“Ermənistanın qeyri-sabit siyasət yürütməsi ciddi suallar doğurur. Bu ölkənin hakimiyyətinin verdiyi bəyanatların nə dərəcədə etibarlı olduğu aydın deyil”.
Moderator.az xəbər verir ki, bunu deputat Azay Quliyev Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.
Deputat Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarına toxunaraq bildirib ki, onun sülh müqaviləsinin imzalanması ilə bağlı mövqeyində ziddiyyətlər müşahidə olunur. Quliyevin sözlərinə görə, Paşinyanın əvvəlki bəyanatlarında sülh müqaviləsinin daha yaxın müddətdə imzalana biləcəyi bildirilsə də, son açıqlamalar prosesin uzana biləcəyini göstərir.
Azay Quliyev hesab edir ki, bu cür yanaşma sülh prosesinə etimadı zəiflədir. Azərbaycan sülhün qorunub möhkəmləndirilməsində maraqlıdır, lakin bunun üçün qarşı tərəfin də ardıcıl mövqe nümayiş etdirməsi vacibdir.
Deputat Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları məsələsinə də toxunub. O bildirib ki, bu iddiaların aradan qaldırılması regionda münasibətlərin normallaşması baxımından əhəmiyyətlidir.
Quliyevin fikrincə, Ermənistan mövcud ziddiyyətləri həll etmədən və aydın mövqe ortaya qoymadan regionda davamlı sülhün təmin olunması çətin olacaq.