Avrasiya Reytinq Agentliyi Ermənistan-Rusiya iqtisadi münasibətləri ilə bağlı maraqlı satatistika təqdim edib. Statistikaya görə, Ermənistan əhalisinin 15%-i Rusiyadan göndərilən pul köçürmələrindən asılıdır.
Maraqlıdır, bu statistika Ermənistanın iqtisadi-sosial baxımdan hələ də Rusiyadan ciddi şəkildə asılı olduğunu söyləməyə əsas verirmi?
Moderator.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Rusiya Ermənistan iqtisadiyyatında xüsusi paya malikdir. Ermənistana investisiya qoyuluşlarında, idxal-ixrac əməliyyatlarında Rusiyaın xüsusi payı var.
Digər mühüm məqam Rusiyadan Ermənistana göndərilən pulların həcmi ilə bağlıdır. Ermənistanda əsasən paytaxtdan kənar bölgələrdə yaşayanların Rusiyadan göndərilən pullardan asılılığı var. Həmn pullar əsasən Ermənistanda rayon və kənd yerlərində yaşayan ailələrə ünvanlanır. Çünki məhz bu ailələrdən olan şəxslər Rusiyada müxtəlif işlərdə çalışaraq ailələrinə pul göndərirlər.
Ümumiyyətlə, həm sosial, həm də iqtsiadi baxımdan Ermənistan uzun müddətdir ki, Rusiyadan asılıdır. Bu, Ermənistan-Rusiya münasibətlərinə təsir göstərən faktorlardan biri olub.
Ermənistanın hazırkı hakimiyyəti bu status-kvonu dəyişməyə çalışır. Lakin bu, elə də asan deyil. Çünki yenə də Ermənistan iqtisadiyyatında Rusiya dominantdır. Pul köçürmələrində Rusiyanın payı daha çoxdur. Müşahidə və təhlillər onu deməyə əsas verir ki, bu vəziyyət hələ bəlli bir müddət dəyişməz olaraq qalacaq”.
Seymur ƏLİYEV