Bolqarıstan futbolunun əfsanəsi, "Barselona"nın sabiq hücumçusu Hristo Stoiçkov Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının gənc futbolçular üçün əhəmiyyətini vurğulayıb.
Moderator.az xəbər verir ki, 1994-cü ildə "Qızıl top" mükafatını qazanan sabiq futbolçu bu barədə FIFA-ya müsahibəsində danışıb.
Stoiçkovun sözlərinə görə, belə turnirlər gənc oyunçuların inkişafında mühüm rol oynayır və onlara gələcək karyeraları ilə bağlı daha aydın təsəvvür formalaşdırmağa kömək edir:
"Məncə, FIFA U-15 dünya çempionatı son dərəcə vacibdir. Belə turnirləri həmişə dəstəkləyirəm. Çünki gənc futbolçular məhz bu yarışlarda inkişaf etməyə və onları hansı gələcəyin gözlədiyini anlamağa başlayırlar".
Bolqarıstan millisinin turnirdə iştirakına da toxunan Stoiçkov ölkəsinin futbolçularının Avropanın aparıcı klublarında daha çox təmsil olunmasına ehtiyac olduğunu söyləyib. O, yarışın gənc oyunçuların inkişafı üçün yaxşı fürsət yaratdığını qeyd edib.
Əfsanəvi futbolçu Bolqarıstanın Şotlandiya ilə qarşılaşması barədə də fikirlərini bölüşüb. O bu iki komandanın 1970-ci illərdən etibarən dəfələrlə üz-üzə gəldiyini xatırladaraq Şotlandiyanı güclü rəqib adlandırıb və Bolqarıstanın qalib gələcəyinə ümid etdiyini bildirib.
Stoiçkov Azərbaycanda keçirilən turnirin FIFA-nın gənclər futbolunun inkişafına verdiyi önəmi nümayiş etdirəcəyinə inandığını vurğulayıb.
Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 24-dən 30-dək Bakıda keçiriləcək. Yarışda 189 milli assosiasiyanın komandası iştirak edir. FIFA-nın məlumatına görə, onlardan 78-i dünya çempionatlarında ilk dəfə təmsil olunur. Qarşılaşmalar 8x8 formatında, hər biri 20 dəqiqəlik iki hissədən ibarətdir. Oyunların əksəriyyəti Hövsan Yarış Kompleksində, açılış oyunu və final mərhələsinin görüşləri isə "Baku Crystal Hall"da təşkil olunur.