Tibbdə olduqca nadir rast gəlinən hadisə həkimləri təəccübləndirib. 16 yaşlı yeniyetmənin sol göz yuvasında tam formalaşmış "köpək dişi" aşkarlanıb.


Moderator.az xarici mediaya istinadla xəbər verir ki, yeniyetmə təxminən bir ay ərzində yuxarı göz qapağında şişkinlik müşahidə etdikdən sonra həkimə müraciət edib. Şişkinlik ağrı yaratmasa da, zamanla həmin nahiyədə iki sərt, ağ rəngli çıxıntı görünməyə başlayıb.






Aparılan kompüter tomoqrafiyası müayinəsi göz yuvasının yuxarı divarında yerləşən, tacı və kökü aydın görünən dişi üzə çıxarıb. Cərrahi müdaxilə zamanı çıxarılan quruluşun bədxassəli şiş deyil, tam formalaşmış köpək dişi olduğu təsdiqlənib.


Ektopik diş nədir?


Dişlərin normal yerləşməli olduğu nahiyədən kənarda inkişaf etməsi tibbdə ektopik diş anomaliyası adlanır. Belə dişlər daha çox çənə ciblərində, bəzən isə burun boşluğunda və damaqda aşkarlanır.


Dişin birbaşa göz yuvasında yerləşməsi isə son dərəcə nadir haldır. Bu nahiyədə göz alması ilə yanaşı, çoxsaylı sinirlər və qan damarları da yerləşdiyindən belə anomaliyalar xüsusi tibbi diqqət tələb edir.


Anomaliyanın səbəbi nədir?


Mütəxəssislər ektopik dişlərin yaranmasının dəqiq səbəblərini tam müəyyən edə bilməyiblər. Bəzi hallarda bu vəziyyət anadangəlmə inkişaf xüsusiyyətləri ilə əlaqələndirilir.


Müalicə dişin yerləşdiyi nahiyədən, yaratdığı simptomlardan və mümkün fəsadlardan asılıdır. Ağrı və iltihab olmadıqda bəzi hallarda həkim nəzarəti kifayət edə bilər. Lakin bu hadisədə dəridə zədələnmə yarandığı üçün cərrahi müdaxilə zəruri olub.


Həkimlər belə qeyri-adi dəyişikliklər müşahidə edildikdə vaxtında mütəxəssisə müraciət etməyin vacibliyini vurğulayırlar.