəyi üçün dini kimliyi milli kimliyə qarşı qoymağa, türkçülüyü İslamı inkar edən ideologiyaya çevirməyə, Türkiyə sevgisini Azərbaycanın dövlətçilik iradəsindən üstün tutmağa ehtiyac yoxdur.
Eyni zamanda, İslamı hansısa xarici dövlətin, türkçülüyü siyasi mərkəzin, Turan ideyasını isə reallıqdan uzaq xəyalların inhisarına vermək də doğru deyil.
İslamı sevən insan dinini daha dərindən öyrənməli, türk dünyasını sevən insan onun inkişafına real töhfə verməli, Türkiyəyə bağlılıq hiss edən insan bu qardaşlığı qarşılıqlı hörmət və məsuliyyət əsasında yaşatmalıdır. Özünü ziyalı hesab edən insan isə bütün bu məsələlərə bilik, məntiq, vicdan və milli məsuliyyət prizmasından yanaşmalıdır.
Əsl ziyalılıq insanları dini və milli mənsubiyyətinə görə damğalamaq deyil, onları həqiqəti axtarmağa, fərqli fikirlərə hörmət etməyə və milli maraqları sağlam düşüncə ilə müdafiə etməyə çağırmaqdır.
Azərbaycanın gücü müxtəlif kimliklərin bir-birinə qarşı qoyulmasında deyil, onların müstəqil dövlətçilik, ortaq vətəndaşlıq və qarşılıqlı hörmət ətrafında birləşdirilməsindədir. Çünki həqiqi ziyalı özünə sərf edən həqiqəti deyil, sübutlarla əsaslandırılan gerçəyi müdafiə edir. Həqiqi vətənpərvər xalqının tarixini siyasi maraqlara qurban vermir. Həqiqi dindar dinin adından sui-istifadəyə göz yummur. Həqiqi türkçü türk dünyasının gələcəyini başqa xalqlara düşmənçilik üzərində qurmur.
Azərbaycan ziyalısının sədaqətinin son ünvanı hansısa xarici siyasi mərkəz, ideoloji düşərgə və ya şəxsi nüfuz sahibi deyil — həqiqət, vicdan, xalqın rifahı və Azərbaycanın müstəqil dövlətçiliyidir.
İslama da, türkçülüyə də, Türkiyə ilə qardaşlığa da, turançılığa da, Azərbaycan milli mənafelərinə də layiq ziyalı mövqeyi məhz budur...