Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
Moderator.az-ın məlumatına görə, spiker deyib ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti oktyabrın 18-dən 20-dək Qırğız Respublikasında rəsmi və işgüzar səfərlərdə olub:
“Rəsmi səfərin gedişində Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov ilə görüş oldu. Görüşdə Qırğızıstanla Azərbaycan arasında münasibətlərin xüsusi xarakter daşıdığı vurğulandı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin iyul ayında Qırğızıstana dövlət səfəri zamanı imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyəti qeyd edildi.
Parlamentlərarası əlaqələrin dinamik inkişafından məmnunluq ifadə olundu.
Hörmətli deputatlar!
Səfər çərçivəsində mən və nümayəndə heyəti Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliyev ilə görüşdük. Görüşdə Azərbaycanla Qırğızıstanın müttəfiqlik münasibətlərinə uyğun olaraq, parlamentlərarası əlaqələrin gücləndirilməsinin vacibliyinə toxunuldu. Dostluq qrupları arasında təmasların artırılmasının zəruri olduğu bildirildi.
Beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin davam etdirilməsi məsələsi nəzərdən keçirildi. Humanitar layihələrə xüsusi diqqət yetirildi.
Hörmətli həmkarlar!
Qırğız Respublikasına işgüzar səfərdə məqsəd Türk Dövlətləri Parlament Assambleyasının 15-ci plenar iclasında iştirak etmək idi. Oktyabrın 20-də Parlament Assambleyası Şurasının iclasında təşkilatın fəaliyyəti ilə bağlı məsələlər və onu gücləndirməyin perspektivləri nəzərdən keçirildi. Həmin gün TÜRKPA-nın 15-ci plenar iclası keçirildi. Mən iclasda çıxış edərək türk dövlətlərinin qarşılıqlı əlaqəsinin gücləndirilməsində və parlament diplomatiyasının inkişafında təşkilatın artan rolundan danışdım. Model qanunvericilik bazasının formalaşdırılmasına, daimi komissiyaların fəaliyyətinə, qadın parlamentarilərin və gənc parlamentarilərin işinə xüsusi diqqət yetirdim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin indiki dövrdə ölkələrimizin qarşılaşdığı təhdidlər barədə fikirlərini çatdırdım. Bu baxımdan gənclər siyasəti sahəsində birgə işi gücləndirməyin zəruriliyini də qeyd etdim. Müzakirələrdə süni intellekt və rəqəmsal inkişaf məsələləri mühüm yer tuturdu. Mən dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə bu sahədə həyata keçirilən siyasət barədə məlumat verdim. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyətindən danışdım.
Həmçinin Milli Məclisin bu istiqamətdə hüquqi bazanın möhkəmləndirilməsi üzərində fəal iş apardığını da qeyd etdim”.
S.Qafarova bildirib ki, nümayəndə heyətimizin üzvləri həm TÜRKPA-nın plenar iclasında, həm də digər tədbirlərdə fəal iştirak etdilər:
“Parlament Assambleyasında komitə sədri, komitə sədrinin müavini və seçki müşahidə missiyasının üzvü olan deputatlarımız plenar iclasda hesabat, tövsiyə qərarları və seçkilərin müşahidəsinin nəticələri barədə məlumat təqdim etdilər. Milli Məclis Aparatının əməkdaşı müəllifi olduğu model qanun layihəsi barədə fikirlərini bildirdi. Eyni zamanda, deputatlarımız üzvü olduqları qadın parlamentarilər qrupunun və gənc parlamentarilər qrupunun iclaslarında da çıxış etdilər.
Hörmətli həmkarlar!
İclasdan sonra parlament rəhbərlərinin birgə mətbuat konfransında qeyd edildi ki, aparılmış müzakirələr və qəbul edilmiş qərarlar TÜRKPA çərçivəsində əməkdaşlığın genişlənməsi üçün əlavə imkanlar yaradır”.
S.Qafarova əlavə edib ki, səfər çərçivəsində Qırğızıstan prezidenti TÜRKPA üzvü olan parlamentlərin rəhbərlərini də qəbul edib:
“Aparılan söhbət zamanı türk xalqları arasında inteqrasiya proseslərinin dəstəklənməsində və qarşılıqlı etimadın möhkəmləndirilməsində Assambleyanın rolu nəzərdən keçirildi.
Hörmətli deputatlar!
Səfərin gedişində Qazaxıstan Respublikası Qurultayının sədri cənab Aybek Dadebay ilə görüşüm oldu. Görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı. Strateji tərəfdaşlığın və müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsində dövlət başçılarının rolu vurğulandı. Həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində birgə işin əhəmiyyəti də qeyd edildi. Nümayəndə heyətimiz “Ata-Beyit” Milli Tarixi Memorial Kompleksini ziyarət etdi. Həmçinin biz Bişkekdə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun ev-muzeyində də olduq.
Hörmətli deputatlar!
Hesab edirəm, Qırğız Respublikasına rəsmi və işgüzar səfərlər uğurla keçdi. Bununla əlaqədar mən nümayəndə heyətinin hər bir üzvünə öz minnətdarlığımı bildirirəm”.