ABŞ-nin "Nvidia" şirkətinin baş direktoru Censen Huanq Qazaxıstanı fiziki süni intellektin ("Physical AI") qlobal mərkəzinə çevirməyi təklif edib.


Moderator.az Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Huanq bu təşəbbüslə oktyabrın 23-də Astanada dövlət başçısı Kasım-Jomart Tokayevlə görüşündə çıxış edib.






Huanq Tokayevin Qazaxıstanı süni intellektin inkişafına və geniş tətbiqinə yönəlmiş dövlətə çevirmək kimi strateji məqsədini yüksək qiymətləndirib.


"Nvidia" rəhbəri vurğulayıb ki, bu sahədə uğur qazanmaq üçün elm, riyaziyyat və texnologiyalar sahəsində dərin biliklərə malik mütəxəssislər lazımdır. O həmçinin son bir ildə Qazaxıstan şirkətləri ilə əməkdaşlıqda əldə olunmuş tərəqqini qeyd edib.


"Biz Qazaxıstan şirkətləri, o cümlədən "Firebird AI KZ Ltd" və "Qazaxtelekom"la tərəfdaşlıq münasibətlərini inkişaf etdiririk, həmçinin qlobal texnoloji ekosistemin nəzərəçarpacaq iştirakçısına çevrilmiş ilk Qazaxıstan texnoloji "təkbuynuzlu"su olan "Higgsfield"i dəstəkləyirik. Mən birlikdə gördüyümüz işdən çox təsirlənmişəm və qürur duyuram", - Huanq bildirib.


Öz növbəsində, Tokayev "Nvidia" rəhbərinə Qazaxıstanda süni intellekt ekosisteminin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib.


Prezident ABŞ şirkətinin rəhbərinin səfərinin ikitərəfli tərəfdaşlığın gələcək inkişafına əhəmiyyətli təkan verəcəyinə əminliyini ifadə edib.