FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Venger Bakıda təşkil olunacaq U-15 dünya çempionatı və festivalının gənc futbolçuların inkişafına töhfə verəcəyini bildirib.
 




Moderator.az xəbər verir ki, Venger bu barədə FIFA-nın rəsmi saytına açıqlamasında danışıb.
 
O, istedadlı futbolçuların dünyanın hər yerində olduğunu, lakin gənclərin beynəlxalq səviyyədə özlərini sınamaq imkanlarının eyni olmadığını vurğulayıb.
 
Mütəxəssisin sözlərinə görə, turnir müxtəlif ölkələrdən olan oyunçulara beynəlxalq təcrübə qazanmaq, fərqli rəqiblərlə qarşılaşmaq və müxtəlif futbol mədəniyyətləri ilə tanış olmaq imkanı yaradacaq.
 
Venger qeyd edib ki, xüsusilə gənclər futbolu dünyanı birləşdirmək gücünə malikdir. Müxtəlif ölkələrdən olan futbolçuların bir araya gəlməsi onlara meydandakı mübarizədən daha geniş təcrübə qazandıracaq, eyni zamanda milli assosiasiyaları gənc istedadların inkişafına daha çox sərmayə qoymağa təşviq edəcək.
 
Qeyd edək ki, Arsen Venger FIFA U-15 dünya çempionatı və festivalı ilə əlaqədar Bakıya gəlib. FIFA-nın rəsmi məlumatına əsasən, yarış oktyabrın 24-dən 30-dək keçiriləcək.