Moldova Xarici İşlər Nazirliyi Rumıniya sahillərində göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu ticarət gəmisinə Rusiyanın endirdiyi zərbəni pisləyib.
Moderator.az xəbər verir ki, bu barədə Moldovanın xarici siyasət idarəsinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Biz Rumıniyanın Qara dəniz sahillərində mülki gəmiyə edilən hücumu qətiyyətlə pisləyirik. Hücum nəticəsində həlak olan dənizçinin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Ümid edirik ki, itkin düşən üç heyət üzvü sağ-salamat tapılacaq", - bəyanatda qeyd olunub.
Qurumdan həmçinin Rumıniya, Ukrayna və Azərbaycanla həmrəy olduğunu bildirilib və Rumıniyanın axtarış-xilasetmə xidmətlərinin səylərini qeyd edilib.
"Qara dənizdə Rusiya tərəfindən davam edən eskalasiya dinc sakinlərin həyatını təhlükəyə atır, gəmiçilik azadlığına təhdid yaradır və regional təhlükəsizliyi sarsıdır. Mülki gəmilərə hücumlar dayandırılmalıdır. Beynəlxalq hüquqa riayət edilməlidir", - qurumdan bildirilib.