Dəyərli oxucularım, bütün dünyada keçərli olan bir anlayış var. Buna suverenlik hüququ deyilir. Məsələn, bir ölkə paytaxtını dəyişmək qərarına gəlsə, başqa ölkələr buna qarşı çıxa bilməz. Çünki paytaxtın harada olacağına yalnız həmin ölkə qərar verir. Etirazlar isə nəticəni dəyişmir.


Yaxud bir ölkə istədiyi məsələdə qaydaları dəyişə və başqalarının tənqidlərini nəzərə almaya bilər.






Bunlar bütün dünyada keçərli olan beynəlxalq qaydalardır.


Bir neçə gün əvvəl Türkiyədə bu mövzuda maraqlı hadisə baş verdi. Amma baş verənlərin bizimlə uzaqdan-yaxından heç bir əlaqəsi yox idi.


Azərbaycan hökuməti bir qərar qəbul etdi:


İbtidai məktəblərdə və liseylərdə şagirdlərin və müəllimlərin başörtüsü taxaraq dərsə gəlməsi qadağan edildi.


Həmin o şeydən söhbət gedir ki, adına türban, büş örtüyü deyirlər!


Bu qərarı qəbul edən və qəbul etdirən, əlbəttə ki, Azərbaycanın Prezidenti İlham Əliyev idi. Bizimkilərin hər məsələdə çox yaxınında dayanan bir dostumuz! Bizimkilər isə eyni zamanda Azərbaycanın “böyük qardaşıdır!”


Başörtüsü ilə bağlı qərar rəsmən açıqlananda bizimkilər yerlərindən sıçradılar!


Vay-vay! Bizim qucağımızda oturan Azərbaycan belə bir qərarı, bizimlə məsləhətləşmədən, bunu qəbul etməyəcəyimizi bilə-bilə necə verə bilər?!


Onların ümidləri bəlli idi.


Təzyiq göstərəcək və bu qərarı geri götürməyə nail olacaqdılar. Sonra da həqiqi və ya saxta, bütün İslam ölkələrinə güc nümayiş etdirəcəkdilər.


“Qoy hamı gücümüzü görsün! Təzyiq göstərdik və Azərbaycanın bu qərarı ləğv etməsinə nail olduq. Onlara öz tüpürdüklərini yalatdıq!..”


Sarayın Oktay Saral adlı baş müşaviri az qala hər çıxışında bir sıra qalmaqallara səbəb olur. Bu məsələdə də qabağa düşdü, etirazını bildirdi və belə dedi:


“Başörtülü şagirdlərin təhsil almaq hüququ əngəllənib. Təhsil hüququ ideoloji diktələrə qurban verilə bilməz. Azərbaycan rəhbərliyi bu tətbiqdən dərhal imtina etməlidir. Gənclərin qarşısına belə maneələr qoyulmasın”.


Onun ardınca AKP-nin Bursa millət vəkili Müfit Aydın danışdı:


“Azərbaycan hökuməti bu tətbiqə dərhal son qoymalıdır. İki ölkə arasındakı qardaşlıq münasibətlərinə zərər vurulmasın”.


Bu sözlər təbii ki, Rəcəb Tayyibin göstərişi ilə deyilirdi.


Biri Sarayın, yəni onun özünün baş müşaviri, digəri isə partiyasının millət vəkilidir.


Özü danışmasa belə, onları danışdırırdı!


Onlar danışar, bizim hakimiyyət tərəfdarı mediası susarmı?! Elə həmin andan hamısı səfərbər oldu, qadağanın ləğv edilməsinə nail olmaq üçün xəbərlər hazırlamağa başladılar...


Anadolu Agentliyi, TRT, Sabah, Hürriyet, NTV, Habertürk və digərləri...


Bunlar danışmağa başlayanda Azərbaycan hökuməti ilə yanaşı, İlham Əliyev də dərhal hərəkətə keçdi və bizimkilərə sərt sözlərlə cavab verməyə başladı.


Dövlət televiziyası belə cavab verdi:


“Bu ölkənin özünəməxsus milli dəyərləri var. Biz bu kimliyimizə ərəb və fars mədəniyyətlərini daxil etmərik. Türkiyədəki iqtidar nümayəndələrinin Azərbaycanın daxili işlərinə və suverenlik hüququna müdaxilə etmək haqqı yoxdur”.


İlham Əliyev isə bunları deyirdi. (Anlayan anladı!)


“Hər kəs öz yerini bilsin, işlərimizə qarışmasın, həyat tərzimizə burnunu soxmasın. Hər kəs öz xalqı və dövləti ilə məşğul olsun”.


Bu sərt sözlər birbaşa bizimkilərə, özünü dünya lideri hesab edənlərə ünvanlanmışdı.


Bizimkilər isə necə böyük səhvə yol verdiklərini, iş işdən keçəndən sonra anladılar.


Başörtülü insanları müdafiə etməli idilər, çünki həmin təbəqə AKP-nin səs anbarıdır! Üstəlik, Azərbaycan bu qərarı ləğv etsəydi, bütün İslam aləminə “buna biz nail olduq” deyərək güc nümayiş etdirəcəkdilər. Amma alınmadı!


Heç gözləmədikləri halda Azərbaycanı qəzəbləndirmişdilər. Belə bir reaksiyanı oradan heç gözləmirdilər.


Bəs sonra nə oldu?


Bu dəfə bizimkilər Azərbaycanın könlünü almağa çalışdılar.


İşi qaydasına salmaq üçün dost ölkəyə son dərəcə müsbət və mülayim mesajlar göndərməyə başladılar.


Rəcəb Tayyib yenə bu işin başında dayanırdı və mesajında İlham Əliyevə “Qardaşım” deyirdi.


Bəli, bizimlə uzaqdan-yaxından əlaqəsi olmayan, belə mənasız və gərəksiz bir məsələyə müdaxilə etdilər.


Sizə nə başqa bir ölkədəki örtünmə qadağasından?!


Siz Azərbaycan xalqını heç tanımırsınızmı? Onların böyük əksəriyyətinin sünni olmadığını, başörtüsü taxmadığını və sair məsələləri heç bilmirsinizmi?


Əgər sözünüz Azərbaycana keçirsə, onda Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanımasını təmin etsənizə!


Əlbəttə, bu, bir az cəsarət tələb edir. Başörtüsü məsələsi varkən, kim ŞKTC-ni düşünər?!


Bəli, hörmətli oxucularım, vəziyyət belədir!



Emin Çölaşan,

Türkiyəli jurnalist və köşə yazarı