Fransa Liqa 1-in VIII turu çərçivəsində keçirilməli olan PSJ - "Lion" matçı gözlənilən iğtişaşlar səbəbindən bir gün təxirə salınıb.


Moderator.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (LFP) mətbuat xidməti məlumat yayıb.






Oktyabrın 25-də keçirilməsi planlaşdırılan qarşılaşma oktyabrın 26-na təyin edilib. Qərar Paris Polis Prefekturasının bazar günü matçın keçirilməsinə icazə verməməsindən sonra qəbul olunub.


Qeyd edək ki, PSJ - "Lion" görüşü "Qızıl top" mükafatının təqdim ediləcəyi gün keçiriləcək. Paris klubunun doqquz futbolçusu bu mükafata namizəddir.


Xatırladaq ki, Fransada sentyabrın sonlarından etibarən kütləvi etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları yaşayış xərclərinin artmasına etiraz edir, əməkhaqlarının və pensiyaların artırılmasını tələb edirlər.


Oktyabrın 17-də ölkənin bir sıra böyük şəhərlərində keçirilən aksiyalar zamanı qarşıdurmalar, qarətlər və yanğınlar qeydə alınıb.


Fransada növbəti ümumölkə etiraz aksiyasının oktyabrın 24-də keçirilməsi planlaşdırılır.