“Tramp iqtidardan getsə belə, TRIPP layihəsinin durdurulması asan olmayacaq...”
23 Oct 2026, 17:07 2 baxış 4 dəq oxuma
“Rusiyanın layihəyə hansısa formada qoşulması mümkün ssenarilərdən biridir. Lakin hazırkı razılaşma çərçivəsində ABŞ-ın dominant mövqeyi nəzərə alınarsa, Moskvanın layihədə həlledici rol əldə etməsi real görünmür..."
Ermənistan parlamenti Zəngəzur-Tramp yolu kimi tanınan TRIPP layihəsi ilə bağlı ABŞ-la imzalanmış sazişin ratifikasiya prosesinə başlayıb. Gələn il Ermənistan ərazisində tikinti işlərinin başlanması nəzərdə tutulur. Lakin ABŞ-da mümkün siyasi dəyişikliklərin və Vaşinqtonun Cənubi Qafqaza marağının azalmasının layihənin gələcəyinə necə təsir edəcəyi suallar doğurur. Xüsusilə, tikinti işlərinin Donald Trampın prezidentlik müddəti başa çatanadək yekunlaşmaması ehtimalı fonunda layihənin davamlılığı diqqət mərkəzindədir.
Digər tərəfdən, TRIPP ABŞ-ın Cənubi Qafqazda mövqelərini gücləndirmək təşəbbüsü kimi qiymətləndirilirsə, Rusiyanın gələcəkdə bu layihəyə hansısa formada qoşulması mümkündürmü? Belə bir ssenaridə Moskva Vaşinqtonun tərəfdaşına çevrilə, yoxsa layihənin idarəetmə və nəzarət mexanizmlərinə təsir göstərməyə çalışa bilər?
Birləşmiş Ştatlarda yaşayıb fəaliyyət göstərən siyasi təhlilçi, konfliktoloq Əli Əskərli bu suallarla bağlı Moderator.az-a açıqlamasında bildirib ki, Ermənistan parlamentinin sazişi ratifikasiya etməsi TRIPP layihəsinin hüquqi əsaslarını daha da möhkəmləndirəcək.
Onun sözlərinə görə, Donald Trampın hakimiyyətdən getməsi belə, layihənin avtomatik olaraq dayandırılması demək deyil:
“Tramp hakimiyyətdən getsə belə, TRIPP layihəsinin dayandırılması asan olmayacaq. Çünki bu təşəbbüs yalnız bir prezidentin siyasi iradəsi ilə məhdudlaşmır, eyni zamanda ABŞ-ın uzunmüddətli strateji və iqtisadi maraqları ilə də bağlıdır. Bununla belə, Vaşinqtonda baş verə biləcək siyasi dəyişikliklər layihənin icra sürətinə, maliyyələşdirilməsinə və prioritetlərinə təsir göstərə bilər”.
Əli Əskərli Rusiyanın gələcəkdə layihəyə müəyyən formada qoşulmaq istəyini də istisna etməyib. O, qeyd edib ki, Moskva Cənubi Qafqazda mövqelərini bərpa etmək və regionun nəqliyyat-kommunikasiya xətlərinə təsir imkanlarını artırmaq niyyətində ola bilər.
Siyasi təhlilçi vurğulayıb ki, mövcud razılaşmada ABŞ-ın dominant rolunun nəzərdə tutulması Rusiyanın layihədə əsas söz sahibinə çevrilməsini çətinləşdirir:
“Rusiyanın layihəyə hansısa formada qoşulması mümkün ssenarilərdən biridir. Lakin hazırkı razılaşma çərçivəsində ABŞ-ın dominant mövqeyi nəzərə alınarsa, Moskvanın layihədə həlledici rol əldə etməsi real görünmür. Vaşinqtonla əməkdaşlıq isə yalnız tərəflərin maraqlarının üst-üstə düşdüyü halda mümkün ola bilər”.
Ə.Əskərlinin fikrincə, TRIPP layihəsinin gələcək taleyi təkcə ABŞ və Ermənistan arasındakı razılaşmalardan deyil, bütövlükdə Cənubi Qafqazda formalaşacaq geo-siyasi vəziyyətdən də asılı olacaq. O, nəzərə çatdırıb ki, regionda yeni əməkdaşlıq imkanlarının yaranması ilə yanaşı, maraqların toqquşması nəticəsində əlavə gərginliklərin meydana çıxması da mümkündür.
Konfliktoloq əlavə edib ki, uzunmüddətli münaqişələrdən yorulmuş tərəflər üçün qarşılıqlı əməkdaşlıq imkanları əhəmiyyət daşıyır. Bununla belə, həmin imkanların real nəticələrə çevrilməsi siyasi iradədən, tərəflərin qarşılıqlı etimadından və regional maraqların uzlaşdırılmasından asılı olacaq.