AFFA-nın İntizam Komitəsi II Liqanın VIII turunun oyunlarında baş verən intizamsızlıqlara görə bir sıra ağır cəza qərarları çıxarıb.
 




Moderator.az xəbər verir ki, bu barədə qurumun növbəti iclasında müvafiq qərarlar qəbul olunub.
 
Oktyabrın 18-də keçirilən “Hypers” – “Ağdaş” matçı başa çatdıqdan sonra “Ağdaş” komandasının rəhbəri Ruslan Hüseynov hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılıb. Bu insidentə görə “Ağdaş” klubu 1000 manat cərimə olunub.
 
Həmin gün baş tutan “Şirvan” – “Ağstafa Gəncləri” qarşılaşmasının 85-ci dəqiqəsində “Şirvan”ın baş məşqçisi Pərviz Bayramov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan qovulub. O, 1 oyunluq diskvalifikasiya edilib, klubu isə 250 manat cərimələnib.
 
Oktyabrın 19-da oynanılan “Şəmkir” – “Difai” matçının 88-ci dəqiqəsində “Şəmkir”in 99 nömrəli futbolçusu Elçin Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. O, 3 oyunluq cəzalandırılıb, “Şəmkir” klubu isə 300 manat məbləğində cərimə olunub.
 
Oktyabrın 20-də reallaşan “Qaradağ Lökbatan” – “Dinamo” görüşünün 70-ci dəqiqəsində isə “Dinamo”nun 20 nömrəli futbolçusu Valeh Seyidov birbaşa qırmızı vərəqə aldıqdan sonra yenidən rəqibə qarşı təcavüzkar davranıb. İntizam Komitəsinin qərarı ilə futbolçu 4 oyunluq kənarlaşdırılıb, komandası isə 300 manat cərimə edilib.