Kanada Baş naziri Mark Karni Ottavanın ABŞ Konqresinə noyabrın 3-ə təyin edilmiş arlıq seçkilərə təsir göstərmək cəhdlərinə dair Vaşinqtonun ittihamlarını rədd edib.


Moderator.az xəbər verir ki, bunu Kanadanın hökumət başçısı Türkiyəyə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.






"Bu iddiaların heç bir əsası yoxdur", - Karni amerikalı diplomatların Kanada rəsmilərinin ABŞ-də seçki prosesinə müdaxilə etməyə çalışması ilə bağlı bəyanatlarını şərh edərkən vurğulayıb.


Baş nazir ABŞ-nin Ottavadakı səfiri Pit Hukstranın mövqeyindən də məyus olduğunu bildirib.


Ötən həftə Hukstra Kanada hakimiyyətini "burnunu Amerika siyasətinə soxmamağa" çağırmışdı. Daha sonra oktyabrın 21-də ABŞ səfirliyi Ottava nümayəndələrini seçkilər ərəfəsində ABŞ siyasətinə təsir göstərməyə cəhddə ittiham edib.


Karni həmçinin bildirib ki, Kanada prezident Donald Trampın administrasiyasının tətbiq etdiyi idxal rüsumlarının azaldılması naminə ABŞ ilə yeni ticarət sazişinin bağlanmasını tələsdirmək niyyətində deyil.


"Əgər məqbul sazişin əldə olunması üçün aylarla və ya daha çox gözləmək, yaxud Vaşinqtonda başqa administrasiyanın hakimiyyətə gəlməsini gözləmək lazım gələrsə, biz gözləyəcəyik", - baş nazir deyib.


O yenidən vurğulayıb ki, Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq.


ABŞ Prezidenti isə Ağ Evdə jurnalistlərlə söhbətində Kanadanın Vaşinqtonla ticarət sazişi bağlamaq üçün fəal şəkildə çalışdığını bildirib.


"Kanada saziş bağlamaq üçün böyük səylər göstərir. Mən bunu demək istəməzdim, amma üstünlük bizdədir", - Tramp qeyd edib.