İnsan hələ ana bətnində ikən onda düşünmənin ilkin əsasları yaranmağa başlayır. Doğulduqdan dərhal sonra insan beyni mükəmməl bir düşüncə məkanına çevrilir və insanlar həmin andan başlayaraq ta son günlərinədək müxtəlif vasitələrlə düsüncələrinin şəklini çəkməklə məşğul olurlar. Biri sözlə çəkir düşüncələrinin şəklini, digəri fırça ilə, başqa birisi musiqi səsləri ilə. Xalçaya toxuyur, dəmirə döyür, zinət əşyalarına düzür, libaslara tikir insan düşündüklərini. 
 




Amma düşüncələrini daha çox sözlə çəkir insan:
 
1. Üçölçülü məkanda ölçüsü naməlum fərziyyə
 
"Ölüm" adlanan bir hadisənin mübhəm sirrini bircə Allah bilir. Ölüm də ayrılığın bir növüdür, amma elə ayrılıq ki, eyni bir müstəvi üzərində mövcud olmur: obyektlərin biri fərqli ölçüləri olan məkana daxil olduğundan geriyə dönüşün — təkrar fiziki birliyin baş verməsi qeyri-mümkündür. Elə ona gorə də ölümün başa düşülməsi  namümkün, qəbul edilməsi çətindir.
 
2. Ayaq və onun protezi
 
Daim düşündürən mətləblərdən birinin ətrafındakı fikirlərin yekunu olaraq ərsəyə gəlmiş fərziyyə:
 İnsan fantaziyası ilə maddiləşmiş və gələcəkdə də maddiləşəcək real və  ya fantastik sayılan hər bir şey, hətta maddiləşmək xüsusiyyəti olmayan mücərrəd duyğu və təsəvvürlər belə orijinal deyil. Onların hamısı vaxtilə mövcud olmuş  konkret və mücərrəd varlıqların surətidir (ayaq özü olmasaydı, onun protezini necə düzəldərdilər?).
  
3. Fərqli anlayışlar
 
Dilimizdə "Mərdi qova-qova namərd eyləmək" deyə bir ifadə var. Xeyli yanlış ifadədir. Əgər biri mərddirsə, onu qovaraq namərdə çevirmək mümkün deyil. Çevriləcəksə, deməli, heç əvvəldən mərd deyilmiş. Mərdi qova-qova namərd eyləmək yox, namərd kimi qələmə vermək olar —    bunlar isə bir-birindən tamamilə fərqli anlayışlardır.
 
4. Görünməz zərrələr
 
Kainatın sirləri önündə çox zəif olduğunu dərk edib qəbul edə bilən insan birdən-birə anlayır ki, bu anlayışın özü elə güc mənbəyidir. Çünki Kainat hər cür ucalığı, böyüklüyü, aliliyi dərk edib etiraf edən, qəbul edən insana ehtiramla yanaşır və ehtiyacı olduğu dönəmlərdə ona öz gücündən zərrələr bəxş edir. 
   Adi gözlə görünməsə də, ətraf aləm bu zərrələrlə doludur, önünə qapı açan hər kəsin kandarından içəri girməyə hər an hazırdır. Yetər ki, o qapılar, bir dəfə də olsa, açılsın.
 
5. Əsas inqridiyentlər
 
Undan hazırlanan şirniyyat növlərinin tamı bir-birindən nə qədər fərqlənsə də, əsas tərkibi eyni olur: un, şəkər.
Hardasa, nədəsə ortaq məxrəcə gələ bilən insanlar da eləcə: bir-birindən "yağ"ına, "xama"sına, "limon şirəsi"nə, "çərəz"inə, "ədviyyat"ına... və bütün bunların nisbətinə görə nə qədər fərqlənsələr də, əsas tərkibləri— xislətləri eyni olur.

İmarət Cəlilqızı