Ermənistanda azərbaycanlı çobanın sərhədi keçməsi ilə bağlı insident hakimiyyət daxilində və hüquq-mühafizə sistemində müzakirələrə səbəb olub.
 




Moderator.az xəbər verir ki, bu barədə Ermənistanın “Johovurd” qəzeti hakimiyyətə yaxın mənbələrinə istinadən məlumat yayıb.
 
Nəşrin yazdığına görə, hadisənin baş verdiyi əraziyə nəzarəti Ermənistanın Müdafiə Nazirliyi həyata keçirir. Buna görə də insident orduda xidmətin təşkili, sərhəd nəzarətinin effektivliyi və məsul vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı suallar doğurub.
 
Qəzetin məlumatına əsasən, müzakirələrin diqqət mərkəzində müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi qurum və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan dayanır. Onlardan sərhəd nəzarətinin necə təşkil edildiyi və hadisənin qarşısının niyə alınmadığı ilə bağlı izahat gözlənildiyi bildirilir.
 
Sərhəd delimitasiyasının aparılmaması məsuliyyəti aradan qaldırmır...
 
“Joxovurd” qeyd edir ki, hadisənin baş verdiyi ərazidə sərhədin delimitasiyası hələ həyata keçirilməyib. Bununla belə, qəzet vurğulayır ki, delimitasiyanın aparılmaması sərhəd təhlükəsizliyinin təmin edilməsi və mümkün insidentlərin qarşısının alınması zərurətini aradan qaldırmır.
 
Nəşrin yazdığına görə, əsas suallardan biri həmin ərazidə nəzarətin necə həyata keçirilməsi və xarici ölkə vətəndaşının sərhədi hansı şəraitdə keçə bilməsidir. Həmçinin məsul şəxslərin xidməti vəzifələrini lazımi qaydada yerinə yetirib-yetirmədiyi araşdırılır.
 
Paşinyan məsul şəxslərin cəzalandırılacağını bildirib...
 
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında hadisəyə münasibət bildirib. O, insidentin təfərrüatları və təqsirkar şəxslər müəyyənləşdiriləcəyi təqdirdə məsul şəxslərin cəzalandırılacağını bəyan edib.
 
“Joxovurd”un hakimiyyətə yaxın mənbələrinin məlumatına görə, Paşinyanın bu açıqlamasından sonra müdafiə nazirliyinin rəhbərliyinin və Baş Qərargah rəisinin məsuliyyəti məsələsi də hakimiyyət dairələrində müzakirə olunur.
 
Qeyd edək ki, qəzetin yaydığı məlumatlar mənbələrinə əsaslanır. Müdafiə naziri Suren Papikyanın və Baş Qərargah rəisi Edvard Asryanın hadisə ilə bağlı məsuliyyət daşıyıb-daşımadığı barədə yekun qərar verildiyi açıqlanmayıb.
 
S.Laçın