"Millətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Bağçalının Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ilk gündən nümayiş etdirdiyi mövqeyi və verdiyi bəyanatları yüksək qiymətləndiririk. Onun açıqlamaları hər iki dövlətin ümumi maraqlarına xidmət edir".


Bu barədə Moderator.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHDP) baş katibi, politoloq Niyaməddin Orduxanlı bildirib.






Onun sözlərinə görə, Dövlət Bağçalının Azərbaycan səfirini qəbul etməsi və bunu ictimaiyyətə açıqlaması iki ölkə arasındakı münasibətləri pozmağa çalışan qüvvələrə də mesajdır.


N.Orduxanlı qeyd edib ki, MHP ilə Ağ partiya yaxın müttəfiqdir və son illərdə ortaq razılaşmalar əsasında birgə addımlar atırlar.


Politoloqun fikrincə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da yaxşı bilir ki, dünyada Azərbaycan qədər Türkiyəyə yaxın, qardaş və dost olan ikinci bir dövlət yoxdur. O, iki gün əvvəl Ərdoğanın Prezident İlham Əliyevə zəng edərək onu Türkiyədə keçiriləcək tədbirə dəvət etməsini də iki ölkə arasındakı münasibətləri pozmaq istəyən qüvvələrə cavab kimi qiymətləndirib.


"Azərbaycan da Türkiyəni özünə qardaş və dost dövlət hesab edir, xalqlarımız arasında əsrlər boyu formalaşmış qardaşlıq və dostluq münasibətləri mövcuddur.


“Bu gün Türkiyənin dostuna, qardaşına ehtiyacı olduğu vaxtdır. Heç kim Azərbaycanla Türkiyənin arasını vura bilməyəcək. İki ölkənin münasibətlərinin pozulmasını arzulayanların niyyətləri ürəyində qalacaq”, – deyə politoloq bildirib.