"Vaqif Bayatlı, Vaqif Səmədoğlu kimi dünya səviyyəli istedadlarımızı isə zamanında “Nobel”ə təqdim etmək yadımızdan çıxıb. Bəlkə də elə paxıllıqdan bu cür addımlar atmağa nəfsimiz imkan verməyib..."
 




"İndi Əkrəm Əylisli ədəbi-siyasi füqur kimi Avropadan mükafatlar alır. Yaxşı olardı ki, Əkrəm müəllimə o mükafatı “Adamlar və ağaclar”a görə verəydilər..."
 
“Çingiz Abdullayevin əsərləri əslində onun yox, seriya qatillərin, canilərin “beyin məhsulları”dır. Hətta Qərbdə dedektiv əsərləri ciddi bədii nümunə kimi qəbul etmirlər. Dedektiv yazarları da əsl yazıçı kateqoriyasından saymırlar...”
 
Moderator.az aktullığını nəzərə alaraq  tanınmış şair-publislist və jurnalist Tural Turanın “Vahid Əzizlə, Ramiz Rövşənlə dünya ədəbiyyatına çıxa bilərsiniz” başlıqlı tənqidi publisistik yazısını dəyərli oxucuların diqqətinə çatdırır:
 
“Bu gün Azərbaycanda dünya ədəbiyyatına çıxaracağımız imza yoxdur. Nəsrdə də belədir, nəzmdə də... Bilirəm, cümləmi bitirməmiş “niyə?” sualını verdiniz. Səbəbi olduqca sadədir; dünya oxucusunun nə istədiyini, bizdən nə gözlədiyini bilmədən yazırıq... 
 
Anarın “Ağ limanı, “Macal”ı ilə uzaqbaşı, Türkiyənin İğdır şəhərinə qədər getmək mümkündür, bu günün oxucusu, xalq yazıçımız Anarı heç İstanbul oxucusu da qəbul etməyəcək... 
 
Ramiz Rövşənimizin, Vahid Əzizimizin də şeir atı ancaq Biləcəriyə qədər kişnəyib şaha qalxmaq iqtidarındadır. İrəli getməyə taqətləri yoxdur, üstəlik, bu imzaların poetik motorları da olduqca zəifdir. 
 
Bu kimi imzaları sadəcə özümüz hansısa qonaqlıqlarda şişirmişik, dəyərlərindən və poetik çəkilərindən artıq tərifləmişik. 
 
Vaqif Bayatlı, Vaqif Səmədoğlu kimi dünya səviyyəli istedadlarımızı isə zamanında “Nobel”ə təqdim etmək yadımızdan çıxıb. Bəlkə də elə paxıllıqdan bu cür addımlar atmağa nəfsimiz imkan verməyib. Hələ İsa Muğanna, Yusif Səmədoğlu, Mövlud Süleymanlı kimi dühalarımızı demirəm... 
 
Əkrəm Əylisli isə bir başqa mövzudur. Onun “Daş yuxuları”ı bədii cəhətdən olduqca zəif əsərdir. “Adamlar və ağaclar”a, “Kür qırağının meşələri”nə, “Mənim nəğməkar bibim”ə bənzəmir. Amma daş bizim ədəbi prosesin başına... Bu əsərə ədəbi tənqidçilərin əvəzinə  Zahid Oruclar, Musa Urudlar, Nurəddin Mehdixanlılar ədəbi-siyasi qiymət verdilər. Daha dəqiq desək, məşhurlaşdırdılar... 
 
İndi Əkrəm Əylisli ədəbi-siyasi füqur kimi Avropadan mükafatlar alır. Yaxşı olardı ki, Əkrəm müəllimə o mükafatı “Adamlar və ağaclar”a görə verəydilər. Bu, baş vermədi və “Daş yuxular” Əkrəm əfəndinin əvvəl yazdıqlarından qara bir daş asdı. O qara daşın göyərməyi də gələcək onilliklərin payına düşə, ya düşməyə... 
 
Deyəcəksiniz ki, bəs Çingiz Abdullayevi hara qoyursan?.. 
 
Çingiz Abdullayev dedektiv yazarıdır. Onun əsərlərini daha əvvəl cinayətkarlar, canilər de-fakto həyata keçiriblər. İstintaq materiallarından həmin materialları sürüb üzü üstə bədii ədəbiyyata (dedektiv janrına) gətirən Çingiz müəllim isə həmin kriminal həyat hekayələrinə de-yure bədii mətn statusu qazandırmaqla məşğuldur. Dolayı yolla desək, bu əsərlər əslində onun yox, seriya qatillərin, canilərin “beyin məhsulları”dır. Hətta Qərbdə dedektiv əsərləri ciddi bədii nümunə kimi qəbul etmirlər. Dedektiv yazarları da əsl yazıçı kateqoriyasından saymırlar... 
 
Dünyaya açılmaq vaxtıdır, bəylər. Bu ölkədə hər gün dünya ədəbiyyatına çıxası hekayələr yaşanır. Fəqət yazıçı və şairlərimiz cəmiyyətin “ucqarlığından” qopduqları üçün həmin real həyat hekayələri bir çox hallarda sənətə çevrilə bilmir. Bəzi istedadların isə dünyaya açılacaq qapılarına qıfıl vurulub. Yaxşı pul xərcləyib həmin qapıları da açmaq mümkündür. Yetər ki, istəyək və istədiyimizin arxasınca sona qədər gedə bilək...
 
Tural Turan
 
Redaksiyadan:
Məqalədə adları çəkilən şəxslərin fikir və mülahizələrini dinləyib təqdim etməyə hazırıq...