Bu gün görkəmli Azərbaytcan xanəndəsi, Əməkdar artist, el arasında “Dədə Süleyman” adı ilə tanınan Süleyman Abdullayevin anım günüdür. Böyük pedaqoq Seyid Şuşinskinin tələbəsi olan sənətkarın ifasında "Segah", "Dəşti", "Çahargah", "Şur" muğam dəsgahlarının lent yazıları AZTV-nin “Qızıl fond”-una daxil olunub.
Sənətkarın qızı Aygün Abdullayeva Moderator.az-a açıqlamasında atasının “Dədə” adına necə sahib olduğunu açıqlayıb:
“Dədə” adı hər insana, hər sənətkara nəsib olmur. Bu adı qazanmaq lazımdır. Atam Süleyman Abdullayev “Dədə” adını qazanmışdı. Çox gənclərin toyunu təmənnasız oxuyub, idarə edib. Hansı ki, imkanlı toylardan qazanc əldə edəndə də, o pulları təmənnasız oxuduğu toylara yazdırıb. Elə gənclər olub ki, pulsuzluqdan evlənə bilməyib. Atam həmin uşaqları öz himayəsinə alaraq onların toyunu da təmənnasız edib, ev-eşik, maşın, hətta cehiz alıb və onları üstəlik işə də düzəldib. Bu etdiyi yaxşılıqları bir Allah bilib, bir atam, bir də həmin şəxslər. Heç vaxt çıxıb hardasa danışmayıb, kiməsə deməyib. Biz çox şeyləri o dünyasını dəyişəndən sonra bilmişik. Gəlib-gedənlər danışıb, söhbət edib və ona rəhmət oxuyublar” deyə sənətkarın qızı bildirib.
Aygün Abdullayeva deyib ki, atası özünü tamamilə sənətə həsr edib və bu sənət yolunda fədakarlıq edib.
“Atamın getdiyi toyların sayı-hesabı olmayıb. Təsəvvür edirsiz, o toyda evə 6-7 ədəd bildiyimiz un “meşok” ları ilə pulla gəlirdi. Yadımdadır, yorğun olurdu, yatırdı. Pulları da ona şabaş verirdilər. Əmim uşaqlarına, bizə deyirdi ki, “götürün pulları sayın, sabah bu hissəsi filankəsə gedəcək, digər hissəsi filankəsindir”. O bölüşməyi bacarırdı. Kiminsə ad gününə gedirdi, puldan əlavə qızıl hədiyyəsi də verirdi. Mənim atam sözün əsl mənasında hər kəsə dədəlik edib. Bunları yalnız bir ata övladına edə bilər, amma mənim atam hamıya edib. Bu sahədə olan xanəndələr, müğənnilər də onun xasiyyətini bilirdi. Bu gün də onun əliaçıqlığından danışırlar. Hətta bir dəfə çəkilişdən sonra bütün heyəti qonaqlığa aparıb. Oradakı tanınmışlardan biri atamdan gizlin hesabı ödəyib. Dədə ondan incimişdi ki, mən olan yerdə sən əlini cibinə salmısan. O da tanınmış aparıcılardan biri idi. Əlbəttə ki, həmin şəxs də bu addımı hörmət naminə atmışdı. Onu görməyə gələnlərə belə pensiyasından benzin pulu verirdi. Deyirdi ki, “sən əziyyət çəkib məni görməyə gəlmisən”. Atam rəhmətə gedəndə dedilər ki, bu kişinin kənarda 5-10 manatı yoxdur?! And içdim ki, heç 10 manatı da yox idi. O pul saxlamırdı, ancaq xeyriyyəçilik edirdi. Ömrünün son illərində artıq toylara getmirdi. Təqaüd alırdı. Oturub-durub Ulu Öndər Heydər Əliyevə rəhmət oxuyurdu. Düzdür, qüvvədən düşmüşdü, o güc yox idi. Səhhətində də problemlər çox idi. Ayağı qanqrena oldu. Həkim ona deyirdi ki, sən şəkərsən, sıx ayaqqabı geyinə bilməzsən. Atam deyirdi ki, “necə yəni, mən xalqın qabağına “tapıçka”-da çıxmalıyam?!” O ayaqqabını geyinib səhnədə dayanırdı. Ona sıx ayaqqabı olmazdı. Öz sənətinə görə çox fədakarlıqlar edib. O vaxt Türkiyəyə getmək çətin idi. Haralardan keçməli idin. Atam o çətin illərdə Türkiyəyə gedib konsert verib, Azərbaycanı təmsil etmişdi. Dədəni orada çox gözəl qarşılamışdılar. Deyirdi ki, “məni səhnədən düşməyə qoymurdular”. Dədə özünü reklam etməyib. Nə də ki, onun xarici ölkələrdə, öz ölkəmizdə sənəti üçün etdiklərini efirlər deməyiblər. Özünə deyiblər, amma lazım olan yerdə deməyiblər. O vaxt bir efir var idi. Çox danışmaq da olmurdu. Efirdə bu sözləri demək qadağan idi. O vaxt sadəcə “oxuyur Süleyman Abdullayev” deməklə kifayətlənirdilər. Dədənin sağlığında ona ən dəyərli qiyməti verənlərdən biri, bəlkə də birincisi Nanə Ağamalıyeva oldu. O dədəni sanki yenidən gündəmə gətirdi. Mən Nanə xanıma öz təşəkkürümü bildirirəm. Bunu dana bilmərəm. Həm də anam dünyasını dəyişəndən sonra o həyatdan küsmüşdü.. 5 il biz-atam və qardaşlarımla anamın xəstəliyi ilə məşğul olduq. Atam anamdan güc alırdı. Anamın itkisi bizim üçün də çox ağır idi. Atama təsəlli verə-verə onu az da olsa toparladım. Sağ olsun Nanə xanım efirə çağırdı. Onun fədakarlığına baxıb digər aparıcılar da dədəni çağırırdılar. Atama o illərdə ən böyük dəstəyi gördüm. Atam o qədər qürurlu və böyük şəxsiyyət idi ki, heç vaxt götürüb kiməsə yığmazdı ki, məni efirə çağır... Atam heç kimdən kömək də istəməzdi” deyə o bildirib.
Aygün Abdullayeva deyir ki, atasız yaşamaq onun üçün çox çətindir. Hər gün ona qovuşacağı günü gözləyir:
“Mən atamla dost idim. Bizim aramızda başqa bir bağ var idi. Nə vaxtsa xəstələnəndə, hansısa problemim olanda yuxuma gəlib deyir ki, “narahat olma, hər şey düzələcək”. Onu hər zaman yanımda hiss etmişəm. Əlini çiynimə qoyanda bilirəm ki, bütün işlərim yaxşı olacaq. O öz yoxluğu ilə məni yenə də qoruyur. Yuxularımda belə o məni fikirləşir.. Yuxudan durub o qədər ağlayıram ki.. Bir gün fikirləşsəm ki, atam dünyada yoxdur, o anda ölərəm. Mən belə şeylərlə təskinlik tapıram və düşünürəm ki, atamla anamı o biri dünyada görəcəm. Bu təsəlli ilə yaşayıram” deyə sənətkarın qızı bildirib.
Dədə Süleymanın qızı doğma vətəni Füzulidə atasının adına musiqi məktəbinin də açılmasını arzulayır:
“Dövlətimiz hər zaman atamın sənətinə böyük qiymət verib. İstər həyatda olanda, istərsə də dünyasını dəyişəndən sonra ona diqqət böyük olub. Atam dünyasını dəyişəndən sonra cənab nazir Adil Kərimliyə atamın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müraciət ünvanladım. Çox istərdim ki, ya atamın doğulduğu Qoçəhmədli kəndində, ya da Füzuli şəhərində onun adına bir musiqi məktəbi yaradılsın. Bu dədənin adının əbədiləşdirilməsi yolunda ən gözəl addım ola bilər. O məktəb yaşadıqca dədə də yaşayacaq. Necə ki, bu gün Bülbül adına, Asəf Zeynallı adına musiqi məktəbləri var.. Uşaqlardan soruşanda ki, hansı məktəbi bitirmisiz? Desinlər ki, “Süleyman Abdullayev adına musiqi məktəbini bitirmişik”. Atam əziyyət çəkib, zəhmət çəkib, illəri gedib. Bu musiqi məktəbi olsa çox yaxşı olar. Mənim bircə xahişim budur. İstəyim bircə budur ki, atamın adı yaşasın. Atam arzuları bizimlə bağlı idi. Son nəfəsində də deyirdi ki, “mən yaxşı yaşamışam, övladlarıma da yaxşı baxmışam”. Hər zaman belə nəsihətlər verirdi.. Əlbəttə ki, səhvsiz insan yoxdur. Dədə dünyasını dəyişəndən sonra bir az incikliklər və küskünlüklər oldu. Şükür ki, artıq hər şey düzəlib və dədənin ruhu da rahatdır. Bu mehribanlığı da qardaşlarım arasında mən yaratmışam. Rəhmətə getməzdən əvvəl də bizə demişdi ki, “çalışın mehriban olun”. Mehribanlıq olan yerdə hər şey yoluna düşəcək. Çox şükür ki, ailə olaraq mehribanlıq içərisində yaşayırıq və atamızın ruhunu dərin ehtiramla yad edirik” deyə sənətkarın qızı bildirib.