Türkiyənin xarici işlər naziri Hakan Fidan, İstanbulda keçirilən regional "R4" və "R4+E3" nazirlər toplantısından sonra təşkil edilən mətbuat konfransında mühüm bəyanatlarla çıxış edib. O, beynəlxalq birliyin İrana yönəlik hərbi ssenarilərə qarşı olduğunu açıqlayıb.
"Hərbi müdaxilə həll yolu deyil"
Nazir Fidan, masa arxasındakı bütün ölkələrin regional müharibənin daha da genişlənməsinin əleyhinə olduğunu vurğulayıb: "Xüsusilə İrana qarşı yenidən törədiləcək mümkün bir hücumun regiondakı müharibə və qarşıdurma alovunu daha da yayacağı mövzusunda həmrəyik. Bunun əvəzinə dialoq və diplomatiyanın seçilməsinin ən doğru yol olduğu barədə demək olar ki, fikir birliyi əldə etdik".
Fidan bəyanatının davamında qəti mövqe ortaya qoyub: "Hürmüz boğazının bir an əvvəl tam açılması və bazarlara olan mənfi təsirinin aradan qaldırılması şərtdir. Lakin qeyd etdiyim kimi, İrana ediləcək hərbi müdaxilə heç bir şəkildə həll yolu deyil. Hazırda bunu heç kim dəstəkləmir (təsdiqləmir). Əksinə, diplomatiyanın ən yaxşı vasitə olduğu barədə Türkiyənin irəli sürdüyü rəyi digər dövlətlər də bölüşür və müdafiə edir".
İstanbul sammitində konsensus
İstanbuldakı diplomatik görüşlərdə Türkiyə, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya xarici işlər nazirləri iştirak edib. Nazir qeyd edib ki, bu qədər fərqli və nüfuzlu dövlətlərin eyni masa ətrafında İrana hərbi müdaxilənin əleyhinə vahid mesaj verməsi qlobal təhlükəsizlik üçün prinsipial əhəmiyyət kəsb edir.
Rusiya-Ukrayna müharibəsi və taxıl böhranı
Toplantıda həmçinin Rusiya-Ukrayna müharibəsi də müzakirə olunub. Hakan Fidan iştirakçıların Ukraynada tezliklə atəşkəsin əldə olunması və sülh sazişinin imzalanmasını canıgönüldən istədiklərini bildirib. Türkiyə XİN rəhbəri əlavə edib ki, əgər müharibə tam dayanmırsa, beynəlxalq bazarların zərər çəkməməsi üçün enerji və taxıl daşımalarına xüsusi istisnalar gətirilməlidir və rəsmi Ankara hazırda Ukrayna və Rusiyadakı taxılın dünya bazarlarına çıxarılması istiqamətində tərəflərlə aktiv müzakirələr aparır.
S.Laçın