Azərbaycan kino tarixinin nadir nümunələri Naxçıvanda qorunub saxlanılır.
 




Moderator.az APA TV-yə istinadən xəbər verir ki, Naxçıvan Dövlət Film Fondunun nəzdində fəaliyyət göstərən kinomuzeydə Azərbaycan kinosunun müxtəlif dövrlərinə aid 229 adda eksponat mühafizə olunur.
 
1999-cu ildə yaradılan fondun kolleksiyasında minlərlə bədii, sənədli, elmi-kütləvi və animasiya filmi saxlanılır.
 
Muzeyin ən maraqlı eksponatları arasında “Babək” filmində istifadə olunan qalxan və qılınclar, “Nəsimi” filmindən papaq və toqqa, “Arşın mal alan” filmindən qədim patefon, “Kəndlilər” filmindən çarıq və papaq yer alır.
 
Burada həmçinin “Uzaq sahillərdə”, “Bir qalanın sirri” və “O olmasın, bu olsun” filmlərinə aid tarixi əşyalar nümayiş etdirilir.
 
Kinomuzeyin yaradılmasında fondun ilk direktoru Əbülfəz Məmmədovun mühüm xidmətləri olub.
 
Fondun direktoru Mirakif Seyidov bildirib ki, əsas problemlər məkanın məhdudluğu və muzeyin rəsmi statusunun olmamasıdır.
 
Muzeyin genişləndirilməsi nadir kino irsinin daha geniş ictimaiyyətə tanıdılmasına imkan verə bilər.