İtaliyanın "Generali" sığorta qrupu Almaniyadakı biznesinin irimiqyaslı restrukturizasiyasını planlaşdırır və bu çərçivədə yaxın dörd il ərzində təxminən 800 iş yeri və ya ştatın 9%-i ixtisar ediləcək.
Moderator.az-ın "Bild" qəzetinə istinadən məlumatına görə, yenidənqurma şirkətin Ahen, Nürnberq və Ştutqartdakı filiallarının bağlanmasını nəzərdə tutur.
Həmin filialların əməkdaşları digər regional bölmələrə keçiriləcəklər.
Gələcəkdə "Generali" öz fəaliyyətini Almaniyanın beş şəhərində - Münxen, Köln, Karlsrue, Hamburq və Saarbrükkendə cəmləşdirmək niyyətindədir.
Hazırda konsernin Almaniya bölməsində təxminən 9,1 min nəfər çalışır.
"Generali"dən izah ediib ki, iş yerlərinin ixtisarı əmək məhsuldarlığını artırmalı olan rəqəmsallaşdırmaya, yeni texnologiyalara və süni intellektin tətbiqinə qoyulan irimiqyaslı investisiyalarla əlaqədardır. "Bild"in məlumatına görə, şirkət bu məqsədlərə yüz milyonlarla avro yönəldəcək.
Bundan əlavə, köməkçi funksiyaların bir hissəsinin kənar podratçılara verilməsi planlaşdırılır.
Almaniya bölməsinin restrukturizasiyası biznes proseslərinin sadələşdirilməsinə, avtomatlaşdırmanın sürətləndirilməsinə və sığortanın ən gəlirli istiqamətlərinin inkişaf etdirilməsinə yönəlmiş "Generali"nin qlobal strategiyasının bir hissəsidir.
"Generali"nin Almaniyadakı rəhbəri Stefan Lemanın sözlərinə görə, planlaşdırılmış dəyişikliklər şirkətin gələcək gəlirli inkişafı, eləcə də müştərilərə və tərəfdaşlara xidmət keyfiyyətinin yüksəldilməsi üçün şərait yaradacaq.