Nazirlər Kabineti "Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası"nı təsdqilıəyib.
Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qayda "Texniki tənzimləmə haqqında" qanunun 13.11-ci maddəsinə uyğun olaraq texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması qaydalarını müəyyən edir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə birbaşa tanınma nəzərdə tutulduğu hallar istisna olmaqla, xarici mənşəli uyğunluq sənədləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq onların həqiqiliyi və müqavilə şərtlərinə uyğunluğu müəyyən edilməklə tanınır. Beynəlxalq müqavilədə nəzərdə tutulmuş birbaşa tanınma hallarında təsərrüfat subyekti tərəfindən xarici mənşəli uyğunluq sənədi uyğunluğu qiymətləndirən qurumlara deyil, bilavasitə gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanına təqdim edilir.
Xarici mənşəli uyğunluq sənədləri bu Qayda ilə müəyyən edilmiş qaydada tanınmadıqda və ya bu cür sənədlər olmadıqda, təsərrüfat subyekti həmin malların idxalından əvvəl onların müvafiq milli texniki reqlamentə uyğunluğunun qiymətləndirilməsini təmin etməlidir.
Qayda Azərbaycan Respublikasına idxal edilən barəsində milli texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul olunmuş mallara şamil edilir.
Tanınma uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir.
Tanınmış xarici mənşəli uyğunluq sənədləri həmin sənədlərdə qeyd olunan mal vahidinə, mal partiyasına və ya seriyalı istehsala şamil edilir.