“TRIPP layihəsinin taleyi həm də ABŞ-Rusiya münasibətlərindən də asılı olacaq...”
 




“Zəngəzur layihəsinin indiki vəziyyətində İranın da müəyyən məsuliyyəti var...”
 
Siyasi analitik Tahir Cəfərli Ermənistanın TRIPP layihəsi ilə bağlı ABŞ-la sazişi ratifikasiya etməsi, Zəngəzur istiqamətində nəqliyyat əlaqələrinin açılması perspektivləri, ABŞ-ın regional maraqları, İranın mövqeyi və Donald Trampın impiçment ehtimalı barədə fikirlərini bölüşüb.
 
Analitik Moderator.az-a təqdim etdiyi şərhdə hesab edir ki, Ermənistanın ratifikasiya qərarı özlüyündə layihənin reallaşacağına zəmanət vermir. Onun fikrincə, prosesin gələcəyi Rusiyanın mövqeyindən, ABŞ-ın geosiyasi hesablamalarından və regiondakı dövlətlərin maraqlarından asılı olacaq.
 
“Ermənistanın ratifikasiya qərarının hüquqi əsası şübhəlidir...”
 
Tahir Cəfərli Ermənistan parlamentinin TRIPP layihəsi ilə bağlı sazişi ratifikasiya etməsinin praktiki nəticələrinə şübhə ilə yanaşır. O, mövqeyini Rusiya ilə Ermənistan arasında qüvvədə olduğunu bildirdiyi hərbi sazişlə əlaqələndirir:
 
“Ermənistan parlamentinin ratifikasiyasının heç bir hüquqi əsası olmayacaq. Çünki onun ərazisində bu günə qədər Rusiya-Ermənistan hərbi sazişi qüvvədədir. Nə qədər ki, bu saziş işləyir, Ermənistanın Rusiyanın maraqlarına qarşı getməsi inandırıcı görünmür”.
 
Analitik Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmaq və Avropa ilə inteqrasiyanı dərinləşdirmək istiqamətindəki bəyanatlarını da real iqtisadi vəziyyət baxımından qiymətləndirməyin vacibliyini vurğulayıb.
 
“Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmaq tələbini ortaya qoyub, Avropa ilə ittifaqa girəcəyini də ciddi qəbul etmək olmaz. Çünki bu saat Ermənistan iqtisadiyyatını dolandıran elə Avrasiya İqtisadi İttifaqıdır. Mənə elə gəlir ki, bu, oyundur və Rusiyaya təzyiq vasitəsi kimi də qəbul edilə bilər. Sadəcə olaraq, seçiciləri fəallaşdırmaq üçün bir bəhanədir”, — deyə Cəfərli bildirib.
 
“TRIPP layihəsinin tikintisi üçün böyük maliyyə vəsaiti tələb olunur...”
 
Analitik Zəngəzur istiqamətində tikinti işlərinə gələn ildən başlanılması ilə bağlı planların maliyyə təminatına diqqət çəkib.
 
“Ermənilərin gələn ildən tikintiyə başlaması külli miqdarda pul tələb edir. Haradan bu pul? Bunu ABŞ edəcəkmi? İnanılası deyil. Zəngəzur Tramp yolunun işləməsi indiki geosiyasi vəziyyətdə ağıla gələsi deyil”, — deyə o qeyd edib.
 
Cəfərlinin fikrincə, layihənin reallaşması yalnız Ermənistanın siyasi iradəsindən və ABŞ-la əldə olunan razılaşmalardan asılı deyil. O, məsələyə daha geniş geo-siyasi kontekstdə yanaşır və TRIPP-nin fəaliyyətə başlamasının Vaşinqtonun bəzi strateji məqsədləri ilə ziddiyyət təşkil edə biləcəyini düşünür.
 
“Bu, ABŞ-ın geo-siyasi məqsədlərinə ziddir və dəhlizin işləməsi onun bütün planlarını pozur. Dəhlizin işləməsi Şərqdən və Şimaldan gələn yüklərin Türkiyədən keçməsini təmin edir. Bunu isə ABŞ istəmir, çünki bu yüklər Avropaya gedə bilər və ABŞ-ın Avropa İttifaqını dağıtmaq planlarına son qoyar. Odur ki, ABŞ bu dəhlizləri bağlı saxlamaqda maraqlıdır”, — deyə analitik öz mövqeyini ifadə edib.
 
Türkiyənin mövqeyi və İran amili...
 
Tahir Cəfərli Türkiyənin regional siyasətinin də Zəngəzur istiqamətində nəqliyyat əlaqələrinin gələcəyinə təsir göstərə biləcəyini düşünür. Onun fikrincə, Ankara ilə Vaşinqtonun İran məsələsində fərqli mövqelərdən çıxış etməsi münasibətlərdə əlavə gərginlik yarada bilər.
 
“Türkiyənin ABŞ-a qoşulub İrana hücum etməməsini, daha doğrusu, kürdlərin İrana girməsinin qarşısını almasını Tramp Türkiyəyə bağışlamayacaq. Odur ki, Türkiyənin Zəngəzur  yolunun açılmasını gözləyən planları xəyaldır”, — deyə Cəfərli bildirib.
 
Analitik bu qənaətini özünün geo-siyasi qiymətləndirməsi kimi təqdim edir və Türkiyənin regional planlarının həyata keçirilməsini ABŞ-la münasibətlərin gələcək istiqaməti ilə əlaqələndirir.
 
İranın gələcək beynəlxalq mövqeyinə toxunan Cəfərli isə Tehranla Vaşinqton arasında mümkün sülh sazişinin regionda qüvvələr balansına təsir göstərə biləcəyini düşünür.
 
“Əgər İranla ABŞ sülh sazişinə gedərsə, bu ölkə orta dövlət statusunu alacaq. Daha ciddi düşünsək, görərik ki, bu saat onun orta dövlət kimi aparmasına elə ABŞ şərait yaradır. Odur ki, İran ABŞ-ın müttəfiqi olduğu bir çox ərəb ölkələrindəki bazalarını dağıdır. Beləliklə, onun güclü dövlət olduğunu dünyaya bəyan edir”, — deyə analitik iddia edib.
 
Cəfərli eyni zamanda İranın Hörmüz boğazı, husilərin isə Qırmızı dəniz ətrafındakı fəaliyyətinin Avropanın enerji təhlükəsizliyinə təsir göstərə biləcəyini vurğulayıb.
 
“Bu saat İran Hörmüzü, husilər Qırmızı dənizi tutmaları ilə Avropa ölkələrini ABŞ qarşısında diz çökməyə vadar edirlər. Neftin bir barelinin 150–200 dollar olacağını nəzərə alsaq, Avropanı ciddi qiymət artımları gözləyir”, — deyə o bildirib.
 
Analitik hesab edir ki, enerji qiymətlərinin kəskin artması Avropa ölkələrində iqtisadi və siyasi proseslərə təsir edə, Fransa və Almaniyada mümkün hakimiyyət dəyişiklikləri isə Avropa İttifaqının gələcəyinə dair müzakirələri gücləndirə bilər.
 
“Zəngəzur layihəsinin indiki vəziyyətində İranın da müəyyən məsuliyyəti var...”
 
Tahir Cəfərli Zəngəzur məsələsinin indiki mərhələyə gəlib çatmasında İranın əvvəlki siyasətinin də rol oynadığını düşünür. O, fikrini 2020-ci ildə Qarabağ müharibəsi zamanı və sonrakı hadisələrlə əlaqələndirir.
 
“Zəngəzur layuhəsinin bu hala düşməsində elə İranın da müəyyən geosiyasi səhvləri olub. Yadınıza Azərbaycanın 2020-ci ildə Qarabağı azad etmək epizodlarını salın. Qarabağı azad edib, Zəngəzuru azad etmək istəyən Azərbaycan ordusunun qarşısını İran ordusu sərhədimizi keçib, Zəngilanda qarşısında durmuşdu. Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik səyləri nəticəsində iki qardaş dövlət toqquşmadı. Onda iki ölkənin toqquşması labüd idi. Azərbaycan buna getmədi”, — deyə Cəfərli bildirib.
 
Analitik əlavə edib ki, onun fikrincə, İranın həmin dövrdə tutduğu mövqe Zəngəzur məsələsinin indiki vəziyyətinə təsir göstərən amillərdən biri olub. O, həmçinin Zəngəzurun gələcəkdə İrana qarşı istifadə oluna biləcək əraziyə çevrilməsi ehtimalını gündəmə gətirib.
 
 
“Rusiyanın TRIPP layihəsinə münasibəti həlledici ola bilər...”
 
Cəfərli TRIPP layihəsinin gələcəyini qiymətləndirərkən Rusiyanın maraqlarını əsas amillərdən biri hesab edir. Onun fikrincə, Moskva regiondakı tranzit marşrutlarına və onların iqtisadi-strateji əhəmiyyətinə biganə qala bilməz.
 
“D.Trampın Zəngəzura əl qoyması və buranı ata malı kimi işlədəcəyi inanılası deyil, çünki ortada Rusiya var və bu tranzit yolları Rusiyanın istər iqtisadi, istərsə də strateji marağındadır. Nəzərə alsaq ki, Ukrayna ilə bağlı Tramp-Putin birliyi və əməkdaşlığı ortaya çıxmaqdadır, onlar bir-birinə güzəştə gedəcəklər. Bu güzəştin quyruqları daha görünür”, — deyə analitik öz mövqeyini açıqlayıb.
 
O, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin gələcəyini də Rusiya ilə ABŞ arasında mümkün razılaşmalar kontekstində nəzərdən keçirir.
 
“Şimal-Cənub dəhlizinin işləməsi haqqında Rusiya prezidentinin bəyanatları göstərir ki, bu yol Azərbaycanın tranzit yollarından İrana keçməlidir. Əlbəttə ki, Putin bunu ABŞ-ın razılığı olmasaydı etməzdi”, — deyə Cəfərli iddia edib.
 
Analitik hesab edir ki, Şimal-Cənub dəhlizinin inkişafı həm Azərbaycanın, həm də İranın iqtisadi maraqlarına uyğundur. Onun fikrincə, bu marşrutun inkişafı ABŞ-ın İranla mümkün razılaşması çərçivəsində Rusiyaya verilə biləcək güzəştlərdən biri də ola bilər.
 
Trampın impiçment ehtimalı və TRIPP-nin gələcəyi…
 
Tahir Cəfərli ABŞ-da aralıq seçkilərindən sonra siyasi qüvvələr nisbətinin dəyişməsi və Donald Trampın impiçmenti ehtimalı barədə də fikirlərini bölüşüb.
 
Analitik hesab edir ki, Tramp seçkilərdə siyasi dəstəyini itirsə və impiçment məsələsi gündəmə gəlsə belə, onun prezident vəzifəsindən kənarlaşdırılması real deyil.
 
“Senatın qərarı ola bilər, ancaq bu, formal xarakter daşıyır. Heç bir qüvvə ABŞ prezidentini işdən uzaqlaşdıra bilməyəcək”, — deyə Cəfərli bildirib.
 
Onun fikrincə, ABŞ-da qanunverici və icra hakimiyyətləri arasında yarana biləcək siyasi qarşıdurma administrasiyanın fəaliyyətinə təsir göstərsə də, bu, Trampın vəzifədən kənarlaşdırılacağı anlamına gəlmir.
 
Analitik ümumilikdə hesab edir ki, TRIPP layihəsinin gələcəyini yalnız Ermənistanla ABŞ arasında əldə olunan razılaşma əsasında müəyyənləşdirmək mümkün deyil. Onun qənaətinə görə, Rusiyanın mövqeyi, İranla münasibətlər, Türkiyənin maraqları və ABŞ-ın qlobal geo-siyasi hesablamaları layihənin taleyinə təsir göstərəcək.
 
S.Laçın