İngiltərənin “Mançester Yunayted” klubunun kamerunlu qapıçısı Andre Onana yol-nəqliyyat hadisəsi keçirib.
Moderator.az “Daily Star”a istinadən xəbər verir ki, hazırda Türkiyənin “Trabzonspor” klubunda icarə əsasında çıxış edən 30 yaşlı qolkiper dünən axşam saatlarında Yomra yolu ərazisində yüksək sürətlə hərəkət edən bir neçə avtomobilin iştirakı ilə baş verən qəzaya düşüb.
İddialara əsasən, başqa bir avtomobil Onananın maşınına arxadan çırpılıb. Zərbənin təsirindən qapıçının avtomobili qarşısındakı nəqliyyat vasitəsinə dəyib.
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəydiyi bildirilir. Onana ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb və tibbi müayinədən keçirilib.
“Trabzonspor”un prezidenti Ərtuğrul Doğan hadisə ilə bağlı açıqlamasında qapıçının vəziyyətinin yaxşı olduğunu bildirib.
Xatırladaq ki, Onana bu mövsümün əvvəlində “Mançester Yunayted”dən “Trabzonspor”a icarəyə keçib.