Moderator.az xəbər verir ki, "Əl-Cəzirə", “IslamNews”, “The National” və digər xarici nəşrlərin məlumatına görə, amerikalı diplomat Qətərin paytaxtı Dohada keçirilən Qlobal Təhlükəsizlik Forumunda çıxışı zamanı İranı “şər rejim” adlandırmağın düzgün olmadığını bildirib.
Barrakın sözlərinə görə, İran teokratik dövlətdir və onun dini məzmununa və dini praktikasına hörmətlə yanaşmaq lazımdır.
“Bu, teokratiyadır. Şər rejim deyil... Bu, hamımızın hörmətlə yanaşdığımız dini məzmun və praktikadır”, — deyə diplomatın açıqlaması xarici mediada sitat gətirilib.
Barrakın bu fikirləri ABŞ-ın İran hakimiyyətinə münasibətdə uzun müddətdir davam edən sərt ritorikası fonunda diqqət çəkib. Bununla belə, onun açıqlamasını Vaşinqtonun İrana dair rəsmi siyasətində köklü dəyişiklik kimi qiymətləndirmək üçün əsas yoxdur.
Xarici nəşrlərin məlumatına görə, diplomat İranın dini idarəçilik sistemini İslam İnqilabı Keşikçiləri Korpusunun(SEPAH) fəaliyyəti ilə fərqləndirib. Bu yanaşma onun İranın siyasi-dini quruluşuna münasibətinin ABŞ-ın təhlükəsizlik narahatlıqlarından ayrı nəzərdən keçirilməli olduğunu göstərir.
Qeyd edək ki, İran İslam Respublikası 1979-cu il İslam İnqilabından sonra formalaşıb. Ölkənin siyasi sistemində ali dini rəhbər mühüm səlahiyyətlərə malikdir və dövlət idarəçiliyində dini institutlar əsas rol oynayır.
Barrakın açıqlaması İranın idarəçilik modelinə münasibətdə fərqli yanaşma kimi diqqət çəksə də, bu, ABŞ administrasiyasının Tehranla bağlı bütün mövqeyinin dəyişdiyi anlamına gəlmir.
S.Laçın