Bakıda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin iştirakı ilə baş verən və ölümlə nəticələnmiş dəhşətli davaya dair yeni məlumatlar və hadisə iştirakçılarının yeni, ilginc fotolarını əldə etmişik.
Moderator.az oxu.az-a istinadla xəbər verir ki, qətlə yetirilən Ceyhun Mirağayevlə hadisənin iştirakçısı olduğu bildirilən və daha 9 nəfərlə birlikdə saxlanılan Əhməd Əlizadənin münasibətlərinin normal olduğu dövrdə birlikdə çəkdirdikləri fotolar və onların əlaqələrinə dair maraqlı məlumatlar əldə edilib.
Fotoda Ceyhun və Əhməd
Bildirilir ki, öldürülən Ceyhunla deputat Arzuxan Əlizadənin oğlu Əhməd əvvəllər yaxın münasibətlərdə və "qara biznes"də şərik olublar:
"Ceyhun və Əhməd xeyli müddət bir çevrədə olublar. "Ceyhun Sabunçu" kriminala meyilli şəxs kimi tanınır. Onun kumiri məşhur "lotu" Cavanşir imiş, qəbrinin qarşısında şəkli də var. (Redaksiyamıza həmin foto da daxil olub - red.) Sonralar, təxminən ilyarım öncə Ceyhunun Əhmədlə və digərləri ilə araları pozulub, pul söhbətində narazılıqları yaranıb. Bakının Xətai rayonundakı restoranda baş verən məlum davada iştirak edənlərin demək olar hamısı öncələr bir çevrə olublar, mütəşəkkil dəstə kimi. Sonra maraqlar savaşında qruplaşmalara bölünüblər. Narazılığı da Əhmədin çevrəyə, qruplaşmaya başçılıq etmək, biznesə, gəlirlərə, daxil olan pullara nəzarəti həyata keçirmək iddiası yaradıb. Sonuncu mübahisəni də bu məsələləri aydınlaşdırmaq, son qərar vermək üçün Əhməd təşkil edibmiş. Bir çevrə olarkən qurduqları bizneslər, obyektlər əksərən davada da iştirak edən Kamran və Həsən adlı şəxslərin və onların yaxınlarının adına rəsmiləşdirilmişdi. Elə bu gəlir mənbələrinin bölgüsü əsas mübahisə predmeti olub. Ceyhun Əhmədi yola gətirməyə çalışıb, amma onun iddiaları çox böyük olub. Yaxın ətrafının köməyi ilə o, bir neçə dəfə böyük qalmaqallardan, davalardan "qalib" çıxa da bilmişdi.
Sonuncu söhbət isə çox ağır olub, tərəflər üçün "ölüm-qalım" məsələsinə çevrilib. Ceyhun və digərləri Əhmədin qurduğu planla, etdiyi təkliflərlə razılaşmayıblar. Bu zaman ortalıq qarışıb və qruplaşmalar şəklində kütləvi dava ediblər. Nəticədə isə Ceyhun öldürülüb, restorandakı məlum dəhşətli davanı əks etdirən videodan da göründüyü kimi, onu bıçaqlayıb qan içərisində qoyaraq hamısı qaçıb gediblər".